Azərbaycanda 70 hakim işdən çıxarılıb
Əhalinin məhkəmələrə çatımlılığının yaxşılaşdırılması məqsədilə təkcə son illər ölkəmizdə 20-dək yeni regional məhkəmələr, o cümlədən apellyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamış, hakim ştatlarının sayı 2 dəfə, məhkəmə işçilərinin sayı isə 75% artırılmış, beynəlxalq təcrübəyə uyğun olaraq hər bir hakimə köməkçi ştatı ayrılıb.
Hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə kobud pozuntulara və digər neqativ hallara yol verən 70 hakim məhkəmə sistemindən kənarlaşdırılıb, hakimlər barədə 161 intizam icraatı başlanılıb.
Qeyd edilib ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində 2013-cü ildə 13 hakim barədə intizam icraatı başlanılıb, o cümlədən 2 nəfərin hakimlik səlahiyyətlərinə xitam verilib, 5 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub.
Eyni zamanda Məhkəmə-Hüquq Şurasının iclasında hakimlər tərəfindən yol verilən nöqsanlar barədə Ədliyyə Nazirliyinin, Ali və apellyasiya məhkəmələrinin müraciətlərinə baxılıb, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratmaqla korrupsiyaya şərait yaratdıqlarına, süründürməçilik və digər qanun pozuntularına yol verdiklərinə görə 10 hakim barədə intizam icraatları başlanılıb.
AzVision.az