İran bizə nota verib

İran bizə nota verib
  01 Aprel 2013    Oxunub:1472
İran Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans keçirilməsinə etiraz olaraq Azərbaycan Respublikasına nota verib.
Martın 31-də Azərbaycanın Tehrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İran xarici işlər nazirinin müavini Abbas Əraqçi Azərbaycan səfirinə etiraz məktubu verib.
Məktubda bildirilib ki, həmin tədbirdə İranın ərazi bütövlüyü və Tehran hakimiyyətinə qarşı fikirlər səsləndirilib. Azərbaycan dövlətinin bu tədbirin keçirilməsinin qarşısının alınması üçün lazımi tədbir görməməsinə də etiraz bildirilib.

A. İraqçı deyib ki, bu kimi fəaliyyətlər iki ölkə arasında müsbət və inkişaf edən münasibətlərə zərbə vura bilər: “Bu tədbirdə İran əleyhinə məqsədyönlü və təhdidedici, həmçinin yalan məlumatlar səsləndirilib. Bu da yalnız sionistlərin mənafeyinə xidmət edən işlərdir. Belə bir konfransın keçirilməsinə heç bir şəkildə haqq qazandırıla bilməz”.

Qeyd edək ki, tədbirdə Milli Məclis deputatları, ictimai-siyasi xadimlər, partiya təmsilçiləri, ekspertlər, Güney Azərbaycanla bağlı fəaliyyət göstərən qurumların üzvləri, xaricdə fəaliyyət göstərən güney azərbaycanlıların hüquq müdafiə təşkilatlarının nümayəndələri iştirak ediblər.

Qafqaz Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı “İran dövləti böhran içində”, professor Nəsib Nəsibli “Güney Azərbaycan - milli mübarizənin perspektivləri”, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor əvəzi Ramiz Məmmədov “Urmiya göllünün problemləri” mövzusunda çıxış ediblər.

Politoloq Vəfa Quluzadə, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev, Bütöv Azərbaycan Hərəkatının sədri Yasəmən Qaraqoyunlu və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər./apa/


Teqlər:  





Xəbər lenti