Prezident Bakıda görülən işlərlə maraqlandı - FOTOLAR

Prezident Bakıda görülən işlərlə maraqlandı - FOTOLAR
  07 Mart 2014    Oxunub:1375
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də paytaxtda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişi ilə tanış olub.

AzVision.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə paytaxtın Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində yol ötürücüsünün tikintisi ilə tanış olub.

Nəqliyyat naziri Ziya Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Qeyd edək ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, Ziya Bünyadov prospektinin yenidən qurulması layihəsinə görə 10 kilometrə yaxın uzunluğu olan 10 cərgəli avtomobil yolu ən müasir tələblər səviyyəsində salınır. Layihəyə əsasən burada müxtəlif səviyyəli 5 yol qovşağı, 4 yerüstü və 2 yeraltı piyada keçidi də inşa olunur. Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində birinci yol qovşağı tuneldən və tunel üzərində nəqliyyat vasitələrinin dairəvi hərəkətini və geriyə dönmələrini təmin edən yollardan ibarətdir. Tunelin ümumi uzunluğu 780, qapalı hissəsinin uzunluğu isə 300 metrdir. Altızolaqlı yolun eni 27 metrə yaxındır. Tunel nəqliyyat vasitələrinin Ziya Bünyadov prospekti boyunca Böyükşor və 20 Yanvar dairələri istiqamətində maneəsiz, intensiv hərəkətini təmin edəcəkdir. Tunelin üstündə inşa olunmuş avtomobil yolları isə nəqliyyat vasitələrinin dairəvi, geriyə dönmə, Müzəffər Nərimanov küçəsi ilə Heydər Əliyev prospekti istiqamətinə və əksinə hərəkətini təmin edəcəkdir. Yenidən qurulmuş Müzəffər Nərimanov küçəsi üzrə dördzolaqlı yolun ümumi uzunluğu 1740, eni 19 metrdir.

Sonra Prezident İlham Əliyev Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində inşa olunan müxtəlif səviyyəli yol qovşağının yerləşdiyi əraziyə gəlib.

Daha sonra Prezident İlham Əliyev Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində-Xutor dairəsində inşa olunan müxtəlif səviyyəli yol qovşağında tikinti işlərinin gedişi ilə tanış olub.

Yol qovşağının texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verilib. Qovşaqda üç tunel, bir körpü, iki yeraltı piyada keçidinin inşa olunduğu qeyd edildi. Bildirildi ki, buradakı körpünün uzunluğu 630 metr olacaqdır. Layihəyə əsasən, qovşaqda yan və tunelüstü yollar inşa olunur. Bu qovşağın istifadəyə verilməsi ilə Ziya Bünyadov prospektindən hərəkət edən avtomobillər 20 Yanvar dairəsi və Qələbə meydanı istiqamətinə maneəsiz hərəkət edə biləcəklər. Bundan başqa, qovşaq 20 Yanvar dairəsi və Qələbə meydanından gələn nəqliyyat vasitələrinin əks istiqamətə - Ziya Bünyadov prospektinə çıxışını təmin edəcəkdir. Qovşaqdakı körpüdən isə avtomobillər Əbdülvahab Salamzadə küçəsindən Rəşid Məmmədov küçəsinə və əks istiqamətə rahat hərəkət edə biləcəklər. İnşası davam etdirilən yol qovşaqlarının və yol ötürücülərinin hamısında bütün kommunikasiya sistemləri, o cümlədən su, istilik, qaz, rabitə və yağıntı sularını axıdan xətlər dəyişdirilmiş, yeni drenaj sistemi yaradılmışdır. Yeni nəhəng yol qurğusunun istifadəyə verilməsi nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində paytaxtda aparılan mühüm işlərin davamlı xarakter aldığını bir daha təsdiqləyir. Belə layihələrin uğurlu icra olunması bir daha sübut edir ki, ölkədə aparılan sosialyönümlü tədbirlərdə başlıca məqsəd əhalinin rahatlığını təmin etməkdir.

İnşaat işlərinin gedişi ilə yaxından tanış olan dövlətimizin başçısı müvafiq göstərişlərini verib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti