AzVision.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakının Səbail rayonu ərazisində inşa olunan xidməti yaşayış binalarında (1 bloklu 40 mənzilli və 2 bloklu 70 mənzilli) Müdafiə Nazirliyinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidməti mənzillərlə təmin olunub.
Yaşayış binalarına su, elektrik xətləri çəkilib, lift və mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb. Müasir standartlara cavab verən təmirli mənzillər mətbəx avadanlığı və sanitar qovşaq ləvazimatları ilə təchiz olunub.
Binaların həyətində abadlıq və yaşıllaşdırma işləri görülüb, sakinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Ərazidə yarımstansiya quraşdırılıb, yaşayış binalarının həyəti asfalt döşəmə ilə örtülüb, ərazi hasara alınıb.
Mərasim iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını və göstərdikləri qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Hərbi qulluqçulara yeni mənzillərin açarlarını təqdim edən Müdafiə naziri mənzillərdə yaradılan şəraitlə tanış olub.