Yüksək nəticə göstərən abituriyentlər - Onlar kim olmaq istəyir?

 Yüksək nəticə göstərən abituriyentlər - Onlar kim olmaq istəyir?
  03 Aprel 2024    Oxunub:1709
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan verən şagirdlər arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Bu abituriyentlərdən biri də Bakı şəhəri 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Rüstəmlidir.



Təəssüratlarını AzVision.az -la bölüşən Fidan bildirib ki, 4-cü ixtisas qrupuna hazırlaşır və tibb sahəsi üzrə təhsil almaq istəyir.

"İmtahandan çıxandan sonra kitabça əsasında yoxladım və səhvimin olmadığını gördüm. Fikirləşirdim ki, bəlkə, Azərbaycan dilinə görə balım az oldu. Ona görə çox adamın yanında 300 demirdim. Amma hiss edirdim ki, yüksək bal çıxacaq.Elə də oldu. İndi hədəfim balımı 700-ə çatdırmaqdır".



Bakı şəhəri 146 nömrəli tam orta məktəbin şagirdi Fatimə Qasımova isə buraxılış imtahanının çətin olacağını fikirləşib:

“İmtahandan qabaq 300 bal toplayacağımı gözləmirdim. Amma yaxşı keçdi, suallar da asan gəldi. 300 bal yığdığımı görəndə çox sevindim. Əvvəlcə bu xəbəri bacımla bölüşdüm.

1-ci ixtisas qrupu üzrə hazırlaşıram. Bakı Ali Neft Məktəbi, Kimya mühəndisliyi ixtisasında təhsil almaq istəyirəm. Növbəti imtahanda 700 bal toplamağı hədəfləmişəm”.



Bakı şəhəri 118 nömrəli tam orta məktəbin şagirdi Fatimə Məmmədli də yüksək bal toplayanlar sırasındadır. O, 3-cü ixtisas qrupuna hazırlaşır:

“İmtahan prosesi olduqca şəffaf idi. Suallar o qədər də çətin olmur. İlk nəticəni valideynlərimlə bölüşdüm. Onlar mənə bu yolda çox dəstək oldular. İxtisas olaraq hüquqşünas olmağı arzulayıram. 700 balı isə növbəti imtahandan gözləyirəm”.



Digər yüksək bal toplayan abituriyentlərdən biri isə Bakı şəhəri 144 nömrəli tam orta məktəbin şagirdi Aydan Rzabəylidir. O da 4-cü ixtisas qrupu üzrə hazırlaşır:

“İstədiyim nəticə oldu. İmtahan da rahat keçdi və suallar normal idi. Ailəm yanımda idi, ilk onlar təbrik etdi. Həkim olmaq istəyirəm. Yüz faiz nəticə üçün çalışıram”.



Bakı şəhəri 299 nömrəli tam orta məktəbin şagirdi Ağazadə Nərmin nəticəsinin 290-dan yuxarı olacağını gözləyirmiş:

"300 bal olmasına çox sevindim. İmtahan yaxşı keçdi, bütün sualları cavablandırdım. Suallar asan, orta, çətin olaraq ayrılırdı. Bütün suallara diqqətlə yanaşıb, düzgün cavab yazmağa çalışdım. İlk olaraq müəllimlərim və valideynlərim təbrik etdilər. Onlar da bu xəbərə çox sevindilər. 4-cü ixtisas qrupu üzrə hazırlaşıram. Hədəfim həkim olmaqdır".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti