Ali Məhkəmə Trampa “yaşıl işıq” yandırdı

   Ali Məhkəmə Trampa “yaşıl işıq” yandırdı
  07 May 2025    Oxunub:520
ABŞ-nin Ali Məhkəməsi prezident Donald Tramp administrasiyasına transseksualların orduda xidmət etməsinə qadağa qoymağa müvəqqəti icazə verib.
AzVision.az xəbər verir ki, “Frans-Press Agentliyinin (AFP)” yazdığına görə, məhkəmənin qərarı altı mühafizəkar hakimin səs çoxluğu ilə, üçü isə fərqli rəylə qəbul olunub. Qərarın əsaslandırılması dərc edilməyib.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt məhkəmənin qərarını hökumətin “böyük qələbəsi” adlandırıb. Transgender fəallar isə bu verdikti tənqid ediblər. Müxtəlif hesablamalara görə, bu, bir neçə min amerikalı hərbçiyə təsir edə bilər.

Ağ Evin təşəbbüsünə qarşı iddia qaldıran qruplar Ali Məhkəmənin qərarını “transgender hərbçilərə sarsıdıcı zərbə” kimi qiymətləndiriblər.

Beləliklə, ABŞ-nin Ali Məhkəməsi federal hakim Anna Reyesin mart ayında Trampın orduda transseksuallarla bağlı sərəncamının icrasını əngəlləyən qərarını ləğv edib. Reyes, öz növbəsində, bildirib ki, sərəncam transların hüquqlarını və ABŞ Konstitusiyasının qanunun bərabər şəkildə müdafiəsinə dair təminatını pozur.

Xatırladaq ki, yanvarın sonunda Donald Tramp orduda “transgender ideologiyasına” qadağa qoyan fərman imzalayıb. Qərarda trans identikliyi hərbi qulluqçulardan gözlənilən “dürüst” və “intizamlı” həyat tərzi ilə “uzlaşmayan” fenomen adlandırılır.

Fərmana əsasən, ABŞ Silahlı qüvvələrində yalnız cinsiyyət disforiyası diaqnozu qoyulmuş, keçid etməmiş, konkret döyüş tapşırıqlarının həlli üçün zəruriliyini sübuta yetirmiş və 36 ay ərzində ardıcıl şəkildə bioloji cinsiyyətini “klinik əhəmiyyətli pozğunluqlar olmadan” saxlayan hərbçilər qala biləcəklər.

Hesablamalara görə, ABŞ ordusunda təxminən 15 min transseksual, yəni bioloji cinsiyyəti ilə eyni olmayan insanlar xidmət edir. Donald Tramp andiçmə günündə “transgender dəliliyinə” son qoyacağına söz verib. Ağ Evə qayıtdıqdan dərhal sonra o, ABŞ administrasiyasının yalnız iki cinsi – “kişi və qadın”ı tanıdığı barədə fərman imzalayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   məhkəmə   dəstək  





Xəbər lenti