Şəhidin övladına son hədiyyəsi: "Qoruyuram ki, sınmasın" - VİDEO

  Şəhidin övladına son hədiyyəsi:  "Qoruyuram ki, sınmasın" -  VİDEO
  07 İyul 2021    Oxunub:7437
Ağasəlim Axundzadə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı, Vətən müharibəsinin şəhidi Mirzə Axundovun 3 övladından biridir. O, şəhid övladları üçün təşkil edilən “Qaliblər düşərgəsi”nin 14 günlük iştirakçısıdır. Azvision.az düşərgənin açılışı zamanı şəhid övladı ilə söhbətləşib. A.Axundzadə atası ilə bağlı həzin xatirələrini bölüşüb.
- Atam övladlarına qarşı çox səmimi idi. Çalışırdı ki, xətrimizə dəyməsin. İşi ilə əlaqədar biz onu çox az görürdük. Daim ön cəbhədə olurdu. Buna görə də tez-tez görüşə bilmirdik, ancaq zəngləşirdik. Uşaqlarını sevən və zarafatcıl biri idi. O, Vətən Müharibəsində Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Şəhid övladının Prezidentdən istəyi: “Cıdır düzündə yallı gedək…” - VİDEO

- Atanla sonuncu dəfə nə zaman görüşə bildin ?
- Sonuncu dəfə atamı mənim doğum günümə gələndə gördüm. Mənə qarşı çox mehriban və səmimi idi. Biz bir-birimizi çox istəyirdik.

- Sənə nə hədiyyə etdi?
- Qol saatı. Bilirdi ki, saatlara qarşı marağım var. İndi də o saatı saxlayıram. Sınmasın, xarab olmasın deyə evdə qoymuşam. Onun mənə hədiyyə etdiyi hər şeyi qoruyuram. Hətta aldığı kitabları da.


- Atan səni hansı peşənin sahibi görmək istəyirdi?
- Mən də böyüyəndə onun yolunu davam etdirəcəyəm. Atama layiqli övlad olacağam.

- Atan səsini eşitsəydi, ona nə deyərdin ?
- Səni çox istəyirəm, ata. İnşallah, cənnətdə yaxşı istirahət edərsən.



Qeyd edək ki, Mirzə Axundov 1984-cü il martın 15-də Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. 1991-2000-ci illərdə Gəgiran kənd tam orta məktəbində təhsil alıb.

O, 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduğdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Mirzə Axundov, 2004-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Zığ qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində, 2016-2019-cu illərdə Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2019-cu ildən isə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.



Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Mirzə Axundov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mirzə Axundov oktyabrın 2-də Talış istiqamətində şəhid olub. Xəzər rayonunun Türkan qəsəbəsində dəfn olunub.



Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Şahanə Rəhimli
VİDEO : Əhməd Xəlilov
Montaj Bəxtiyar Məmmədov




Teqlər: Şəhid-övladı  





Xəbər lenti