NATO Rusiya ilə müharibə məşqi keçirir

   NATO Rusiya ilə müharibə məşqi keçirir
  10 Aprel 2025    Oxunub:656
NATO-nun Hərbi Hava qüvvələri (HHQ) “Ramstein Flag” təlimi çərçivəsində Rusiyanın alyans ölkələrinə hücum ehtimalı ilə bağlı ssenarini məşq edir.
AzVision.az Almaniyanın “DPA” agentliyinə istinadən xəbər verir ki, manevrlərə 90 təyyarə, həmçinin pilotsuz uçuş aparatları (PUA) və helikopterlər cəlb olunub. Təlimlər martın 31-də başlayıb və birinci mərhələdə NATO qüvvələri artıq hava hücumlarının dəf edilməsi və düşmənin hava hücumundan müdafiə (HHM) sistemlərinin zərərsizləşdirilməsi üzrə təcrübə keçib.

İndi Hollandiya sahillərindəki NATO qüvvələri “işğalçı düşmənə qarşı müdafiə zamanı fövqəladə hallarda quru qoşunlarına dəstək vermək bacarığını” tətbiq edəcək. Agentliyin məlumatına görə, bu, Rusiyanın hücumu ssenarisidir və manevrlərin Moskvaya bir siqnal olduğu bildirilir.

“Biz düşünürük ki, bu cür təlimlər potensial düşmənə çəkindirici təsir göstərəcək”, - NATO HHQ-nin komandanı, ABŞ generalı Ceyms Heker agentliyə açıqlamasında deyib.

Bundan əvvəl Almaniya Bundesverinin Rusiyanın mümkün hücumuna hazırlaşmaq üçün sentyabrda irimiqyaslı təlimlər keçirəcəyi barədə məlumat verilmişdi. Həmin təlimlərdə digər NATO ölkələrinin hərbçiləri də iştirak edəcək və bu ssenarinin hazırlanmasına qatılacaq şəxsi heyətin ümumi sayı 800 min nəfərə çata bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: NATO   Rusiya   "müharibə"  





Xəbər lenti