Məqsədinə çatmayan Rusiyanın hücumu zəifləyir

   Məqsədinə çatmayan Rusiyanın    hücumu zəifləyir
  11 Oktyabr 2024    Oxunub:327
Ukraynanın Kursk bölgəsinə müdaxiləsi ilə bağlı həyəcan yatdıqdan sonra rusların cəbhədə əsas hücumu yenidən üstünlük təşkil etməyə başladı. Rusların say və atəş gücü baxımından əhəmiyyətli üstünlüyə malik olduğu Donbassda tədricən irəliləməsinin təzyiqi altında Ukrayna qoşunları geri çəkildi.
“The Economist” nəşri Ukrayna mənbələrinə istinadən yazır ki, Ukrayna qüvvələri Uqledardan çıxıb və hazırda döyüşlər Toretsk şəhəri istiqamətində davam etsə də, bu günə kimi orada rusların ciddi irəliləyişi qeydə alınmayıb. Eyni zamanda, Rusiya hələ də Çasov Yar və Pokrovsk kimi mühüm şəhərləri tuta bilməyib.

Pokrovsk Ukrayna üçün əsas logistika mərkəzi olaraq qalır və Rusiya qoşunları onun uğrunda döyüşlərdə qapanıblar. Avqust ayında Pokrovskın sürətli süqutu ehtimalı fəal şəkildə müzakirə edilirdi. Lakin Rusiyanın irəliləyişinin yavaşıması nəticəsində son üç həftədə Moskva əhəmiyyətli ərazi qazancına nail olmadı.

Almaniyanın müdafiə məsələləri üzrə keçmiş məmuru Niko Lanqenin iddiasına görə, artilleriyanın şəhərə yaxın olmasına baxmayaraq, Rusiyanın Pokrovsk üzərinə tammiqyaslı hücuma keçmək üçün kifayət qədər gücü yoxdur. Bu şəhərin ələ keçirilməsi Rusiyaya mərkəzi Ukraynaya hücumunu davam etdirməyə və Donbassın cənubunda logistikanı pisləşdirməyə imkan verəcək. Lakin uğurlu olacağı halda belə, əməliyyat bir neçə ay davam edə və rus qoşunlarına böyük itkilər verə bilər.

“Ukrayna müdafiəsinin mümkün süqutu ilə bağlı narahatlıqlara baxmayaraq, Kiyev eyni zamanda düşmənə maksimum itkilər verməklə ərazilərdən tədricən çıxmaq strategiyasını davam etdirir. Rusiyanın itkiləri, xüsusən də şəxsi heyət və texnika, gündə min əsgərə qədər yüksəlir və Sovet zirehli texnikası artıq gələn il tükənə bilər”, - qəzetdə dərc olunan materialda deyilir.

Müharibənin Tədqiqi İnstitutu (ISW) bildirir ki, Pokrovsk uğrunda döyüşdə ən azı beş zirehli texnika diviziyası itirməsi Rusiyanın mövqelərini xeyli zəiflədib. Artilleriya sahəsində Rusiyanın üstünlüyündə də azalma var və indi o, Şimali Koreyadan gələn etibarsız sursatlardan daha çox asılıdır. Əgər ilin əvvəlində artilleriya atəşinin nisbəti Rusiyanın xeyrinə 10:1 idisə, indi bu fərq 2,5:1-ə endirilib.

Bu, müttəfiqlərdən və Ukraynanın öz istehsalı olan mərmilərin tədarüklərin artması, habelə Rusiyanın silah-sursat anbarlarına uğurlu zərbələr nəticəsində mümkün olub. Nəşr həmçinin, Rusiyanın hücumda əsas məqsədinə çata bilmədiyini qeyd edir.

- Ukraynanın perspektivləri ilə bağlı hazırkı ümidsiz vəziyyətə baxmayaraq, Rusiya bu ilin sonuna qədər Donetsk və Luqansk vilayətləri üzərində nəzarəti bərqərar etmək kimi əsas məqsədinə çatmaqdan çox uzaqdır. Rusiyanın bu ayın əvvəlinə qədər Ukrayna qüvvələrini Kursk vilayətindən çıxarmağı qarşısına məqsəd qoymasına rəğmən, indi görünən odur ki, bu, xeyli vaxt aparacaq və böyük qüvvələr tələb edəcək”, - qəzet yazır.

Niko Lanqe habelə Rusiyanın “informasiya müharibəsi” ndə irəliləyiş əldə etdiyinə diqqət çəkir. Ukraynanın qalib gələ bilməyəcəyi fikri getdikcə Qərb liderləri tərəfindən hərbi dəstəyi məhdudlaşdırmaq üçün bəraət qazandıran, özünü reallaşıdran peyğəmbərliyə çevrilir.

Beləliklə də, bir qanunauyğunluq müşahidə olunur: vəd edilmiş yardım gec gəlir və ya ümumiyyətlə verilmir. Amerikalı analitik Filips О'Braynın dediyi kimi, bu il ABŞ-dən Ukraynaya hərbi yardımın həcmi 2023-cü illə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   hücum   zəifləmə  





Xəbər lenti