Öhdəliklərimiz qazımızdan çox deyil ki?!.. – TƏHLİL

// Azərbaycan Avropaya verdiyi sözü tuta biləcəkmi?

   Öhdəliklərimiz qazımızdan çox deyil ki?!.. –    TƏHLİL
  27 Dekabr 2022    Oxunub:1706
Vaxtilə ölkəmizin neft və qaz potensialının az olduğunu iddia edənlər, enerji resurslarımızla bağlı atdığımız hər bir addıma, siyasətimizə şəkk qoşanlar indi bizə xilaskar kimi baxırlar. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ölkəmizə Avropanın 10-dan çox dövlətindən sifariş daxil olub.
Dövlət başçımız İlham Əliyev hazırda bütün bunların nəzərdən keçirildiyini deyib: "İndi bütün sifarişləri təmin etmək üçün bizim kifayət qədər qazımız yoxdur". Lakin əlavə də edib ki, Azərbaycan qazını qəbul edən ölkələrlə kommersiya məsələlərinə dair danışıqlara başlamaq lazımdır. Tələb olunan bütün zəruri infrastruktur və müvafiq hüquqi baza artıq mövcuddur.

Əslində Avropa Azərbaycanın qaz potensialına yaxşı bələddir. Özü də, elə əvvəldən. Sadəcə, siyasi ambisiyalar bunu etiraf etməyə imkan vermirdi.

Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil edib. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunub. Bu, əvvəlki ildəkindən 40% çox demək idi. Artıq başa çatmaqda olan cari il üçün 22 milyard kubmetr ixrac nəzərdə tutulub. Bunun da 11,5 milyard kubmetri Avropaya çatacaq.

Göründüyü kimi, ixrac artır. Hələ bu ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı 2 dəfəyədək artırmaq haqda Anlaşma Memorandumu da imzalanıb. Ölkəmiz ilə Avropa Komissiyası arasında imzalanan sənədə əsasən bu, 2027-ci ilədək həyata keçirilməlidir.

Odur ki, TANAP-ın buraxılış gücünü 16 milyard kubmetrdən 32 milyarda, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyarda qədər genişləndirmək tələb olunur. Hazırda bu barədə danışıqlar gedir. Çünki bundan ötrü bütün pay sahiblərinin həmrəy mövqeyi və sərmayəsi tələb olunur. Ancaq bu arada bəzi məsələlər çoxlarını çaşdırır.

Belə ki, ölkəmizin Rusiya və Türkmənistan ilə qaz mübadiləsinə dair svop anlaşmaları suallar doğurur. Soruşurlar ki, məsələn, cari ilin noyabrın 15-dən yeni qaz alqı-satqısı müqaviləsinə əsasən Azərbaycana rus qazının nəqli nə məqsəd daşıyır? Qeyd edim ki, həmin proses 1 milyard kubmetr tədavül təşkil etməklə 2023-cü ilin mart ayının sonundək həyata keçiriləcək.

Məsələ ondadır ki, bu, təbii qazın yay mövsümündə Azərbaycandan Rusiyaya, qış mövsümündə isə Rusiyadan Azərbaycana analoji həcmdə nəqlini nəzərdə tutan mövsümi mübadilə sahəsində əməkdaşlığa dair 2021-ci ildə əldə olunan razılığa əsaslanır. Və heç bir halda Avropa qarşısında götürdüyümüz öhdəliyin yaratdığı çətinliklərlə əlaqəli deyil.

Türkmənistan qazı ilə bağlı svop əməliyyatları da həmçinin. Sənayemiz böyüyür, əhalimiz çoxalır, işğaldan azad olan ərazilərimizdə bərpa və yenidənqurma işləri aparılır... Bütün bunlar əlavə qaz həcmlərinə tələbat yaradır ki, yerli istehlak tələbatını qarşılamaqda fasilələrin yaranmaması, müəyyən fors-major hallarının ortaya çıxmaması üçün svop anlaşmalara ehtiyac ortaya çıxır.

Azərbaycanın kifayət qədər qaz ehtiyatı var və bu barədə Prezident İlham Əliyev dəfələrlə konkret rəqəmlər söyləyib. Sadəcə olaraq, bunu müxtəlif yataqlardan çıxarıb istismara vermək və ixracla bağlı öhdəliklərimizi yerinə yetirməklə yanaşı, sürətlə artan yerli istehlak həcmini də dolğun şəkildə ödəmək üçün müvafiq siyasət yürütmək tələb olunur.

Məsələn, gələn ildən hasilatına başlanılacaq böyük qaz kondensatı yatağı olan “Abşeron”dan birinci faza üzrə 1,5 milyard kubmetr çıxarılacaq; amma bunu qısa müddət ərzində bir neçə dəfə artırmaq mühüm şərt sayılır.
“Abşeron”dan savayı “Ümid”, “Babək”, “Asiman”, “Şəfəq” və digər yataqlarımızdan da hasilat tez bir zamanda gerçəkləşməlidir.
Həmçinin, SOCAR-da ciddi islahatlar aparmaq yolu ilə yüksək şəffaflığa və səmərəliliyə nail olunmalıdır.
Nəhayət, ölkədə bərpaolunan enerji mənbələri ilə bağlı investisiya işləri daha da genişləndirilməlidir.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Energetika  





Xəbər lenti