Söyüş alnınıza yazılıb!

Söyüş alnınıza yazılıb!
  05 Aprel 2013    Oxunub:2241
Son 2-3 gündə mənə ən yüngülü “zurnalist”dən tutmuş, ən ağırı ata-ana söyüşünə, ən təmizi “sabun”dan tutmuş, ən çirklisi qadın gigiyenası məmulatına qədər xeyli təhqir və hədə gəldiyindən, düşünürəm, indi bu rəzalət xorunun qabağında bir solo partiyası oxumağın vaxtıdır.
Mənim suçum o imiş ki, Lider TV-də gedən iki materialımda dik durmuş durğu işarəsinin adını daşıyan hərəkat haqqında dediyim fikirlər həmin qurumun başına toplaşanların xoşuna gəlməyib. Burası normaldır – hamının xoşuna gələnlər məlumdur, kimlər olur. Və əgər mən insan və jurnalist olaraq hamının xoşuna gəlmirəmsə, demək, həmin o hamının xoşuna gələnlər zümrəsindən deyiləm. Bu, yaxşıdır – qoy, hamının xoşuna gələnlər, yaxud gəlmək istəyənlər utansın.

Əlbəttə, ünvanına söyüş və hədə eşitmək xoş deyil, hətta nə gizlədim, bütün bunlar məni incidir də. Amma nə edə bilərəm ki?.. Əgər bir dəstə insan hansısa partiyanın, xarici təşkilatın, hər hansı bir qüvvənin tərəfində durub, bu dövlətə qarşı əl və dil uzadırsa, mütləq kimlərsə də dövlətin tərəfində durub, əks tərəfin cavabını verməldir. Bu, labüddür. Mən öz seçimimlə ikinci düşərgədəyəm və buna görə söyüş və hədələr alıramsa, eybi yox.
Məsələ heç bunda da deyil; bilirəm, onsuz da sizə çatmayacaq, amma bəzi məqamları hər halda, izah etməyə çalışacağam.

Ey mənə sabun və pampers şəkilləri göndərən dik durğu işarəlilər! Sizin təfəkkürünüz budur: jurnalistin fikri xoşuna gəlmirsə, ana-bacısını söyüb, hədələmək lazımdır. Mən bu söyüşlərin çoxuna fikir vermirdim. Amma jurnalist olmaq bir yana, hamımız bir kişiyik. Ona görə də, həddini lap aşmış bir neçə gədəyə buradan səslənirəm: Araz Qasımov adı ilə mənə ana-bacı və arvad-uşaq söyüşü söyən, şəhərdə harda tutsa, başıma gətirəcəyi işləri təsvir edən rəzil məxluq (Və onun kimi daha 1-2 nəfər)! Mən heç hara qaçmıram ki, məni tutasan. Mesajının davamını yaz və harada istəsən, görüşək. Əgər bunu eləməyə kişiliyin çatmırsa, onda hesab elə ki, yazdığın söyüşlərin hamısını olduğu kimi mən sənin özünə qaytarıram!

Aldığım belə mesajlar məndəki yəqinliyi ancaq və ancaq möhkəmləndirir ki, qarşımdakılar hansısa radikal gənclər hərəkatı yox, əsl bir heyvan sürüsüdür. Özü kimi düşünməyəni əzməyə hazır, ictimai təhlükə daşıyan, qabağı alınmasa bütün şəhəri xaraba qoya biləcək bir sürü.
Amma o sürünün içində insan dilində anlayanlar da var və mən onlara bəzi fikirlərimi çatdırmaq istərdim.

Məxluqat, mənim etdiyim yaltaqlıq və ya sizin yazdığınız ifadəni təkrarlasam, “girmək” deyil. Mən ona görə öz olduğum yerdəyəm ki, sizin kimi düşünə, hadisələri sizin kimi görə bilmirəm, istəsəm də, bacarmaram. Təfəkkürüm bir qədər başqa cürdür. Və sizin qəbul etmək istəmədiyiniz də odur ki, niyə axı mənim düşüncəm ayrı cürdür, sizin ikimi yox?..

