Avropanı Trampı tənqid etməməyə çağırıblar

   Avropanı Trampı tənqid etməməyə çağırıblar
  08 May 2025    Oxunub:347
Avropa İttifaqına daxil olan ölkələrin hökumətləri mümkün qalmaqalların qarşısını almaq üçün NATO-nun qarşıdan gələn sammitinin iştirakçılarını ABŞ prezidenti Donald Trampın qərarlarının ictimai müzakirələrindən qaçmağa çağırıb.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” qəzetinin yazdığına görə, diplomatlar və məmurlar Avropa ölkələrinin Amerika lideri ilə münasibətləri pisləşdirməkdənsə, onunla əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildiriblər.

“Bununla əlaqədar, Aİ hökumətləri gələn ay Haaqada baş tutacaq NATO sammiti yekunlaşana qədər, o cümlədən əhəmiyyətli müdafiə investisiyaları da daxil olmaqla, ABŞ ilə bağlı mühüm qərarları müvəqqəti olaraq dayandırmağı təklif edir”, - qəzet yazır.

NATO rəsmilərini, həmçinin Trampla toqquşma ehtimalını azaltmaq üçün tədbirin miqyasının minimuma endirməyə çağırıblar. Müzakirə olunan məsələlər arasında Amerika prezidentini sakitləşdirmək tədbirləri, habelə onun Ukraynaya münasibətini tənqid etməkdən və Qrenlandiyanın ilhaqı ilə bağlı ritorikadan yayınmaq tövsiyyələri də var.

- Əsas vəzifə sammitin dinc şəkildə keçirilməsini təmin etməkdir. Avropa paytaxtları həmçinin Avropa Komissiyasını (AK) Ağ Evə qarşı düşmənçilikdən çəkinməyə çağırıb”, - Aİ-nin yüksək vəzifəli məmuru deyib.

Tramp: "Avropanın nazı ilə oynamayacağıq"
Eyni zamanda, ABŞ rəsmiləri bildiriblər ki, digər 31 NATO üzvü tərəfindən müdafiə xərclərinin artırılması ilə bağlı razılıq əldə olunmayacağı halda, Tramp sammiti tərk edə bilər. Vaşinqtonun əsas tələbi dəyişməz olaraq qalır: Avropalı müttəfiqlər “qoca qitə”nin müdafiəsi üçün öz üzərlərinə daha çox məsuliyyət götürməlidirlər.

NATO-nun yüksək səviyyəli diplomatı əlavə edib ki, təhlükəsizlik öhdəliklərinin ABŞ-dən Avropaya keçməsi üçün etibarlı planın hazırlanması prioritet olaraq qalır.

Xatırladaq ki, aprelin əvvəllərində 185 ölkəyə və ərazilərə qarşı “ticarət müharibəsi” nə start verən Donald Tramp Vaşinqtonun Avropanın nazı ilə oynamaq fikrində olmadığını vurğulayıb ki, bu da Aİ-yə üzv ölkələrin böyük əksəriyyətində və Aİ bürokratiyasının imicinə zərbə vurub.

Həmçinin, ABŞ prezidentinin Ukrayna münaqişəsinin tənzimlənməsi istiqamətində Kiyevə təzyiq siyasəti də Aİ-nin aparıcı dövlətlərinin hakimiyyət dairələrində ciddi narazılıq və təşviş doğurur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Avropa   Tramp  





Xəbər lenti