Qazaxşina repressiyası

Qazaxşina repressiyası
  13 Fevral 2013    Oxunub:2725
Əsəd Qaraqaplan

İlin-günün bu vaxtı - hamının Əkrəm Əylislini repressiya elədiyi bir vaxtda mən də oturub Qazaxşinanın ədəbiyatımızın başına gətirdiyi repressiyadan yazmaq qərarına gəldim...
37 repressiyasından sonra yaranan boşluqdan sui-istifadə edən Qazax bölgəsi (Qazaxşina) ədəbiyyatımızda “at oynatmağa” başladı. Əlisazlı qazaxlılar atın belindən birbaşa ədəbiyyatın belinə atılmaq istədilər. Ədəbiyyatımızda bir növ Qazaxşina repressiyası başladı.
Uzun illər “Şair haralı olar? Qazaxlı!” düşüncəsini yaymağa və tutuzdurmağa çalışdılar. Amma sonralar məlum oldu ki, o gündən bugünə qədər həmin bölgədən bircə dənə də yaxşı şair çıxmayıb.
Zaman-zaman üzə çıxan ən gözəl şairlər və yazıçılar başqa bölgələrdən olub. Məsələn, Göyçaydan (Əli Kərim), Cəbrayıldan (Sabir Əhmədli, Vaqif Bayatlı Odər), Borçalıdan (İsa İsmayılzadə), Naxçıvandan (Əkrəm Əylisli), Qubadlıdan (Eldar Baxış, Ramiz Rövşən, Xanəmir), Masallıdan (Rafiq Tağı), Cəlilabaddan (Salam Sarvan, Aqşin Yenisey) və s...
O bölgədən bircə adamın – İsa Muğannanın adını çəkmək olar ki, onun da qazaxlı yox, gəlmə olduğunu hamı bilir.
Repressiyadan sonra Qazaxdan yaxşı şairin çıxmadığını onların “Bizim Səməd Vurğun kimi böyük şairimiz var” demələrindən də bilmək olur. Əgər bugünə qədər oradan yaxşı şair çıxsaydı, onlar zatən belə deməzdilər.
Düzdü, Səməd Vurğun öz dövrünə görə yaxşı şairdi – bunu danmaq olmaz. Amma onun repressiyadan əvvəlki dövrün şairi də olduğunu unutmayaq. 37-də Səməd Vurğunu məlum səbəblərdən fizikən məhv etmədilərsə də, mənən məhv elədilər. Əslində Səməd Vurğun da repressiya qurbanlarından oldu, həm də ən faciəvi qurbanlarından biri...
Repressiyadan sonrakı Qazax şairlərinin də haqqını yemək olmaz. Amma gerçək olan bu ki, onlar öz dövrlərinin ƏN YAXŞI ŞAİRİ ola bilmədilər, həmişə onlardan YAXŞISI oldu.
Ona görə də indi “Qazax ədəbiyyatı” Barat Vüsal kimi şairlərin əlində qalıb.
Deyilənə görə, Sovet dövründə ədəbiyyatda və mədəniyyətdə yüksək rəsmi postlar tutan qazaxlılar başqa bölgədən olanları hətta “rəsmi şəkildə” ədəbiyyata buraxmaq istəmirmişlər. Yəqin bunun nəticəsidir ki, bu gün ən çox Xalq şairi və Xalq yazıçısı Qazaxdandı. Amma bu gün o Xalq şairləri və Xalq yazıçıları, demək olar, nə yada düşür, nə də oxunur. Əvəzində yuxarıda adlarını çəkdiklərim yaddan çıxmır, oxunmadan keçilmir.
Əlbəttə, Qazax da Azərbaycanın ən gözəl bölgələrindən biridi, həm də sazlı-sözlü bölgələrindən biri. Ama söhbət burda ədəbiyyatdan və ədəbiyyatdakı “qazaxşina”dan gedir. Bu da ortada olan gerçəklikdi. Üstəlik, bu şifahi bölgənin özünü yazılı ədəbiyyatda hökmrancasına aparmaq və monopolistcəsinə davranmaq cəhdləri işləri korladı.
Məncə, qazaxlı gedib sazını çalıb, dastanını bağlasaydı, ədəbiyyatımıza repressiya təfəkkürüylə yanaşmasaydı, indi bu cür münasibətə də layiq olmazdı.
Amma bütün hallarda Qazax Azərbaycanın gözəl bölgələrindən biridi və Ədəbiyyat da Ədəbiyyatdı. Hətta deyərdim, Ədəbiyyatın ən pisi də gözəldi. Çünki söhbət mətnə gələndə o, heç bir bölgəyə aid olmur, sadəcə, Ədəbiyyata aid olur...


Teqlər:  





Xəbər lenti