“Hamı yoluxub”: Hazırkı epidemiya haqqında nələri bilməliyik

      “Hamı yoluxub”:    Hazırkı epidemiya haqqında nələri bilməliyik
  29 Yanvar 2023    Oxunub:1894
“Qış mövsümü soyuqdəymə və qrip üçün əlverişlidir. Hətta qripə bir dəfə yoluxmuş olsanız və bədən bu növ virusa qarşı qorunma əldə etmiş kimi görünsə belə, sayıqlığınızı əldən verməməlisiniz. Qışda immun sistemi həddindən artıq yüklə işləyir və həmişə soyuqdəymə ilə mübarizə apara bilmir”.
Bu fikirləri “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib. Onun sözlərinə görə, Avropada epidemiya elan edilən İnfluenza (qrip) çox geniş yayılıb. Hazırda az qala hər evdə qripə yoluxub xəstələnənlər var. İnfluenza da kəskin respirator virus infeksiyaları (KRVİ) qrupuna daxildir. Adətən simptomlar ağır şəkildə keçir. Xəstəlik özünü yüksək temperatur, sinədə xışıltı, boğaz ağrısı, öskürək, halsızlıq, əzələlərdə, sümüklərdə ağrılar və s. ilə biruzə verir. Ailədə bir nəfərin xəstələnməyi digərlərinin də yoluxmasına səbəb olur. Kiçik yaşlı uşaqlarda və yaşlılarda, xroniki xəstəlikləri olanlarda influenza ağırlaşma verir.

Bundan başqa, hazırda KRVİ ilə təkrar yoluxmalar da müşahidə edilir. Bu, 200-dən artıq virusun KRVİ törətməsi ilə də bağlıdır. Ona görə, əsas şərt KRVİ və İnfluenzaya yoluxmaqdan qorunmaqdır. Qorunmaq üçün isə immun sisteminin normal fəaliyyəti vacibdir.

Orqanizmin müqaviməti normal olduqda xəstə tez sağalır və ağırlaşma olmur. KRVİ zamanı bakterial infeksiyaya yoluxma daha ağır fəsadlara səbəb olur. İnfluenza və KRVİ-yə yoluxmuş xəstənin ayaqüstü müalicəsi düzgün deyil. Yataq rejimi olmasa da, normal ev şəraitində müalicənin daha yaxşı təsiri olur. Bu, həm də infeksiyanın yayılmasının qarşısını alır.

- Ətrafı virus bürüyəndə yoluxmadan qaçmaq mümkündürmü? İstər-istəməz yaxalanırsan axı…
- Yoluxmadan qaçmaq üçün öncə qapalı məkanlara maska ilə girməyi tövsiyə edirəm. Metroda, avtobusda, digər əhalinin sıx toplaşdığı məkanlarda nəinki qrip, hətta vərəm və hava-damcı yolu ilə keçən xəstəliklərə də yoluxmaq ehtimalı böyükdür. Epidemiya zamanı xəstəliyə yoluxub-yoluxmamaq immun sistemindən asılıdır. Hərəkətsizlik, sosial şəbəkələrdən, telefondan çox istifadə nəticəsində yaranan durğunluq da immun sistemə təsir edir. Müxtəlif prosedurlar – düzgün qidalanma, yuxu rejimi, açıq havada gəzinti, otaq temperaturunu normal saxlamaq, idman etmək, stresdən uzaq olmaq, əhvalı korlamamaqla immun sistemini modulyasiya etmək olar.
Yeri gəlmişkən, otağı həddindən artıq isti saxlamaq da düzgün deyil. Bu, yoluxmaya birbaşa təsir edir. Belə ki, viruslar, bakteriyalar orqanizmə selikli qişalardan daxil olurlar. Selikli qişalar nə qədər nəm, yerli immunitet aktiv olarsa, mikrobları yerindəcə məhv edər. İsti hava selikli qişaları qurudur və yoluxma asanlaşır. Stress və yuxusuzluq da immun sistemini zəiflədir.

- Bu zaman orqanizmin müdafiə sisteminin yardıma ehtiyacı olur. Nə etməli?
- İmmun sisteminə əsas kömək edən C vitaminidir. Onun normal fəaliyyəti üçün bu vitamin və mikroelementlərlə zəngin qidalar qəbul etmək çox vacibdir. İmmun hüceyrələrində C vitamini çatışmayanda onlar funksiyalarını normal yerinə yetirə bilmirlər. C vitamini immun sisteminin spesifik hüceyrələri və neytrofillərin aktivliyini normallaşdıraraq virus və bakteriyalara qarşı immun cavabı təmin edir, interferon sintezini artırır, antioksidant təsir göstərir.
Xəstəlik vaxtı hərəkətli olmaq, havada gəzmək çox vacibdir. Çoxlu maye qəbulu, moruq, zoğal mürəbbələrindən istifadə, sulu, isti xörəklər - düşbərə, borş, əvəlikli şorbalar köməyə gəlir. 38 dərəcəyədək temperature salmağa ehtiyac yoxdur. Bu, orqanizmin virusa qarşı mübarizəsidir. Qripə yoluxan uşaqlara “Paraferin” və “İnaseda” siropları vermək olar. Böyüklər isə “İnasedan”ın tabletini, “Nimesil” qəbul edə bilərlər.

- Bəzən yoluxduğunu hiss edənlər ilk növbədə antibiotik qəbulunu seçirlər. Bu, düzgündürmü?
- Virus infeksiyaları zamanı antibiotiklərdən istifadə etmək yanlışdır. Əvvəla təbii vasitələr, köməyi olmayanda antiviral preparatlar qəbul edilməlidir. Yalnız boğazdan götürülən yaxma nəticəsinə görə bakterial infeksiyaya yoluxma təsdiqlənsə, həssaslığa uyğun antibiotik təyin oluna bilər. Antibiotiklərdən yersiz istifadə bağırsaqdakı lazımlı bakteriyaları məhv edib, immun sistemini zəiflədir. Bu halda ən yaxşı seçim biotənzimləyici preparatlardır. KRVİ və qripin qarşısının alınmasında, müalicəsində istifadə edilən biotənzimləyicilər müxtəlif – İnfluenza, Adenovirus, Herpes və digər virus infeksiyalarında da immun sisteminin xəstəliklə mübarizə aparmasına kömək edir. Preparatlar qripin simptomlarını tez bir zamanda yüngülləşdirir, ağırlaşmanın qarşısını alır. Eyni zamanda immun sistemini modulə edilərək təkrar yoluxmalara imkan vermir. Həkimin məsləhəti ilə istənilən biotənzimləyicidən istifadə etmək xəstənin vəziyyətini lazımi qədər yaxşılaşdırar və ağırlaşmadan qoruyar.



Teqlər: İnfluenza  





Xəbər lenti