Blinken: “Ukraynanın NATO-ya daxil olması qaçılmazdır”

   Blinken: “Ukraynanın NATO-ya daxil olması qaçılmazdır”
  12 Sentyabr 2024    Oxunub:889
NATO ölkələri Ukraynanın alyansa üzvlüyünün qaçılmaz olduğunu və ölkənin təşkilata qəbul edilməsi yolu ilə getdiyini açıq şəkildə bildiriblər.
AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Antoni Blinken Ukraynaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında belə deyib.

“Bir araya gələn NATO ölkələri Ukraynanın bloka daxil olmasının qaçılmaz olduğunu açıqladılar və indi Ukrayna bu yolla gedir. Eyni zamanda, Şimali Atlantika Alyansına qoşulmaq üçün Ukrayna zəruri olan islahatlar paketini qəbul etməlidir”, - amerikalı məmur vurğulayıb.

Elə həmin gün bir qədər əvvəl amerikalı diplomat Culiann Smit bildirib ki, ABŞ hakimiyyətinin fikrincə, Ukrayna NATO üzvlüyünə yaxınlaşmalıdır və buna görə də onlar son bir neçə ildə bu məsələdə Kiyevə kömək edirlər.

- Ukrayna alyansın üzvü olacaq, lakin onların ərazisindəki münaqişə səbəbindən müvafiq dəvət göndərməyin vaxtı hələ çatmayıb”, - xanım Smit deyib.

Avqustun 25-də isə Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lemmi Ukraynanın NATO-ya gedən yolunun dönməz olduğunu və onun artıq “Avropanın təhlükəsizlik arxitekturasında layiqli yer tutduğunu” iddia etmişdi.

Lakin Rusiya hökuməti yanında Maliyyə universitetinin eksperti Denis Denisov NATO təmsilçilərinin Ukraynanın bloka inteqrasiyası ilə bağlı bəyanatlarında bunun dəqiq nə vaxt baş verəcəyini demədiklərinə və əslində ölkənin təşkilata qoşulma ehtimalının hazırda qeyri-mümkün olduğuna diqqət çəkib.

İyul ayının ortalarında isə, Kentukki ştatından olan kiçik senator Rend Pol NATO-nun Ukraynaya üzvlük vədini alyansın ən böyük səhvlərindən biri adlandırıb. Onun fikrincə, alyansa yeni üzvlərin qəbul edilməsi özlüyündə məqsədə çevrilməməlidir, çünki blokun hər bir üzvü digər üzvlər üçün təhlükəsizlik səviyyəsini artırmalıdır.

Maraqlıdır ki, NATO-nun ifrat anti-Rusiya mövqeyi ilə seçilən baş katibi Yens Stoltenberq iyulun 10-da assosiasiyanın Kiyevi “üzvlüyə yaxınlaşdırdığını” iddia etsə də, Ukraynanın bloka qoşulması məqamının hələ yetişmədiyini bildirib.

Kiyevin qərbli müttəfiqlərinin bəyanatlarını ümumiləşdirən Krımdakı “Siyasi Maarifləndirmə Mərkəzi”nin rəhbəri, politoloq İvan Mezyuxo NATO-nun Ukraynanı öz sıralarına qəbul etməyəcəyi və ölkənin alyansa qoşulma perspektivləri ilə bağlı bütün bəyanatların Ukrayna xalqını “sakitləşdirmək” üçün verildiyi qənaətinə gəlib.

Qeyd edək ki, 2022-ci il sentyabrın 30-da Ukrayna sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq üçün ərizə təqdim edib. Daha sonra Ukrayna prezidenti Volodimir Zelenski əslində ölkənin artıq alyansda olduğunu və onun standartlarına cavab verdiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ukrayna   NATO   Blinken  





Xəbər lenti