Sərdar Cəlaloğlu: “Hamılıqla Ali Baş Komandanın ətrafında birləşməliyik” - MÜSAHİBƏ

 Sərdar Cəlaloğlu:  “Hamılıqla Ali Baş Komandanın ətrafında birləşməliyik” -  MÜSAHİBƏ
  21 Sentyabr 2020    Oxunub:31427
“Regionda müharibəyə ciddi şəkildə hazırlıq gedir”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azvision.az -ın suallarını cavablandırıb. Müsahibəni oxuculara təqdim edirik:

- Pandemiya siyasi partiyaların fəaliyyətinə hansısa formada təsir etdimi?

-Təbii ki, pandemiya şəraitinin bütün dünyada siyasi partiyaların bir yerə toplaşması, xalqla ünsiyyəti və s. kimi məsələlər istiqamətində ciddi təsirlərini gördük. Amma informasiya fəaliyyətimizdə, təbliğat işlərində elə bir ciddi maneçilik törətmədi.

- Bəs partiyaların ölkənin ictimai-siyasi həyatındakı rolu sizi qane edir?

- Hələ ki, hər şey normaldır. Zənnimcə, Azərbaycanın tədricən Avroatlantika məkanına inteqrasiyası fonunda ölkəmizdə siyasi partiyaların güclənməsi onların cəmiyyətdə rolunun artması prosesləri güclənəcək. Hələ çox güman ki, yaxın gələcəkdə proporsional seçki sistemi bərpa olunacaq, o zaman partiyaların rolu gücləndiriləcək, konstitusiyada siyasi partiyalarla bağlı ayrıca bir maddənin salınması, müxalifət haqqında qanunun qəbul edilməsi və s. kimi halları da müşahidə edə bilərik. Çünki bunların hamısı bütünlükdə Azərbaycan siyasi təsərrüfatının qaydaya salınması üçün zəruri olan addımlardır.

- Bu il bir neçə siyasi partiya dövlət qeydiyyatına alındı ki, bunlardan biri də ReAl idi. ReAl-dakı həmkarlarınızı təbrik etdinizmi?

- Əslində partiyanın qeydiyyata alınması ilə bağlı gözaydınlığı verməyə ehtiyac yoxdur. Partiyanın yaranmasını təbrik edərlər. O partiya da yaranarkən elə bir mövqe tutmuşdu ki, açığı bizim onları təbrik etməyə həvəsimiz yox idi. ReAl özünü yeganə güc, xalqın xilaskarı kimi göstərmişdi. Məşədi İbadın sözü olmasın “Meymun dediyin bəs deyil, hələ bir salam da verirsən?” - bu konteksdə təbii ki, təbrik etməmişik. Onlar da bu illər ərzində bizim heç bir siyasi fəaliyyətimizi nə təqdir ediblər, nə də hansısa məsələdə təbrik...

- Bu siyasi mədəniyyət probleminin olması ilə bağlı deyilmi? Məsələn, Azərbaycan siyasi məkanında radikal baxışları ilə seçilən Mili Şura adlı qurum məlum qeydiyyat məsələsini ümumiyyətlə ağır ittihamlarla qarşıladı...

- Təbii ki, Azərbaycanda siyasi mədəniyyət problemi var. Bu problem tezliklə həll olunmalıdır. Sizin qeyd etdiyiniz məsələlər də əlbəttə ki, siyasi mədəniyyətlə bağlıdır. Yavaş-yavaş bu istiqamətdə müsbət proseslər gedəcək və siyasi mədəniyyət amili nizama düşəcək.

O ki, qaldı dediyiniz siyasi təşkilatla bağlı məqama, qeyd edim ki, hazırda Azərbaycanda iki supergüc mübarizə aparır. Amerika və Rusiya. Burada da xalqımızın maraqlarından çox, bu iki ölkənin maraqlarını müdafiə edən qüvvələr var. Onların arasındakı mübarizəyə uyğun olaraq müxalifətdə də mübarizə gedir, siyasi birliklər bir-birini didirlər. Amma bir daha deyirəm ki, burada söhbət Azərbaycanın maraqları naminə aparılan davadan getmir...

- Bu yaxınlarda bir neçə mühacir haqqında cinayət işi qaldırılaraq onlar beynəlxalq axtarışa verildi. Ümumiyyətlə, son illərdə mühacirlərin ağır təhqirlər, söyüşlə "siyasi mübarizə" aparması və müəmmalı mənbələrdən qaynaqlanan qrantlarla bu cür fəaliyyətin artması hansı təhlükələr doğurur?

- Bu kimi məsələlər təbii ki, ciddi təhlükələr vəd edir. Mən bunu əvvəllər də demişəm ki Mahatma Qandi həmişə “Söyüş və lənət bizi məqsədimizdən yayındırır” söyləyib. Görünür, son illərdə meydana çıxan, söyüş kampaniyası aparan qüvvələrin arxasında duran müəyyən maraqlı dairələr elə bilir ki, Azərbaycanı demokratiyadan, müstəqillikdən uzaqlaşdırmağın ən yaxşı yolu kimlərisə söydürmək, lənət yağdırmaq, təhqirlərlə mübarizə aparmağa şərait yaratmaqdır. Çünki Qandinin dediyi kimi, nə qədər ki, siz hakimiyyəti təhqir edəcəksinizsə, bir o qədər də məqsədinizdən yayınacaqsınız. Ona görə də mən o adamları Azərbaycan xalqının maraqlarına xidmət edən deyil, əksinə, cəmiyyətimizin maraqları əleyhinə xidmət edən qüvvələr kimi qəbul edirəm.

- Yeri gəlmişkən, bu yaxınlarda mətbuatda Qurban Məmmədovun saxlanılması ilə bağlı məlumatlar yayılsa da, sonradan təsdiqini tapmadı. Bu barədə nə deyə bilərsiniz?

- Bunların hamısı avantürist məlumatlardır. Ümumiyyətlə, düşünürəm ki, bu xəbəri maraqlı qüvvələr dövriyyəyə buraxdılar. Onun Ukrayna və digər ölkədə saxlanılması xəbəri yayılsaydı, bunu adi qəbul edərdik. Amma bu kimi məsələlərdə qardaş ölkənin adının hallanması düzgün deyil. Türkiyə bu dəqiqə Dağlıq Qarabağın azad edilməsi üçün sözün həqiqi mənasında qolunu çırmayaraq aktiv şəkildə müəyyən işlər görür. Belə həssas məqamda onu hansısa kiçik siyasi oyunlarda alətə çevirmək düzgün deyil. Bu qətiyyən doğru addım deyildi və təsdiqini tapmayan bu kimi məqsədli informasiyaların dövriyyəyə buraxılmasını qətiyyətlə pisləyirəm. Görünür, hansısa anormal şəxslər düşünməyiblər ki, bu yalan xəbər Azərbaycan-Türkiyə münasibətlərinə zərər gətirə bilər.

- Türkiyənin Qarabağ məsələsinə görə aktiv şəkildə meydana girməsini qeyd etdiniz. Son vaxtlar regionda müharibə ritorikasının artması sıradan bir haldır, yoxsa hər şey torpaqların güc yolu ilə azad olunmasına doğru gedir?

- Söhbət artıq müharibə ritorikasından getmir. Regionda müharibəyə ciddi şəkildə hazırlıq gedir. Həm Azərbaycan ordusu, həm Türkiyə, həm də ümumilikdə bölgənin digər ölkələri müharibəyə hazırlaşdıqlarını gizlətmirlər. Rusiya mətbuatına, erməni mediasına nəzər salıb analiz edəndə heç vaxt olmadığı qədər müharibəyə hazırlıqla bağlı xeyli sayda yazılar, siyasi mesajların şahidi olarıq. Məsələ artıq ritorikalıqdan keçib. Çox güman ki, müharibə bu il baş verəcək. Şəxsən mən yaxın gələcəkdə Dağlıq Qarabağın azad olunmasını real görürəm. İnşallah ki, bunu bacaracağıq və ordumuza, müttəfiqlərimizə də tam inanıram. Cəbhəboyu görülən bəzi hazırlıqlardan tutmuş, aktiv və adi hal alan çoxsaylı hərbi təlimlərə qədər hər şey münaqişənin ədalətli həlli kimi hərb yolu ilə baş tutacağından xəbər verir. Düşünməyin ki, yalnız biz müharibə hazırlıqları görürük. Erməni tərəfi də açıq şəkildə müharibəyə hazırlaşdığını göstərir. Heç şübhəsiz ki, bu, bizim son döyüşümüz olacaq. Artıq Qarabağ problemini silah gücü ilə həll etməliyik. İnanıram ki, ərazi bütövlüyümüzü bərpa edib dünyaya nəhayət ki, ədalətin zəfər çaldığını göstərəcəyik. Məsələni birdəfəlik həll etməsək, Qarabağı yenidən öz kefi ilə hərəkət edən Minsk Qrupunun öhdəsinə buraxıb növbəti on ili, otuz ili mənasız danışıqlardan asılı qalacağıq...

- Proqnozlaşdırdığınız müharibədə müxalifət milli maraqlardan çıxış edib iqtidarla həmrəylik göstərəcəkmi?

- Bu məsələdə heç bir iqtidar-müxalifət söhbəti olmayacaq. Əgər müharibə başladılacaqsa, hamılıqla Ali Baş Komandanın ətrafında birləşməliyik və bütün səylərimizi öz tarixi torpaqlarımızın azad edilməsinə yönəltməliyik. Kim bu məsələdə iqtidar-müxalifət maraqları söhbətini edəcəksə, həmin şəxs Vətənə xəyanət etmiş sayılacaq.

Tural Tağıyev
Azvision.az


Teqlər: Sərdar-Cəlaloğlu  





Xəbər lenti