"Ukrayna istədiyi nəticəni sammitlərdə deyil, döyüş meydanında əldə edə bilər"

   "Ukrayna istədiyi nəticəni sammitlərdə deyil, döyüş meydanında əldə edə bilər"
  10 Oktyabr 2024    Oxunub:306
Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna-Cənub-Şərqi Avropa Sammitində deyib ki, döyüş meydanındakı vəziyyət ən geci 2025-ci ilə qədər Kiyevdə müharibəyə son qoymaq üçün imkan yaradır.

"Oktyabr, noyabr və dekabr aylarında hər şeyi sülhə və davamlı sabitliyə doğru aparmaq şansımız var", - Zelenski qeyd edib.
Maraqlıdır, Zelenskinin bu fikirləri həqiqəti əks etdirirmi?

AzVision.az xəbər verir ki, politoloq Elxan Şahinoğlunun fikrincə, döyüş meydanındakı vəziyyəti nəzərə alaraq Ukrayna üçün hər şeyin yaxın zamanda müsbət həll olunacağını söyləmək çətindir:

Zelenski : Ukraynanı NATO-ya dəvət etmək “qələbə planı”nın ilk bəndidir
"Əksinə Rusiya Donbasda işğal ərazisini genişləndirməkdə davam edir. Ukrayna ordusunun avqustun əvvəlində Rusiya ərazisinə müdaxiləsi müsbət qiymətləndirilsə də, bu hələ ki, müharibənin gedişini Kiyevin xeyrinə dəyişməyib.

Ukrayna ordusu müqavimətini davam etdirir, döyüş bölgəsində nə mümkündürsə edir, ancaq ordunun işğal altındakı əraziləri yaxın aylarda geri qaytarmaq üçün daha çox canlı qüvvəyə və hərbi texnikaya ehtiyacı var. Rusiyanın müharibədə gündəlik itkiləri min nəfəri keçir, yüzlərlə hərbi texnikası da vurulur.

Buna baxmayaraq, Rusiya ölənlərin yerinə yenilərini göndərir, hərbi texnikası da zavodlardan birbaşa cəbhə bölgəsinə göndərilir. Ukrayna isə canlı qüvvə və hərbi texnika sarıdan çətinliklərlə üzləşib. Zelenskinin Ukrayna ilə bağlı ikinci Sülh Sammitinə olan ümidləri də özünü doğrultmaya bilər. İyunun 15-də İsveçrədə keçirilən birinci sammitin Ukrayna üçün böyük faydası olmadı. Qərb ölkələrində müharibədən yorğunluq özünü biruzə verir, bu amil də Ukraynanın əleyhinə işləyir. Odur ki, Ukrayna istədiyi nəticəni sammitlərdə deyil, döyüş meydanında - əks-həmlə ilə əldə edə bilər".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Ukrayna   müharibə   VolodimirZelenski  





Xəbər lenti