Mikayıl Cabbarov İraqın ticarət naziri ilə görüşüb - FOTOLAR
17 Sentyabr 2024
Oxunub:1210
İraqın ticarət naziri ilə görüşdə infrastruktur layihələri, özəl sektor və digər İstiqamətlər üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
AzVision.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri ilə görüşüb. Görüşdə İraqla münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi, ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişlənməsi üçün münbit şəraitin olduğu qeyd edilib. Bildirilib ki, İraq şirkətləri Azərbaycanda müxtəlif sahələrdə biznes fəaliyyəti ilə məşğul olur. Həmçinin Azərbaycan şirkətləri İraqda infrastruktur layihələrindəki iştirakını genişləndirə bilərlər. Bununla yanaşı, ticarət, sənaye, enerji, nəqliyyat, özəl sektor, turizm və digər vektorlar üzrə əlaqələrin inkişafı üçün perspektivlər böyükdür.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin, qarşılıqlı investisiyaların və işbirliyinin təşviqi imkanlarını dəyərləndiriblər.
Görüşdə biznes subyektlərinin əməkdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması və infrastruktur layihələrinin icrası istiqamətində birgə fəaliyyətin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.