Hərrac komissiyasının üçüncü iclası keçirilib

Hərrac komissiyasının üçüncü iclası keçirilib
  30 Avqust 2024    Oxunub:1655
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən Qobustan Günəş Elektrik Stansiyası üzrə elan edilmiş hərracda iştirakçılardan daxil olmuş təkliflərə baxılması, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və hərracın qalibinin seçilməsi məqsədilə yaradılmış hərrac komissiyasının üçüncü iclası keçirilib.
Açılış nitqi ilə çıxış edən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ölkəmizdə ilk bərpa olunan enerji hərracının keçirilməsi prosesi barədə ümumi məlumat verib, layihə çərçivəsində təkliflər sorğusu mərhələsinin tələblərinə uyğun olaraq cari ilin sentyabr ayında hərracın təşkil ediləcəyi əraziyə (Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən 300,77 hektar torpaq sahəsi) hərracda iştirak edəcək şirkətlər ilə birgə sahə səfərinin və layihə ilə bağlı konfransın nəzərdə tutulduğunu bildirib.



Baş tutacaq konfransda layihə çərçivəsində müzakirələrin aparılması və hərrac komissiyasının üzvləri, o cümlədən məsləhətçi şirkətin nümayəndələri tərəfindən hərrac iştirakçılarını maraqlandıran sualların cavablandırılmasının planlaşdırıldığı diqqətə çatdırılıb.



Daha sonra Hərrac komissiyasının sədri Kamran Hüseynov çıxış edərək hərracla bağlı ötən iclasdan sonrakı dövrdə görülmüş işlərə dair komissiya üzvlərinə ətraflı məlumat verib. Hərracın ilk mərhələsinin (ixtisas uyğunluğunun müəyyənləşdirilməsi) icra qrafikinə uyğun olaraq uğurla başa çatdığını və 8 şirkətin ixtisas uyğunluğu tələblərinə uyğun hesab edilərək növbəti mərhələyə (təkliflər sorğusu) keçdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.



Komissiya sədri eyni zamanda təkliflər sorğusu mərhələsi üzrə ötən dövr ərzində şirkətlər tərəfindən layihəyə dair daxil olmuş müxtəlif sorğuların məsləhətçi şirkətin iştirakı ilə cavablandırıldığını vurğulayıb. Görüşdə, həmçinin AYİB və “Synergy” məsləhətçi şirkətinin nümayəndələri tərəfindən təkliflər sorğusu mərhələsi üzrə hərracda iştirak edən şirkətlərə təqdim edilmiş sənədlər və hərracın təşkili üzrə icra qrafikinə dair ətraflı məlumat verilib. Sonda Komissiya üzvləri tərəfindən layihə çərçivəsində qarşıda duran məsələlərə dair müzakirələr aparılıb.

AzVision.az




Teqlər:





Xəbər lenti