ISW: “Rusiya Kurskda əks-hücumu niyə gücləndirib?”

      ISW:    “Rusiya Kurskda əks-hücumu niyə gücləndirib?”
  12 Oktyabr 2024    Oxunub:309
Son günlər ruslar, payız-qış aylarında hava şəraitinin pisləşməsindən əvvəl Ukrayna qoşunlarını bu ərazidən mümkün qədər sıxışdırmaq üçün Kursk vilayətində əks-hücum əməliyyatını gücləndiriblər.
AzVision.az xəbər verir ki, Amerikanın Müharibənin Tədqiqatı İnstitutunun (ISW) hesabatında Rusiya qoşunlarının eyni vaxtda Qluşkovsk rayonunda, Korenevsk rayonunda Ukraynanın əsas çıxıntısının sol cinahında və Sudjansk rayonunda əsas Ukrayna çıxıntısının sağ cinahında əks-hücumları gücləndirdiklərini diqqət çəkilir.

Z-hərbi müxbirləri Rusiya qüvvələrinin Korenevsk rayonunda iki Ukrayna batalyonunu mühasirəyə aldığını iddia etsə də, ISW analitikləri bunu təsdiqləmir. Ruslar həmçinin oktyabrın 10 və 11-də Ukrayna qüvvələrini Qluşkovsk ərazisinin əksər hissəsindən çıxardıqlarını iddia edirlər. Hərçənd, ISW Rusiyanın bu irəliləyişlərinin əyani sübutlarını hələ müşahidə etmədiyini bildirib.

Qurumun analitiklərinin fikrincə, Rusiyanın Kurskda gücləndirilmiş əks-hücumlarının iki əsas məqsədi var.

Birincisi, böyük ehtimalla, Moskva payızda pis hava şəraiti və qış mövsümü döyüş meydanında manevrləri məhdudlaşdırmamış Ukrayna qüvvələrini Kursk bölgəsindən sıxışdırıb çıxarmağa can atır.

“Rusiya hərbi komandanlığı 2024-cü ilin payızında və 2024-2025-ci il qışının əvvəlində pis hava şəraitinin Kursk bölgəsində səngər müharibəsini təşviq edəcəyindən narahat ola bilər. Bu isə, Ukrayna qüvvələrinə əsas diqqətəlayiq mövqelərində möhkəmlənmək və onları gücləndirmək, habelə Rusiyanın Ukrayna bölmələrini sərhədin o tayına keçirmək cəhdlərini daha da çətinləşdirmək üçün daha çox vaxt verəcək”, - ISW-nin analitikləri öz gümanlarını bölüşürlər.

İkincisi, ISW Rusiya hərbi komandanlığının, çox güman ki, Donetsk bölgəsində prioritet hücumu gücləndirmək məqsədi ilə döyüş qüvvəsini azad etmək üçün Ukraynanın hərbi bölmələrini Kursk bölgəsindən tez bir zamanda çıxarmağa çalışdığını düşünür.

- Çox güman ki, Rusiyanın hərbi komandanlığı Ukraynanın Kursk bölgəsinə müdaxiləsini tez bir zamanda aradan qaldırmaqla, qüvvələrini oradan Donetsk vilayətinə köçürməyə, Pokrovsk şəhərini, habelə Qərbi Donetsk bölgəsində daha geniş çıxıntını ələ keçirmək kimi əməliyyat məqsədlərinə çata biləcəyinə ümid edir”, - İSW öz hesabatında vurğulayır.


Maraqlıdır ki, bu arada Amerikanın məşhur “Atlantic Council” beyin mərkəzi Ukraynaya qalib gəlmək üçün Putinin yetərli sayda qoşunlara malik olmadığını iddia edib.

“Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində əməliyyatı artıq 3-cü aydır ki, davam edir və onun yaxın gələcəkdə başa çatacağına dair heç bir əlamət yoxdur. Avqustun 6-da əməliyyat başlayandan bəri Rusiyanın bir sıra əks-hücumlarına baxmayaraq, Ukrayna Kursk vilayətində min kvadrat kilometrə yaxın əraziyə nəzarəti davam etdirir. Rusiya torpaqlarında bu misli görünməmiş əməliyyat Kremlin hərbi maşınının məhdudiyyətlərini üzə çıxardı”, - mərkəz bildirir.

Bir çoxları Rusiya ordusuna, demək olar ki, sonsuz sayda insan və texnika təchizatına malik qarşısıalınmaz bir qüvvə kimi baxmağa davam etsə də, getdikcə aydınlaşır ki, əslində Vladimir Putinin Ukraynanı ələ keçirmək cəhdi nəticəsində təhlükəli dərəcədə yüklənən ordu Rusiyanın özünü müdafiə etmək iqtidarında deyil.

Ukrayna prezidenti Volodimir Zelenski əvvəlcə Rusiya ərazisindəki əməliyyatla Putinə təzyiq göstərə və onu Ukraynadan qoşunları “daxili cəbhəyə” köçürməyə məcbur edə biləcəyinə ümidli idi. İndiyə qədər bu baş verməyib və Rusiya ordusu Ukraynanın şərqində irəliləməkdə davam edir. Lakin bu da faktdır ki, belə ssenari Putinin Ukraynanın işğalı ilə Rusiyanın müdafiəsi arasında seçim etməli olduğunu çox gözəl şəkildə göstərir.

- Rusiyanın “Kursk cəbhəsi”ndə çətinlikləri Moskvanın artan insan resursları çatışmazlığının daha bir sübutu oldu. Məlumata görə, son aylarda Rusiya döyüşlərə yeni cəlb olunanlara təklif etdiyi mükafatları kəskin şəkildə artırmaq məcburiyyəti ilə üzləşib. Rusiyanın “Verstka” nəşrinin araşdırmasına görə, Ukraynaya qarşı döyüşməyə razılaşanların səhhəti çox vaxt çox pis olur və könüllülərin orta yaşı tam miqyaslı işğalın əvvəlindəki qırx yaşdan əlliyə yüksəlib”, - “Atlantic Council” yazır.

Putinin ordusunun tükənmiş sıralarını artırmağa məcbur olduğunu göstərən digər əlamətlər arasında Rusiyanın “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisinin dənizçilərinin dəniz xidmətindən uzaqlaşdırılaraq Ukraynaya piyada kimi göndərilməsi ilə bağlı son xəbərlər də var. Rusiya, həmçinin müttəhimlərə hərbi müqavilələr bağlamağa və məhkəmə təqibindən yayınmağa imkan verən yeni qanun layihəsinin qəbulu prosesindədir. On minlərlə rusiyalı məhbus Ukraynaya qarşı döyüşmək üçün artıq həbsxanalardan buraxılıb.


Bununla belə, avqustun əvvəlində sərhədi keçərək Kursk vilayətinə hücum edən ukraynalı hərbçilər sərhəd zonasında Rusiya istehkamlarının əksəriyyətində gənc çağırışçıların yerləşdiyini görüblər ki, onlar da tezliklə kütləvi şəkildə təslim olublar. Bu, Ukraynaya əsirlərin mübadilə fondunu doldurmağa və bir sıra məhbus mübadiləsi aparmağa imkan verdi, eyni zamanda Rusiya cəmiyyətində ciddi narahatlıq doğurdu.

“Kursk vilayətindəki vəziyyətə Putinin ona xas olmayan təmkinli reaksiyası Rusiya prezidentinin öz ordusunun çatışmazlıqlarını yaxşı bildiyini deməyə əsas verir. “Üçüncü dünya müharibəsi” ilə hədələmədən və ya ölkəsini “xarici işğalçıya” qarşı toparlamağa çalışmadan, Putin Ukrayna Silahlı Qüvvələrinin əməliyyatının əhəmiyyətini azaltmağa çalışdı və İkinci Dünya müharibəsindən sonra bunun ilk dəfə Rusiya ərazisinin “xarici işğalı” olması barədə təəccüblü dərəcədə az danışdı”, - Amerikanın beyin mərkəzi bildirir.

Analitiklərin fikrincə, belə əzgin reaksiya Ukraynanın Kursk vilayətində keçirdiyi əməliyyatın ilk günlərindən aydın görünürdü və Putin əvvəlcə bunu sadəcə “təxribat” kimi dəyərləndirmişdi. Onların iddiasına görə, Rusiya mediası Ukrayna əməliyyatının əhəmiyyətini minimuma endirmək üçün Kremldən göstərişlər alıb: onlara yerli auditoriyanı Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində mövcudluğunun indi “yeni norma” olduğuna inandırmaq tapşırılıb.

NYT: “Kiyev Rusiyanı tədricən taqətdən salmaq istəyir”
Qeyd edək ki, Rusiyan qoşunlarının Donbassda yeni ərazilər ələ keçirməsi və Kursk vilayətində Ukrayna qüvvələrinə qarşı əks-hücuma keçməsi fonunda son vaxtlar Qərb mətbuatında Moskvanın hərbi-iqtisadi gücünün zəifləməsi və Kiyevin Kursk əməliyyatının əhəmiyyəti barədə xeyli materiallar dərc olunur. Amma onların əksər hissəsi mövcud reallığın işıqlandırılmasından daha çox arzuolunanı həqiqət kimi qələmə verməyə çalışırlar. Bu baxımdan, saysız-hesabsız “analitik” materiallar dərc edən İSW xüsusi canfəşanlıq göstərir.

Belə materialların mündəricatı ilə tanışlıq isə, onların daha çox Qərbin Ukraynanı artıq təhvil verməyə hazırlaşdığını ört-basdır etmək sifarişini yerinə yetirmək xarakteri daşıdığını düşünməyə əsas verir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Kursk   əks-hücum  





Xəbər lenti