Türkiyə mediası COP29-un açılışını geniş işıqlandırıb

   Türkiyə mediası COP29-un açılışını geniş işıqlandırıb
  12 Noyabr 2024    Oxunub:622
Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Lliderlər Sammitinin açılış mərasimi və Prezident Rəcəb Tayyib Ərdoğanın qlobal müzakirələrdə iştirakı Türkiyə mediasında mərkəzi mövzulardan biri olaraq qalır. Türkiyədəki telekanalların, qəzetlərin və xəbər qaynaqlarının gündəmi məhz bu məsələlərə həsr olunub.
Qardaş ölkənin media resursları Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılışındakı nitqi barədə ictimaiyyətə məlumat verib, sammitin gündəliyindən və Türkiyə Respublikasının liderinin səfər proqramından danışıb.

“HaberGlobal” telekanalı tamaşaçıların diqqətini COP29 ilə bağlı Azərbaycana qarşı aparılan dezinformasiya və yalan kampaniyasına cəlb edib. Telekanal Prezident İlham Əliyevin Azərbaycan iqlim sammitinin təşkilatçısı seçilən kimi respublikaya qarşı mütəşəkkil və razılaşdırılmış böhtan kampaniyasına başlanılması barədə fikirlərini efirə verib.

Azərbaycanın dövlət başçısı deyib ki, özlərini müstəqil adlandıran bəzi QHT-lər və siyasətçilər sanki Azərbaycan haqqında daha çox yalan və dezinformasiya yaymaq üçün bir-biri ilə rəqabət aparırlar. Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin bərpası istiqamətində göstərdiyi səylərə, o cümlədən respublikanın bu hissəsində yaşıl layihələrin həyata keçirilməsinə də diqqət yönəldilib.

Tamaşaçılara Azərbaycanın iştirakı ilə həyata keçirilən, Avrasiyada enerji və nəqliyyat marşrutlarını dəyişdirən meqalayihələr barədə məlumat verilib. Qardaş ölkənin media strukturları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın COP29 çərçivəsində proqramından danışıb, onun Bakıda keçiriləcək iqlim sammitində planlaşdırılan çıxışı barədə məlumat veriblər.

Qlobal müzakirələrin davam etdiyi Bakı Olimpiya Stadionunun ərazisində Türkiyə dövlətinin başçısının tədbirlərdə iştirakını əks etdirən şəkillər və videogörüntülər yayımlanıb. Türkiyənin ekoloji sahədəki səylərinin uğurlu nümunəsi kimi Türkiyə liderinin xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır Tullantı” təşəbbüsündən də bəhs edilib.

AzVision.az

Qalereya




Teqlər: COP29  





Xəbər lenti