Rəsmi Bakı Sarkisyanın cavabını verdi

Rəsmi Bakı Sarkisyanın cavabını verdi
  17 Fevral 2014    Oxunub:1797
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan prezidentinin 15 fevral tarixli çıxışına dair açıqlama verib.
AzVision.az-ın məlumatına görə, Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan xalqına qarşı ağır müharibə cinayətlərini və etnik təmizləmə əməllərini törətmiş, Xocalı soyqırımının hazırlanmasında və həyata keçirilməsində bilavasitə iştirak etmiş Ermənistan rəhbərliyinin sülh, mənəvi və əxlaqi dəyərlərdən danışması riyakarlığın ən ifrat nümunəsidir.

Ermənistan ərazisində yaşamış bütün xalqlara, xüsusilə köklü azərbaycanlılara və eləcə də işğal olunmuş ərazilərdə Azərbaycan əhalisinə qarşı qanlı təmizləmə törətmiş Ermənistan rəhbərliyinin Azərbaycana qarşı ittiham irəli sürməyə mənəvi haqqı belə yoxdur. Məgər Azərbaycan və erməni xalqlarının “etnik uyğunsuzluğu”ndan danışan Serj Sarkisyan və onun sələfi Robert Köçəryan deyildimi? Həmin Serj Sarkisyan deyilmi, öz ölkəsinin gəncləri qarşısında çıxış edərək, xülyalarda yaşayan “Böyük Ermənistan” yaratmaq üçün onları qonşu dövlətlərin ərazilərinə göz dikməyə və gələcəkdə daha böyük və qanlı müharibələrə təhrik edən? Bu irqçi və digər xalqlara və millətlərə nifrət siyasətinin nəticəsidir ki, Ermənistan mono-etnik dövlətə çevrilib.
“Azadlıq” və “patriotirzm”dən dəm vuran Ermənistan rəhbərliyinin öz xalqına rəftarının və münasibətinin dəfələrlə şahidi olmuşuq.

Ermənistanın ictimai xadimlərinin dediyi kimi erməni xalqına qarşı “ağ soyqırım” törədən Ermənistan rəhbərliyi yüz minlərlə Ermənistan vətəndaşının ölkədən didərgin düşməsinə və digər ölkələrdə rəzalət halında qanunsuz miqrant kimi yaşamaq həyata məhkum edilməsinə görə bilavasitə məsuliyyət daşıyır.
Populizm və yalan dolu şüarlarla çıxış edən, xalqın fikrini kəskin ölkədaxili problemlərdən yayındırmağa çalışan Serj Sarkisyanın anti-Azərbaycan və irqçi təfəkkürlü fikirlərinin əvəzinə əhalisinin 40 faizindən artığı yoxsulluğun ən aşağı həddində yaşayan Ermənistanın fəlakət astanasında olmasına aydınlıq gətirməyə çalışması daha faydalı olardı.

Ermənistandan fərqli olaraq, Azərbaycan xalqı əsrlərdən bəri formalaşmış və fəxarət mənbəyi olan öz çoxmədəniyyətlilik və tolerantlıq xüsusiyyətlərini qoruyub saxlamış və Azərbaycan bu gün dünyada tolerantlıq nümunəsi kimi qəbul olunur. Azərbaycanda bir çox millətlərin, o cümlədən ermənilərin yaşaması və müasir Azərbaycanın inkişafından tamhüquqlu vətəndaş olaraq, faydalanmaları Azərbaycan xalqının yüksək mənəvi xüsusiyyətlərindən xəbər verir.

Amma Serj Sarkisyan unutmamalıdır ki, Azərbaycan dövləti onun ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına və onun ərazilərinin ilhaq edilməsinə heç bir zaman icazə verməyəcək və gec-tez Azərbaycanın işğal olunmuş əraziləri azad olunacaq və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı təmin ediləcək.


Teqlər:





Xəbər lenti