Lyayen: “Aİ ilə əməkdaşlıq üçün ölkələr növbəyə dayanırlar”

      Lyayen:    “Aİ ilə əməkdaşlıq üçün ölkələr növbəyə dayanırlar”
  22 Aprel 2025    Oxunub:294
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen, ABŞ prezidenti Donald Trampın ticarət tariflərinin tətbiqindən sonra ölkələrin Avropada etibarlı tərəfdaşlarla işləmək istədiklərini iddia edib.
AzVision.az xəbər verir ki, “Politico” nəşrinə müsahibəsində AK sədri getdikcə gözlənilməz olan qlobal vəziyyətdə “ölkələrin Avropa ilə işləmək üçün növbəyə düzüldüyünü” deyib. Onun sözlərinə görə, soyuq müharibənin bitməsindən sonra dünya nizamı heç vaxt olmadığı qədər dərindən dəyişib.

Nəşr son həftələrdə Ursula fon der Lyayenin “etibarlı tərəfdaşlar” axtaran İslandiya, Yeni Zelandiya, Malayziya, Filippin, Kanada, Hindistan və BƏƏ liderləri ilə danışıqlar apardığına diqqət çəkib.

Xatırladaq ki, aprelin 2-də Trampın tətbiq etdiyi qarşılıqlı tariflər Aİ üçün 20%-lin, digər əksər ölkələr üçün isə 10%-lik rusumlar nəzərdə tutur. Bir həftə sonra daha yüksək tariflər 90 gün müddətinə dayandırılsa da, Aİ-yə 10%, polad, alüminium və avtomobil ixracına isə əlavə 25% rüsumlar qoyuldu.

Bununla belə, AK sədri, əksinə, Avropada sabitliyin olduğunu iddia edib. Onun sözlərinə görə, Aİ-yə inam, xüsusən də birliyin vətəndaşları arasında artır. “Eurobarometer” sorğusuna istinad edən xanım Lyayen avropalıların 74%-nin Aİ üzvlüyünü dəstəklədiyini və bunun son 40 ilin ən yüksək göstəricisi olduğunu bildirib.

“Bu, çox şey deyir. Xaosun qızışdığı bir vaxtda Avropa dayanıqlı olaraq qalır, dəyərlərə söykənir və gələcəyi formalaşdırmağa hazırdır”, - AK sədri bvurğulayıb.

Aİ Vaşinqtona cavab verməyə hazırdır
Bu arada Ağ Evin iqtisadi müşaviri Kevin Qasset Aİ ilə tarif danışıqlarında “əhəmiyyətli irəliləyiş açıqlayıb. Bununla belə, KİV-lərin məlumatına görə, son danışıqlardan sonra Avropa tərəfi Amerika rüsumlarının ləğvinin vaxtı ilə bağlı aydınlıq əldə etməyib.

Qeyd edək ki, aprelin 17-də Tramp Aİ ilə ticarət sazişinin əldə olunması ilə bağlı nikbin olduğunu açıqlayıb. İtaliyanın baş naziri Corca Melonin Vaşinqtonda ziyarət etdiyi ABŞ prezidentinin bundan əvvəl Ursula fon der Lyayen ilə telefon danışığı da olub.

Amma son hadisələr fonunda AK sədri Ursula fon der Lyayenin “Aİ ilə əməkdaşlıq üçün ölkələrin növbəyə düzüldüyü” barədə bəyanatı ya arzuolunanı həqiqət kimi qələmə vermək, ya ucuz reklam cəhdi, ya da ki, onun həqiqi vəziyyətdən xəbərdar olmadığı təəssüratı yaradır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     əməkdaşlıq   növbə  





Xəbər lenti