Türkiyəyə səfərlə bağlı Putinin qeyri-adi tələbi

Türkiyəyə səfərlə bağlı Putinin    qeyri-adi tələbi
  11 Sentyabr 2024    Oxunub:1521
Vladimir Putin Türkiyəyə səfər edərkən təyyarəsinin Rusiyanın qırıcı döyüş təyyarələri tərəfindən müşayiət olunmasını istəyir.
“Middle East Eye” nəşri məsələdən xəbərdar olan mənbələrə istinadən yazır ki, Ukraynanın onun təyyarəsinə uçuş marşrutu boyunca hücum edə biləcəyindən ehtiyatlanan Vladimir Putin Rusiya döyüş təyyarələrinin mühafizəsi altında Türkiyəyə uçmaq istəyir. Mənbələrin bildirdiyinə görə, Rusiya prezidentinin Ankaraya səfəri məhz bu səbəbdən təxirə salınıb.

“Moskvanın tələbini yerinə yetirmək çətindir, çünki NATO-nun hava hücumundan müdafiə (HHM) sistemləri Türkiyədə yerləşir və onlar Rusiya qırıcılarını düşmən hədəfləri kimi qəbul edə bilər. Türkiyə Putinin səfəri üçün hava hücumundan müdafiə (HHM) sistemlərinin işini dayandırmağı və ya dəyişdirməyi planlaşdırmır. Son müzakirələrdə Rusiya prezidentinin oktyabrın ilk həftəsində gəlişi ehtimalı nəzərdən keçirilir, lakin yeni tələblər belə ssenarini çətinləşdirir”, - nəşrin məlumatlı mənbələrindən biri deyib.

Xatırladaq ki, Vladimir Putin Ankaraya sonuncu dəfə 2014-cü ildə səfər edib. Əvvəllər xarici dövlət başçılarının səfərlərinin diplomatik protokollarında yaxından iştirak etmiş Türkiyənin keçmiş səfirlərinin fikrincə, Moskvanın tələbi son dərəcə qeyri-adidir.

- Türkiyə hökuməti xoşməramlılıq əlaməti olaraq xarici dövlət başçılarını müşayiət etmək üçün döyüş təyyarələri göndərə bilər. Bununla belə, xarici dövlət başçılarının öz qırıcılarını gətirməyi xahiş etməsi ilə bağlı indiyədək olmuş bir hadisə xatırlamıram”, - nəşrin həmsöhbəti təəccübünü gizlətməyib.

Bundan əlavə, Rusiya rəsmiləri otellərdən şikayətlənirlər. Belə ki, Ankaranın üç ən böyük oteli Amerikanındır. Nəşrin mənbələri Moskvada belə otellərin Rusiya prezidenti üçün təhlükəli olduğunü düşündüklərini bildiriblər. Onların sözlərinə görə, səfər zamanı PutininTürkiyə hökumətinin qonaq evində yerləşdirilməsi məsələsi qaldırılıb.

Qeyd edək ki, iyunun ortalarında mediada Putinin təyyarəsini “Su-30SM” qırıcısının müşayiət etməyə başladığı barədə xəbərlər yayımlandı. Eyni zamanda, xaricə uçuşlar zamanı Putini müntəzəm olaraq qırıcı təyyarələr müşayiət edir. Ötən ilin dekabrında Rusiya Müdafiə nazirliyi hətta dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı prezident təyyarəsini müşayiət edən “Su-35” qırıcılarının görüntülərini paylaşmışdı. Vladimir Putinin mətbuat katibi Dmitri Peskov daha sonra bunun təhlükəsizlik baxımından edildiyini açıqlamışdı.


Vladimir Putinin təhlükəsizliyinni təminatı ilə bağlı onsuz da yüksək səviyyədə olan tədbirlər Ukraynada müharibə başlayandan sonra xeyli gücləndirilib. İyunun əvvəlində iki rusiyalı məmur və Kremlə yaxın mənbə “The Moscow Times” qəzetinə bildirib ki, kəşfiyyat xidmətlərinin tövsiyəsi ilə Putin açıq hava tədbirləri zamanı hətta gülləkeçirməz jilet geyinməyə başlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Putin   Türkiyə   tələb  





Xəbər lenti