Gənc yazarlardan Oqtay Əsədova dəstək - MÖVQE

Gənc yazarlardan Oqtay Əsədova dəstək - MÖVQE
  04 Fevral 2014    Oxunub:1344
Milli Məclis sədri Oqtay Əsədovun Quranın Azərbaycan dilində oxunması ilə bağlı təklifinə gənc yazarlar münasibət bildiriblər.

AzVision.az-a danışan yazarlar spikerin təklifini dəstəkləyərək Quranın doğma dilimizdə təbliğinə ehtiyac olduğunu diqqətə çatdırıblar:

Emin Piri: “Bu barədə özüm də neçə dəfə yazılar ortaya qoydum. Başa düşmədiyin dildə nələrisə öyrənmək maarifçiliyə yox, cəhalətə səbəb olur. Bu isə qorxulu tendensiyaya çevrilir. Xüsusən də, bəzi qrupları dövlətçilik əleyhinə və liberal dəyərlərə qarşı mübarizə apardığını görsək vəziyyət ortadadır. Buna görə də bu çağırışı tam dəstəkləyirəm. Təbii ki, bu kimsənin inancına və hansı dildə ibadətinə mane olmur. Amma təhlükəsiz cəmiyyət naminə bu addım labüddür.”

Elşad Ərşadoğlu: “Hesab edirəm ki, bu çox doğru və vacib bir təklifdir. İnsan nəyisə (hətta bu Quran olsa belə) başa düşmədiyi bir dildə oxumaqla və ya dinləməklə, kiminsə qənaətlərinə əsaslanıb heç vaxt onun əsl mahiyyətini dərk edə bilməz. Nəyisə bütün varlığınla, ruhunla hiss eləmək, yaşamaq üçün söhbətin nədən getdiyini başa düşmək lazımdır”.

Qan Turalı: “Mən sizin bu sualınıza "Ölülər"dən bir parça sitat gətirməklə cavab verə bilərəm. Şeyx Nəsrullah: Bәlkә sizin dә içinizdә belә münkirlәr var? Әgәr var, gәlsin mәnim bәrabәrimә. Mәn bu kitab ilә onun cavabını verim. Kimdir deyәn ki, ölülәr dәxi bu dünyaya qayıtmayacaqlar? Ş e y x Ә h m ә d (yavaşca Şeyx Nәsrullaha). Әrәbcә de, әrәbcә de. Ş e y x N ә s r u l l a h (çox ucadan). Fәiza әrәftә haza vә övzәhtü lәkә fil-qövli bir-ricәtil-lәti içtәmәәtiş-şiәtü әleyhima fi cәmiil-әqvam.”

İradə Aytel: “Mən bu məsələdə Əsədovu dəstəkləyirəm. "Qurani-Kərim" elmi, fəlsəfi-dini kitabdır. Və bu kitab maarifləndirmək, tərbiyələndirmək, mənəviyyatın təmizlənməsi, paklanması yönündə xidmət edirsə, niyə məhz ərəb dilində oxunmalıdır, anlamıram. Hər bir millət onu anladığı dildə - doğma dilində oxumalı, başa düşməlidir. Dini mərasimlər isə Quranın təbliğində böyük rol oynayır. Buna görə də Azərbaycan dilində səslənməsi təqdirəlayiq və vacibdir!”.

Sayman Aruz: “Oqtay Əsədovun bu çağırışını çox doğru və yerində hesab edirəm. Dirçəlişdə olan və günügündən milliləşməyə doğru hərəkət edən müstəqil insanların ən lazımlı işlərindən biri budur ki, özünə və özlüyünə aid olan dil və mədəniyyəti inkişaf elətdirsin. Din, dil ilə deyil, ürəklə başa düşülür. Quranda da deyilir ki, insanları müxtəlif dil və mədəniyyətlərlə yaratdım və hər xalq öz dili və mədəniyyəti ilə allahı ibadət eləməlidir. Bu dinin ən doğru bildiyi ibadət yolu və tərzidir. Eyni zamanda Quranın Azərbaycan türkcəsində oxunması səbəb olar ki, xalq da Quranı bilib, başa düşə bilsin. Beləliklə, yalançı din xadimlərinə də ehtiyac olmaz”.

Aqşin Evrən: “Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində deyilir ki, din dövlətdən ayrıdır. Bu qərarı qəbul etmək iki kitaba böyük haqzıslıq olar: 1. Konstitusiyaya, 2 Qurani Kərimə... Bu çağırışın vətənpərvərlikdənmi, yoxsa milli din yaratmaq istəyindənmi doğduğunu anlamadım, amma hər-halda məncə lüzumsuz bir şeydir. Kaş ki, dünya yazarlarını da Azərbaycan dilinə tərcümə etməyə bu qədər təşəbbüs göstəriləydi.”

Cavid Zeynallı: “Məsələdən xəbərim yoxdur, indi sizdən eşitdim. Bu təklifin hansı zərurətdən yarandığını bilmirəm, amma hər halda, məclislərdə Quranın həm də Azərbaycan dilində oxunmaq təşəbbüsünü müsbət təklif kimi dəyərləndirmək olar. Niyə də olmasın?!”.

Dilqəm Əhməd: “Bu məsələ ötən əsrin əvvəllərində Türkiyədə gündəmə gəldi, hətta 1932-50-ci illərdə Türkiyədə türkcə azan oxunuldu, xütbələr türkcələşdirilildi, buna qarşı çıxanlar cəzalandırıldı. Lakin 1950-ci ildə Demokrat partiyanın hakimiyyətə gəlməsindən sonra ərəbcə azan bərpa olundu. Yəni bu məsələ zorakı şəkildə və ya hansısa qanunla tətbiq ediləsi deyil. Bir var bizim istəklərimiz, biri də var dinin tələbləri. İslamda Quran, namazdakı sözlərin ərəbcə oxunması vacibdir. Amma təbii ki, yas mərasimlərində mollalar əsas ağırlığı Azərbaycan dilində söhbətlərə həsr etməlidir və ya ərəbcə Qurandan hansısa surəni oxuyursa, sonra onun qısa məzmununu insanlara çatdırmalıdır. Ayrıca yas mərasimi belədir ki, orada daha çox mərhumdan danışılmalı, onun əməlləri yad edilməlidir və insanlar toplaşdığına görə mollalar gündəmə uyğun hər kəsi maraqlandıran söhbətlər etməlidir, məsələn elə Suriyaya gedib vuruşmağın dində qadağan olunması ilə bağlı hər günyaslıarda söhbət edilsə xeyri dəyər.”

Emin


Teqlər:  





Xəbər lenti