Məsələn, aldığım ittihamların birinə qayıdım: mənə çatmır ki, axı normal insan niyə bulvarda heykəllə cinsi əlaqəni imitasiya etməlidir?.. Bəlkə də sizin kənddə buna “Harlem şeyk”-filan deyirdilər, amma bizim kənddə buna “heykələ kərkinmək” deyirlər. Və kim nə desə də, mən fikrimdə qalacağam: normal, tərbiyəli adam hamının gözü qarşısında bulvarda heykələ kərkinməz. Bunu etmək üçün insan ya “hallanmış” olmalıdır, ya psixi problemli, ya da ki, xuliqan. Sizsə başqa cür düşünürsünüz, sizin nəzərinizdə heykəllə cinsi əlaqəni imitasiya etmək azadlıqdır. Və bunu edən “nida”çılar, sən demə, azadlıq quşları imişlər…

Mən başqa şeyləri də, səmimi qəlbdən deyim ki, anlaya bilmirəm. Məsələn, insan bir düşünməzmi ki, axı mən niyə Avropada oturub, oradan məni qabağa itələyən bir-iki nəfərin barmağının təsirilə hərəkət etməliyəm?.. O adamlar niyə özləri ölkəyə gəlib aksiyaya çıxmırlar ki? Tutula bilərlər, ona görə?.. Bəs başqalarının tutulmasına niyə rəvac verirlər?.. Doğrudan anlamıram, insan bunu necə düşünməyə bilər axı?..

Sizin yanaşmadan belə çıxır ki, kimsə öz dövlətinə qarşı oyunlarda iştirak edirsə, cəsur, qorxmaz, vətənpərvər adamdır, dövlətinin marağını güdmək istəyən isə yaltaq və “girən”? Bu, nə axmaq düşüncədir belə?..
Digər tərəfdən də, müqayisə edəsi olsaq, məncə, arxanda hansısa yankinin barmağı olmaqdansa, öz dövlətinə “girmək” daha şərəfli işdir. Hərçənd, bir də təkrarlayıram ki, insan əgər hakimiyyətə meyilli təfəkkür daşıyırsa, bu, sadəcə, onun mövqeyidir, normal tərbiyəli insanlar belə də qəbul edirlər.

Bir sual verim: əgər mən hakimiyyətin ideologiyasını və yürütdüyü kursu düzgün sayıramsa, nə etməliyəm - bunu deməyə haqqım yoxdurmu?.. Çünki deyənin adını “yaltaq” qoyursunuz. Halbuki, bu, insanın düşüncəsidir. Bəli, hakimiyyət düşərgəsində yaramaz və adioz insanlar da var. Amma onlara görə bütün bir hakim ideologiyaya və ümumilikdə düzgün siyasətə qarşımı çıxmalıyıq?...

Böhtan atmağa gəlincə, mən, əlbəttə, bu ittihamı qəbul etmirəm, amma yenə də bir müqayisə gətirəcəyəm. Açın müxalifət qəzetlərini və əmin olun ki, yazılanların azı 70%-i böhtandır. Onları yazan jurnalistləri də mənim kimi söyüb-hədələyirsinizmi? Yox. Çünki sizin məntiqinizlə, başqasına böhtan atmaq olar, əgər böhtanın adresatı hakimiyyətdədirsə, bu böhtan hətta savab işdir, peşəkarlıqdır, amma sizin özünüzə razılaşmadığınız nəsə deyiləndə, adama hücum çəkməlisiniz.

Ümumiyyətlə, jurnalistə hücum çəkmək – barbarlıqdır. Yəqin, təsadüfi deyil ki, məni hədələyənlərdən biri Liviyadan misal gətirib yazır ki, orada hakimiyyət dəyişiləndə Qəddafini dəstəkləyən jurnalistin əl-qolunu bağlayıb, yeddinci mərtəbədən yerə atmışdılar: “Vüsal, yazıqsan, belə şeyləri də bir dərindən düşün, düzgün qərar ver…” Vallah düşündüm. Düşündüm ki, axı məni 7-ci mərtəbədən atacaqlarsa, əl-qolumu bağlamağın nə mənası var?..
Dedim axı, sizin təfəkkürünüz mənə çatmır…


Teqlər:  





Xəbər lenti