Minskdə MDB Daimi Nümayəndələr Şurasının iclası keçiriləcək
AzVision.az xəbər verir ki, MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, MDB-nin İcraiyyə Komitəsinin sədri – icra katibi Sergey Lebedev həmin iclasda iştirak edəcək.
Daimi Nümayəndələr Şurasının üzvləri MDB Hökumət Başçıları Şurasının bu il mayən 30-na təyin edilmiş iclasının gündəliyinin layihəsini müzakirə edəcəklər. Layihəyə 20-yə yaxın məsələ daxildir.
Gözlənildiyinə görə, həmin iclasda Birlik ölkələrinin ticarət, innovasiyalar, nəqliyyat təhlükəsizliyi, radionaviqasiya, hidrometeorologiya, təhsil, səhiyyə və idman sahələrində əməkdaşlığını tənzimləyən sənədlər qəbul ediləcəkdir. İclasda həmçinin, bir sıra sahəvi əməkdaşlıq orqanlarının fəaliyyəti və maliyyə məsələləri müzakirə ediləcək.
Birlik ölkələrinin səlahiyyətli daimi nümayəndələri MDB iştirakçısı olan dövlətlərin əməkdaşlığının müxtəlif sahələrində kadrlar hazırlığı üzrə baza təşkilatlarının işi barədə məlumatı dinləyəcək və müzakirə edəcəklər.
Birlik çərçivəsində MDB Hökumət Başçıları Şurasının qərarlarına uyğun olaraq baza tədris mərkəzləri statusu almış 46 müəssisə, o cümlədən iqtisadi sahədə 21, təhlükəsizliyin təmin edilməsi sahəsində 14, humanitar sahədə 11 baza müəssisəsi fəaliyyət göstərir.
Baza təşkilatlarının fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: MDB iştirakçısı olan dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığı üzrə mütəxəssislər hazırlanması, yenidənhazırlanma və ixtisasartırma; MDB iştirakçısı olan əlaqədar dövlətlərlə müştərək elmi araşdırmalar aparılması, normativ bazanın harmonikləşdirilməsinə və unifikasiyasına dair tövsiyələr, müvafiq layihələr hazırlanması, normativ-hüquqi aktların mübadiləsi; beynəlxalq elmi-praktiki konfranslar, seminarlar və simpoziumlar keçirilməsi; elmi, metodik, informasiya-analitik xarakterli və digər materialların hazırlanması.
Baza təşkilatlarına rəhbərlik baza müəssisəsi statusu verilmiş təşkilatların müdiriyyəti tərəfindən həyata keçirilir. Baza təşkilatları yanında məşvərət orqanları – MDB iştirakçısı olan dövlətlərin idarəetmə orqanları tərəfindən tövsiyə edilən təhsil müəssisələrinin, elmi və digər təşkilatların nümayəndələrindən ibarət ictimai şuralar yaradılır.
Baza təşkilatlarının fəaliyyəti MDB-nin sahəvi əməkdaşlıq orqanları, MDB iştirakçısı olan dövlətlərin idarəetmə orqanları və MDB İcraiyyə Komitəsi ilə qarşılıqlı əlaqəli şəkildə həyata keçirilir.
Daimi Nümayəndələr Şurasının üzvləri Birlik ölkələrinin bu istiqamətdə əməkdaşlığının təkmilləşdirilməsinə dair tövsiyələr hazırlayacaqlar.