Qarabağa turist kimi gedən sabiq nazirlə MÜSAHİBƏ

 Qarabağa turist kimi gedən sabiq nazirlə  MÜSAHİBƏ
  31 May 2024    Oxunub:2670
Xəbər verdiyimiz kimi, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev sabiq xarici işlər naziri Elmar Məmmədyarovla birgə Şuşaya səfər edib. Keçmiş nazirlər orada Ankara və Bursa şəhərindən gələn Türkiyə nümayəndə heyəti ilə səmimi söhbət də ediblər.
AzVision.az sabiq nazir Əbülfəs Qarayevin səfərlə bağlı təəssüratlarını öyrənib.

- Əbülfəs bəy, səfəriniz nə zaman baş tutdu?
- Elmarla, Əli və Fərhad müəllimlə danışdıq, qərara gəldik ki, 28 May müstəqillik gününü Şuşada qeyd edək. Bu baxımdan Şuşa səfəri mənim üçün ikiqat mənalıdır.

Sonuncu dəfə Şuşada 40 il əvvəl olmuşam.1984-cü ildə gənclər təşkilatını təmsilçisi kimi orada müxtəlif tədbirlərdə, konfranslarda iştirak etmişəm. Elə Laçına səfərim zamanı da bir nəfər mənə yaxınlaşaraq həmin il keçirilən konfransda məni gördüyünü xatırlatdı. Yəni Şuşa bizi 40 ildən sonra yenidən qarşılaşdırmışdı. Qəribə bir təsadüf idi...

Heyifslənirəm ki, nazir işlədiyim dövrdə Qarabağla bağlı bəzi işləri görə bilmədim. O zaman mümkünsüz idi, yollarımız bağlıydı. Qolumuz kəsilmiş kimi idik. Çünki torpağımızın bir parçası yox idi...

Ancaq onu da deyim ki, Şuşanın, Qarabağın həm maddi, həm də qeyri-maddi sərvətlərinin qorunmasında UNESCO və digər təşkilatlar səviyyəsində çox böyük işlər görmüşük. Qarabağı heç vaxt yaddan çıxarmamışıq.

Allah Ali Baş Komandanın, zabitlərimizin, əsgərlərimizin canını sağ etsin! Şəhidlərimizə isə rəhmət diləyirəm. Qarabağı bizə qaytardılar. İndi xalq olaraq sağalmışıq. Bütövük!

Qarabağdan çox böyük təəssüratlarla qayıtdım. Əfsuslar olsun ki, bundan öncə getməyə imkanım olmamışdı...

Cıdır düzündə, İsa bulağında olduq, Bülbülün ev muzeyini ziyarət etdik, orada çay içdik, güllələnmiş heykəllərin qarşısında şəkil çəkdirdik. Vaxtilə həmin heykəllər İncəsənət Muzeyinin bağında idi. Hər il musiqi günündə gedib ziyarət edərdik. İndi onların öz yerində, Şuşanın mərkəzində durmaları çox məntiqlidir.

- Belə anladım ki, hansısa tədbir çərçivəsində deyil, portalda qeydiyyatdan keçərək getmisiniz.
-Bəli, turist kimi qeydiyyatdan keçib, adlarımızı yazdırmışdıq. Şuşa şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov bizə o yerləri gəzdirib göstərdi.

- Yeri gəlmişkən, sizi “Xarıbülbül” musiqi festivalında görmədik.
-Mən artıq dövlət işində deyiləm, rəsmi şəxs hesab olunmuram, təqaüddəyəm. Bütün təqaüdçüləri o tədbirlərə çağıra bilməzlər. Amma həmişə Şuşaya getmək arzusunda olmuşam. Bu səfəri həyatımın çox dəyərli bir anı kimi yadda saxlayacağam.

-Hər zaman aktiv işləyən biri kimi sakit təqaüdçü həyatı sizi darıxdırmır ki?
-Asudə vaxtın çoxluğu ilk vaxtlarda qəribə gəlirdi... Alışmadığım bir həyat tərzi idi. Amma indi Azərbaycan Turizm və Menecment Universitetində müəllimlik edirəm. Vaxtaşırı tələbələrimlə, dostlarımla görüşürəm. Həmçinin mütaliə edirəm, kitab yazıram, idmanla məşğul oluram, ailəmin məsələləri ilə maraqlanıram. Bir sözlə normal həyatıma davam edirəm.

Bu gün Qarabağ azaddır. Ölkəmiz inkişaf edir. Tam arxayınam ki, Azərbaycanın gələcəyi yaxşı olacaq!


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti