“Caesar”ın rəqibi: Azərbaycan “Yavuz” haubitsası ilə maraqlanır

     “Caesar”ın rəqibi:    Azərbaycan  “Yavuz” haubitsası ilə maraqlanır
  25 İyun 2024    Oxunub:1902
Döyüşdə motoatıcı birləşmələri və digər bölmələri atəş dəstəyilə təmin edən əsas elementlərdən biri də özüyeriyən artilleriya qurğularıdır. Azərbaycan Ordusunun artilleriya və raket qoşunlarının bölmələri istər Vətən müharibəsində, istərsə də sonrakı əməliyyatlarda, o cümlədən, antiterror tədbirlərində tapşırıqları layiqincə yerinə yetirdilər. Torpaqlarımızın işğalçılardan təmizlənməsində bir sıra ölkələrin istehsal etdiyi özüyeriyən artilleriya sistemlərindən də istifadə olundu.
Bu artilleriya vasitələri həm quru qoşunlarımızın, həm də xüsusi təyinatlı qüvvələrimizin səmərəli əks-hücum və xüsusi əməliyyatlarının təmin edilməsində, dəqiq koordinatlar əsasında düşmənin istehkam qurğularının, sığınacaqların, eləcə də digər strateji hərbi obyektlərin məhv olunmasında müstəsna xidmətlər göstərdilər.

184 nəfər hərbi qulluqçusu şəhid olan Raket və Artilleriya Qoşunlarımız Vətən Müharibəsində İsrail, Türkiyə, Belarus, Rusiya, Bolqarıstan, Çexiya, Bosniya və Herseqovina istehsalı olan silah sistemlərindən istifadə ediblər. Onların arasında LORA və “Toçka-U” OTRK, T-122 “Sakarya”, T-300 “Qasırğa”, “Polonez”, LYNX, LAR-160, “Extra”, RM-70 “Vampir” BM-30 “Smerç”, BM-21 “Qrad” YARS, TOS-1 odsaçanlari, T-155 “Fırtına”, ATMOS 2000, 2S19 “Msta-S”, DANA, 2S7 “Pion”, 2S3 “Akasiya”, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğuları, D-20, D-30, 2A36 “Giasint B”, M-46, D-44 haubitsaları, yerli 20N6MT “Komando” və “Aşırım-5” ilə bərabər 2S31 “Vena”, 2S9 “Nona-S”, RM-38 minaatanları yer alırdı. Qəhrəman topçularımız müharibədə və sonrakı əməliyyatlarda bu silahların çoxundan uğurla istifadə etdilər.

Vətən Müharibəsində yeni silahlı mübarizə metodlarının tətbiqi ilə tanış olduq. Müşahidə və kəşfiyyat ilə bərabər artilleriya atəşinin nizamlanmasında və düşmənə vurulan ziyanın qiymətləndirilməsində PUA-lar geniş tətbiq edildi. Artıq dünyada hər bir sahədə olduğu kimi, artilleriya silahları da inkişaf edir və imkanları genişlənir. Ali Baş Komandan İlham Əliyev təhlükəsizlik məsələlərini, xüsusən də Silahlı Qüvvələrimizin müasir silah sistemləri ilə təchizatını daim diqqət mərkəzində saxlayır. Vətən Müharibəsi başa çatandan sonra da Dövlət başçısının göstərişinə əsasən Artilleriya Qoşunlarının müasir silahlar ilə təchiz edilməsi üçün işlər görülür. Son aylar ərzində yerli və xarici mətbuatda Azərbaycanın həm Serbiya istehsalı “Nora B-52”, həm də Türkiyənin “Yavuz” özüyeriyən haubitsalar ilə yaxından maraqlanması və hətta əldə etməsi barədə məlumatlar yayılıb.

Bu dəfə oxuculara Türkiyənin “Yavuz” haubitsası barədə açıq mənbələrdən əldə etdiyim məlumatları çatdıracağam.

“Yavuz” haubitsası

Türkiyənin Mexanika və Kimya İnstitutu (MKE) tərəfindən 2016-cı ildən istehsal edilən “Yavuz” özüyeriyən haubitsası qardaş ölkənin Silahlı Qüvvələrinin keçirdiyi döyüş əməliyyatlarında, xüsusilə “Fərat Qalxanı” hərəkatı çərçivəsində effektivliyini təsdiqləyib. Türkiyənin milli haubitsa ailəsinin yeni üzvü olan bu silahlar dostlara inam, düşmənlərə qorxu aşılamaqla mühüm uğur qazanıb.

Təqdimatı

2016-cı ilin aprelində istifadəyə verilən layihənin ilk modeli ilk dəfə həmin ilin fevral ayında Əbu-Dabidə keçirilən müdafiə sənayesi sərgisində nümayiş etdirilib. 2017-ci ilin may ayında isə İstanbulda keçirilən 13-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF'17) ictimaiyyətə təqdim edilib. Artilleriya qurgusunun döyüş sursatları ilə ilk atış sınaqları sərgidən əvvəl, aprelin 18-də Konya-Karapınarda uğurla həyata keçirilib.

