“Türklər haqqında yanlış təsəvvür yaradılıb”

// Qazax tarixçi: “Türk tarixçiləri də bu tələyə düşürlər”

   “Türklər haqqında yanlış təsəvvür yaradılıb”
  23 Oktyabr 2022    Oxunub:5405
“Dünya tarixində türk xalqlarından söhbət gedəndə ən çox qədim dövrdəki və orta əsrlərdəki müharibələr, işğallar, türklərin başqa xalqlar üzərində hökmranlığı yada düşür. Türklər çox vaxt sivilizasiya dağıdıcıları kimi göstərilirlər. Bununla bağlı müxtəlif stereotiplər geniş yayılıb. Türk tarixçiləri də bu tələyə düşür, yalnız əcdadlarının döyüşkənliyinə, gücünə, igidliyinə diqqət yetirirlər”.
Bu sözləri AzVision.az -a “Aspandau” Elm və Təhsil Fondunun idarə heyətinin üzvü, tarixçi Radik Temirqaliyev deyib. O vurğulayıb ki, müharibənin təşkilati baxımdan müstəsna dərəcədə mürəkkəb məsələ olduğunu unutmaq olmaz: “Döyüşçülərin igidliyi vacib komponentdir, lakin yeganə deyil. Döyüş meydanında qalib gəlmək, alınmaz qalaları olan bir ölkəni fəth etmək üçün nizam-intizamlı və təlim keçmiş ordu, bacarıqlı və istedadlı zabitlər lazımdır, çoxlu silah-sursat, təchizat, rabitə məsələləri həll olunmalıdır. Diplomatiya üçüncü ölkələrin dəstəyini və ya heç olmasa neytrallığını təmin etməlidir. Bir sözlə, uğurlu müharibələri ancaq yüksək effektiv dövlət aparatı olan güclər apara bilər. Türk xalqları tarixdə belə dövlətlər qurmaq nümunəsini dəfələrlə nümayiş etdiriblər və onların təcrübəsini başqa ölkələr də fəal şəkildə mənimsəyiblər”, - R.Temirqaliyev qeyd edib.

Qazax tarixçisi hesab edir ki, türk dövlətlərinin siyasi qüdrəti iqtisadi rifah üzərində qurulub: “Məsələn, Qazaxıstan ərazisində şəhər mədəniyyətinin çiçəklənməsi Türk Xaqanlıqları dövrünə təsadüf edir. Xarəzmin sürətli yüksəlişi bu dövlətin başına türk sülaləsi keçdikdən sonra, XI-XII əsrlərdə baş verib. Şəhər sivilizasiyasının intensiv inkişafı Qızıl Orda dövrünə təsadüf edir. Əgər 15-ci əsrin ortalarında Konstantinopolda 80 minə yaxın insan yaşayırdısa, Osmanlılar onu fəth edib, adını İstanbul qoyduqdan sonra qısa müddət ərzində şəhərin əhalisi 700 min nəfərə çatdı. Yəni türklər tarixi səhnədə barbar və dağıdıcı deyil, yaradıcı rolunu oynamış, geniş bölgələrin iqtisadi inkişafına yeni təkan vermişlər. Mən hələ türk dövlətlərinin Şərqlə Qərbin minilliklər boyu davam edən əlaqəsini təmin etdiyini demirəm”.

Radik Temirqaliyev bildirir ki, siyasi və iqtisadi qüdrət elm və mədəniyyətin inkişafının bünövrəsi olub. Hamıya məlumdur ki, Əhməd Yəsəvinin, Əl-Fərabinin, Mahmud Kaşğarinin, Yusif Balasaqunlunun, Yunus Əmrənin, Uluqbəyin, Əlişir Nəvainin, Nəsiminin, Füzulinin irsi Asiya və Avropanın bir çox ölkələrində elmin, fəlsəfənin, incəsənətin və ədəbiyyatın inkişafına böyük təsir göstərib. Orta əsrlərdə Tan Çinindən Macarıstana qədər bir çox ölkələri vaxtaşırı əhatə edən “türk üslubu” türk mədəniyyəti və dəbinin təsirindən aydın şəkildə xəbər verir.

“Eyni zamanda onu da qeyd etmək istərdim ki, türk mədəniyyəti qlobal mədəniyyətin tərkib hissəsidir. Türk xalqları da başqa sivilizasiyaların müxtəlif sahələrdə əldə etdikləri nailiyyətlərə arxalanıb, başqalarının təcrübəsindən istifadə ediblər. Bu normaldır. Mədəniyyətin çevikliyi və açıqlığı onun həyat qabiliyyətinin əvəzsiz təminatıdır. Türkofobiyaya cavab verərkən ifrata varmaq da olmaz. Təəssüf ki, çox vaxt bu da baş verir”, - R.Temirqaliev bildirib.

Seymur Məmmədov
AzVision.az


Teqlər: Türklər-və-dünya  





Xəbər lenti