Ermənistanı məhkəməyə verən azərbaycanlı – EKSKLÜZİV MÜSAHİBƏ

Ermənistanı məhkəməyə verən azərbaycanlı –  EKSKLÜZİV MÜSAHİBƏ
  16 Yanvar 2014    Oxunub:5725
Gələn həftə Avropa İnsan Haqları Məhkəməsində “Elxan Çıraqov və digərləriin Ermənistana qarşı” adlı iddiaya baxılacaq. İddianı altı nəfər irəli sürüb. Onlardan ikisi – Fəxrəddin Paşayev və Akif Həsənov dinləmələrdə iştirak etmək üçün bazar günü Strasburqa yola düşürlər.

Strasburqa getməzdən qabaq Fəxrəddin Paşayev AzVision.az-a müsahibəsində Ermənistana qarşı iddianın tarixi və məhkəmədən gözləntilərilə bağlı fikirlərini bölüşüb.

- Necə oldu ki, Ermənistanı məhkəməyə vermək qərarına gəldiniz?
- Avropada, Londonda ofisi olan türk əsilli Kərim Yıldız adlı bir vəkil 2004-cü ildə Bakıya gəlmişdi. O, bizə təklif etdi ki, hüquqlarımızı Ermənistana qarşı məhkəmədə müdafiə edək. Əvvəl buna ciddi yanaşmadıq. Sonra 2005-ci ildə o, yenidən Bakıya səfər elədi və təklifi təkrarladı. O vaxt mən Avropa İnsan Haqları məhkəməsinə ərizə yazdım. Mənimlə birlikdə daha 5 nəfər - yəni ümumilikdə 6 nəfər Laçın vətəndaşı vəkilimiz Kərim Yıldızın vasitəsilə Ermənistan hökumətinə qarşı Avropa İnsan Haqları məhkəməsində məsələ qaldırdıq.

Dəqiqliklə deyə bilmərəm, 2-3 il sonra bizə xəbər verildi ki, ərizələrimiz icraata götürülüb. Bir neçə dəfə Avropa İnsan Haqları məhkəməsinin müxtəlif palatalarında bu işə baxılıb. Nəhayət, 2010-cu il sentyabrın 15-də Avropa İnsan Haqqları məhkəməsinin böyük palatasında məsələyə baxıldı.

Prosedur beldir ki, 6 ay ərzində məhkəmə cavab verməlidir. Ancaq nədənsə bir az gecikdi. Yəqin bunun da müəyyən səbəbləri var. 2012-ci il yanvarın 9-da məhkəmə ilkin qərar çıxardı. Qərarda göstərildi ki, 3 maddə üzrə bizim, o cümlədən, Azərbaycandan olan digər məcburi köçkünlərin hüquqlarımız pozulur. Səhv etmirəmsə, maddələr belə idi: etnik və dini zorakılığa məruz qalma, əmlakın dağıdılması, yaşadıqları ərazinin zəbt olunub, talan edilməsi.

Qərarda deyilirdi ki, bu 3 maddə üzrə iddiaçıların - yəni, bizim iddialarımız qəbul edilən hesab edilsin, Ermənistan hökumətinin etirazı rədd edilsin, Azərbaycan hökuməti bitərəfdir. Vurğulamaq lazımdır ki, sənədlərin hazırlanması və təqdim olunmasında Azərbaycan hökuməti və dövləti tərəfindən həmişə dəstək görmüşük. Təbiidir ki, dövlətimiz öz vətəndaşlarının hüquqlarının qorunması sahəsində əlindən gələni və hətta mən deyərdim ki, gəlməyəni də edir.

- Bir neçə gün sonra olacaq məhkəmə prosesinə kifayət qədər hazırsınızmı?

- Mənə elə gəlir ki, kifayət qədər hazırlıq var. Əgər kifayət qədər hazırlıq olmasaydı, Avropa İnsan Haqları məhkəməsində ərizələrin icraata götürülməsi, işin bu səviyyəyə gəlib çatması mümkün olmazdı. Vəkillərimizlə çox gərgin işləmişik olub. Azərbaycan hökuməti də öz tərəfindən verilən sualları cavablandırmaq, sənədləri hazırlamaq proseslərini normal həyata keçirib. 2014-cü il yanvarın 22-də Avropa İnsan Haqları Məhkəməsinin böyük palatasında Strazburq şəhərində ərizəmizə baxılacaq. İnşallah haqq-ədalət qələbə qazanar. Qələbə də bu deməkdir ki, Ermənistanın günahkar olması, Ermənistan hökumətinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Dağlıq Qarabağdan kənar bölgələri işğal edib talan etməsi sübuta yetiriləcək.

- Ermənistan hökumətindən nə tələb edirsiz?

- Ermənistan hökumətindən bizim tələbimiz ilkin ərizələrdə göstərdiyimiz kimi, vurulmuş maddi-mənəvi ziyanın ödənilməsi, hüquqlarımızın bərpa olunmasıdır. Hüquqlarımızın bərpa olunması da bu deməkdir ki, biz dünyaya gəlib, boya-başa çatdığımız ərazilərin, zəbt olunmuş torpaqların Ermənistan tərəfindən azad edilib, vətəndaşlarımıza qayıtmağını istəyirik.

- Məhkəmə iddiasında maddi ziyanla bağlı tələblər də var. Maddi itkiləriniz nələrdir, yəni Laçında nələri itirmisiz və qarşılığında nə tələb edirsiniz?

- Aydındır ki, hər bir insanın müəyyən yaş dövrünə qədər əldə etdiyi maddi sərvət var ki, bura ev, evin əşyaları, özünün istifadəsində olan torpaq sahələri, müəyyən yardımçı təsərrüfatlar, iş yerləri və s. daxildir. Mənə elə gəlir ki, bunların hamısı 22 ildə bizə dəymiş ziyan hesablanmaqla ödənilməlidir. Məsələn, əgər bir adamın 3-5 hektar torpaq sahəsi olubsa, oradan ildə nə qədər məhsul götürüb, nə qədər qazanc əldə edə bilərdi? Yaxud da, həmin adamın mal-qara təsərrüfatı və ya kiçik-böyük istehsalat sahələri var idisə, iş yerini itirbisə, bunlardan qazancı nə qədrə ola bilərdi - bunlar hesablanmalıdır. Amma insanın yaşamı təkcə maddiyyatdan ibarət deyil axı. Orada bizim qəbirstanlığımız, müqəddəs yerlərimiz, ata-babamızın qəbri qalıb, uşaqlığımızı itirmişik, gəncliyimizi qoymuşuq. Mənəvi ziyanı maddi cəhətdən ölçmək heç cür mümkün deyil. Amma bu sarsıntıların əvəzi hökmən ödənilməlidir.

- Məhkəmə ilə bağlı gözləntiləriniz nədir? Qalib gələcəyinizə inanırsızmı?
- 2012-ci il yanvarın 9-da ilkin qərar çıxıb. Bizim iddialarımız qəbul edilən hesab olunur. Əgər bu iddialar, tələblər qəbul ediləndirsə, təbii ki, onların təmin olunması sahəsində işlər görülməlidir. Bu, faktdır ki, Ermənistan hökuməti Azərbaycan ərazilərini, o cümlədən, bizim yaşadığımız kəndləri, Laçın şəhərini işğal edib. Orada olan bütün maddi nə varsa, dağıdıb. O yerlərə düşməncəsinə divan tutulub.
Məhkəmədə, səhv etmirəmsə, 24 dövlət təmsil olunur, o cümlədən, Azərbaycan və Ermənistan. Hər ölkədən bir hakim var. Məsələ araşdırılır və səsvermə yolu ilə qərar verilir. Mənə elə gəlir ki, bizim bu işi udmaq şansımız yüksəkdir, bəlkə də 100%-dir. Əgər bu gün Avropada hüquq, ədalət işləyirsə, qələbə də bizim olmalıdır.

- Avropa İnsan Haqları Məhkəməsində bir erməninin də Azərabycana qarşı iddiası var. Siz bunu necə qiymətləndirirsiz?

- Mənə elə gəlir ki, bu, siyasi məsələdir. Hazırlanmış işdir. Ona görə ki, bizim məhkəməyə müraciətimizdən az sonra Sarqsyan da Azərbaycana qarşı iddia qaldırdı. Onun iddiası, mənə elə gəlir ki, iflasa uğrayacaq. Onun yaşadığı Gülüstan kəndi Ermənistan-Azərbaycan cəbhə xəttinə düşür. Bu gün Azərbaycanın nəzarətində deyil. Azərbaycan tərəfindən zəbt olunmayan, nəzarətində olmayan mülk üçün Azərbaycan hökuməti heç bir cavabdehlik daşımır və daşıya da bilməz.



AzVision.az


Teqlər:  





Xəbər lenti