Daşındığı platforma

“Yavuz”un istehsalına qədər Türkiyə Silahlı Qüvvələrində “Panter” adlı haubitsanın 6×6 şassili avtomobil ilə yedəkdə daşınan versiyasından istifadə edilirdi. Mütəhərrikliyi daha üstün səviyyədə təmin etmək üçün “Yavuz” yuk avtomobilinin üzərində yerləşdirilib. O, “Fırtına” haubitsalarının istifadə etdiyi 155 millimetrlik sursatlarla atəş aça bilir. Zirehli maşın həm də döyüş sursatını daşımaq üçün nəzərdə tutulub.


Maşının kabinəsi piyada əleyhinə minalardan, mərmi qəlpələrindən, 7,62 x 51 millimetrlik (M80) sursatlardan və nüvə, bioloji, kimyəvi (NBC) silahların təsirlərindən qorunmaq qabiliyyətinə malikdir. Çəkisi 20 ton, uzunluğu 10,8 metr, eni 2,6 metr olan nəqliyyat vasitəsi 5 nəfərlik ekipajı daşıya bilən iki kabinəyə malikdir. Avtomobilin tam yüklənmiş halda maksimum sürəti saatda 90 kilometrə çatır.
Haubitsa uzağı 1 dəqiqə ərzində atəş açmağa hazır vəziyyətə gətirilir. Atışı tamamlamaq və mövqeyi dəyişmək isə ən çoxu 2 dəqiqə çəkir.

Üstün xüsusiyyətləri

Bütün innovativ elementlərə sahib olan “Yavuz” haubitsası elektron nəzarət sisteminə malik yarıavtomatik mərmiyükləmə mexanizmi ilə təchiz edilib. O, fərqli yüksəlmə bucaqları ilə eyni anda 3 fərqli sursatla eyni hədəfə atəş aça bilir.


18 sursat tutumuna malik olan avtomobil MKE-nin istehsal etdiyi 155 mm MOD 274 döyüş sursatı ilə sürətli atəş rejimində ilk 15 saniyədə 3 dəfə, normal atəş rejimində isə 1 dəqiqədə 4-6 mərmi ilə 40 kilometrə qədər məsafədə yerləşən hədəflərə dəqiq zərbə endirə bilir.

Atəş məsafəsinin böyük olması haubitsanın ərazidə yerləşən digər artilleriya bölmələrindən və qarşı tərəfin hədəflərindən uzaqda yerləşməsinə imkan verir. Bu isə düşmənin “Yavuz”a əks-hücum risklərini minimuma endirir.

İxrac imkanları

Tamamilə Türkiyənin yerli və milli imkanları ilə istehsal olunan "Yavuz" özüyeriyən artilleriya qurğuları Yaxın Şərq, Asiya və Afrika bazarları nəzərə alınmaqla layihələndirilib. Buna uyğun coğrafi şərait, hərbi tələblər nəzərə alınaraq müxtəlif avadanlıqlarla təchiz edilib. Azərbaycan ilə bərabər bir neçə ərəb ölkəsi də bu haubitsalarla yaxından maraqlanır.

Rəqibləri

“Yavuz” haubitsası göstəricilərinə və texniki imkanlarına görə rəqibləri hesab edilən Fransanın “Caesar”, İsveçin “Archer” və İsrailin “Atmos 2000” sistemlərindən geri qalmır, bəzi xüsusiyyətlərinə görə isə onları üstələyir.



Taktiki-texniki xüsusiyyətləri

Çapı: 155 mm
Atəş məsafəsi:
M107 (HE) sursatı ilə 18 km
M549A1 (HE) sursatı ilə 30 km
MOD274 sursatı ilə 40 km.
Sursat dəsti: 18 ədəd
Atəş tempi: dəqiqədə 6 mərmi
İkinci silahı: 12.7 mm pulemyot
Heyəti: 5 nəfər
Uzunluğu: 10.8 m
Eni: 2 m
Hündürlüyü: 4.1 m
Kütləsi: 20 ton
Lülə uzunlugu: 52 kalibr
Maksimum sürəti: 90 km/saat
Məsafəsi: 600 km


Nəticə

Son illərin döyüş təcrübəsi göstərdi ki, dağlıq ərazilərdə, xüsusən HHM vasitələrinin sıx yerləşdiyi əməliyyat teatrlarında PUA-ların tətbiqinin artmasına baxmayaraq, özüyeriyən uzaqmənzilli artilleriya əhəmiyyətini itirməyib. Vətən Müharibəsində reaktiv artilleriya Ordumuzun atəş gücünün əsas komponenti kimi dəyərləndirildi. Bir dərədən və ya yüksəklikdən digərinə dəqiq atəş dəstəyi yalnız artilleriya vasitəsilə mümkün olur.

Nəzərə alsaq ki, İrəvan son aylarda məntiqsiz addımlar atır, fərari ordusunu Fransadan və başqa ölkələrdən aldığı uzaqmənzilli hücum silahları ilə təchiz etməklə müharibəyə hazırlaşır, deməli, yaxın illərdə Azərbaycan-Ermənistan münasibətlərində tam sülhün əldə olunması hələ gözlənilmir. Belə olan halda Azərbaycan qalib ordusunu daim daha üstün silahlarla təmin etməlidir. Bu baxımdan qardaş Türkiyə və onun istehsal etdiyi silahlar bizim üçün prioritet olaraq qalacaq.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Hərb   Artilleriya   Yavuz  





Xəbər lenti