Azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib

   Azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib
  18 Sentyabr 2024    Oxunub:1728
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, dəyişikliyə əsasən, 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək.

Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanda hər il 26 avqust – Laçın şəhəri günü, 4 oktyabr – Cəbrayıl şəhəri günü, 17 oktyabr – Füzuli şəhəri günü, 20 oktyabr – Zəngilan şəhəri günü, 25 oktyabr – Qubadlı şəhəri günü, 8 noyabr – Şuşa şəhəri günü, 20 noyabr – Ağdam şəhəri günü, 25 noyabr – Kəlbəcər şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti