“Qlobal mediada” yazılanlar ikrah hissi doğurur

      “Qlobal mediada”    yazılanlar ikrah hissi doğurur
  01 Noyabr 2024    Oxunub:2167
Multimilyarder Cef Bezosla Ukrayna Prezidenti Zelenskinin ötən günlər biri digərindən doğan və bizim regiona yanaşmada da öz mənfi təsirini göstərən məsələlərdən bəhs edən məqalə və açıqlamaları diqqətdən kənarda qoymaq olmaz.
ABŞ-nin eks və mümkündür ki, gələcək Prezidenti Donald Trampın ardınca dünyada ən varlı adamlardan biri olması səbəbindən heç də ondan az tanınmayan Cef Bezos da yazdığı bir məqalədə qlobal media funksiyasını yerinə yetirən qəzetlərin əsl üzünü açıb göstərdi ki, onlardan da biri özününküdür.

Bezosun elə həmin qəzetdə, yəni 2013-cü ildən satın aldığı “The Washington Post” da dərc olunan məqaləsinin başlığı elə oradakı media haqda çox şey deyir. Başlıq belədir: “Sərt həqiqət -amerikallar kütləvi informasiya vasitələrinə inanmırlar”.

Biz isə özlərini “qlobal media” kimi təqdim edənlərə nəinki inanmırıq, onların bu regionla bağlı dərc etdiyi yazıların əksəriyyətinə ikrahla yanaşırıq. Çünki həmin yazıların az qala hər cümləsindən qərəz və saxtakarlıq tökülür. Mən “The Washington Post”dakı cızmaqaralarda bir dəfə də olsun Ermənistanın yeritdiyi işğalçı siyasətin tənqidinə rast gəlməmişəm. Əksinə, Azərbaycanı Rusiyaya, Ermənistanı isə Ukraynaya bənzətmək cəhdləri görmüşəm.

Elə həmin Ukraynanın Prezidenti Volodimir Zelenski hazırda ölkəsinin çox acınacaqlı durumda olduğunu deyir və burada ABŞ-nin bu il üçün vəd etdiyi yardımın ancaq 10 faizini verdiyinin az rol oynamadığını bildirir. Məncə, belə bir reallığın yaranmasında “The Washington Post”, eləcə də ayrı-ayrı ölkələrin ideoloji işğalında, onların plasdarma çevrilməsində ön cəbhədə yer alan digər qəzetlərin dırnaqarası xidmətləri də vurğulanmalıdır.

Qərbdəki bəlli çevrələrin və onların xidmətindəki kütləvi informasiya vasitələrinin guya parlament seçkisinin demokratik keçirilmədiyini əsas gətirərək Gürcüstanın üzərinə yerimələrinin əsl səbəbi də elə həmin ölkənin Ukraynaya çevrilmək istəməməsi deyilmi? Və biz görmürükmü ki, Avropada özü-özünü Qafqazın dırnaqarası kuratoru təyin edən Fransa burada da canfəşanlığı ilə seçilir. Gürcüstanda böhran yaratmağa, bu dost ölkəni bizim regionda bölücü xətlər çəkməyi planlaşdıranların plasdarımına çevirməyə çalışanlardan da biri məhz həmin Fransanın yetişdirib ora göndərdiyi şəxsdir.

Yeri gəlmişkən, regionu sülhə yaxınlaşdırmaq yönündə növbəti uğurlu addım kimi qiymətləndirilən Kazan görüşündən sonra Fransanın İrəvandakı səfirinin Azərbaycanı Qərbi Zəngəzurun bir hissəsini ələ keçirməkdə, Ermənistana yeni zərbələr endirməyə hazırlaşmaqda suçlandırması və təkcə özünün deyil, ölkəsinin də boyunu aşan tələblər səsləndirməsi rəsmi Parisin bu regionda çox yumşaq desək, pozucu fəaliyyətini ortaya qoymurmru?

Ona görə də, üzümü Ermənistan rəhbərliyinə tutub soruşmaq istəyirəm, əgər doğrudan da sülh və əmin-amanlıq işərisində yaşamaq istəyirsinizsə, sizə Fransa kimi havadar lazımdırmı?

Sahib Alıyev, millət vəkili
AzVision.az


Teqlər: Alıyev   "qlobal-müdia"   ikrah  





Xəbər lenti