MDB daimi nümayəndələrinin növbəti iclası keçirildi
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, martın 20-də MDB İcraiyyə Komitəsində Birliyə üzv dövlətlərin qurumun Nizamnamə və digər orqanları yanında Daimi Nümayəndələr Şurasının növbəti iclası keçirildi.
Ukraynanın MDB-də sədrliyi dayandırması barədə qərarı ilə əlaqədar Belarusun daimi səlahiyyətli nümayəndəsi Vasili Puqaçov MDB-nin həmsədr dövlətinin təmsilçisi kimi Şuranın iclasında sədrlik edib.
Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvləri MDB Hökumət Başçıları Şurasının (HBŞ) mayın 30-na nəzərdə tutulan iclasının təqribən 20 məsələdən ibarət gündəliyinin layihəsini müzakirə ediblər. Hökumət başçılarına Birlik ölkələrinin ticarət, innovasiyalar, nəqliyyatın təhlükəsizliyi, radionaviqasiya, hidrometeorologiya, təhsil, səhiyyə, idman sahələrində əməkdaşlığını nizamlayan sənədləri nəzərdən keçirmək təklif olunub.
Hökumət Başçıları Şurasının gündəliyinin layihəsini ona daxil edilən sənədlərin layihələri MDB Xarici İşlər Nazirləri Şurasının aprelin 4-nə nəzərdə tutulan iclasında bəyinildiyi təqdirdə formalaşıb saymaq qərara alınıb.
Daimi səlahiyyətli nümayəndələr MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığın müxtəlif sahələrində kadrlar hazırlayan baza təşkilatlarının fəaliyyəti barədə də informasiya dinləyiblər.
Birlik çərçivəsində MDB Hökumət Başçıları Şurasının qərarlarına müvafiq olaraq baza təhsil mərkəzləri statusu almış cəmi 46 belə müəssisə fəaliyyət göstərir.
Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvləri baza təşkilatlarının fəaliyyəti barədə informasiyanı müzakirə edib Birlik çərçivəsində sahə əməkdaşlığının inkişafına və möhkəmlənməsinə əhəmiyyətli töhfəni və qarşılıqlı fəaliyyətin bu formasının perspektivli olduğunu vurğulayıblar.
Bununla əlaqədar olaraq qurumun iştirakçısı olan ölkələrin nazirlik və idarələrinə baza təşkilatlarının fəaliyyətinin möhkəmlənməsinə, onun səmərəliliyinin yüksəldilməsinə yardım göstərmək tövsiyə edildi. Bundan əlavə, sahə əməkdaşlığı orqanlarına MDB İcraiyyə Komitəsi ilə əməkdaşlıq şəraitində baza təşkilatlarının fəaliyyətinin müsbət təcrübəsini müntəzəm təhlil və təbliğ etmək, onların MDB çərçivəsində inteqrasiya proseslərinin möhkəmlənməsi və inkişafı üzrə fəaliyyətinin KİV-lərdə işıqlandırılmasını təmin etmək, o cümlədən internet resurslarının imkanlarından faydalanmaq təklif olunub.
Birliyin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclasının mayın 20-də keçirilməsi nəzərdə tutulub.
Teqlər: