BDU-nun 105 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanacaq

   BDU-nun 105 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanacaq
  29 Mart 2024    Oxunub:1524
Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq.
Universitetdən AzVision.az -a bildirilib ki, bu barədə Elmi şuranın bugünkü iclasında qərar qəbul edilib.

İclasda bildirilib ki, 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tarixi qərara imza ataraq, Bakı Dövlət Universitetinin təsisi haqqında qanun qəbul edib. BDU 105 il ərzində xalqımızın maariflənməsində, milli düşüncənin inkişafında, yüksəkixtisaslı kadrların yetişməsində mühüm rol oynayıb.

BDU-nun inkişafında yeni və mühüm mərhələ 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başlanıb. Universitetin elm və təhsil flaqmanı kimi şöhrətlənməsi məhz bu tarixdən sonra gerçəkləşib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BDU Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində inkişafının yeni və daha parlaq mərhələsinə qədəm qoyub. Bu gün isə həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə universitetin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması, əməkdaşların ali dövlət mükafatları ilə təltif edilməsi BDU ailəsinin hər bir üzvü tərəfindən ehtiramla xatırlanır.

105 il əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitet hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi və 21 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fonduna malik Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yola davam edir.

AzVision.az


Teqlər: BDU   yubiley   tədbir   plan  





Xəbər lenti