"Dövlət orqanlarının əlaqəli fəaliyyəti mediasiya prosesi üçün əhəmiyyət daşıyır"

"Dövlət orqanlarının əlaqəli fəaliyyəti mediasiya prosesi üçün əhəmiyyət daşıyır"
  30 Noyabr 2024    Oxunub:392
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ankarada keçirilən Türk Dünyası Mediatorlar Birliyinin (TDAB) Beynəlxalq Şurasının ilk iclasında iştirak edib.
Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər ki, S.Əliyeva tədbirdə çıxış edərək insan hüquqları ilə bağlı mübahisələrdə tərəflər arasında qarşılıqlı hörmət və güzəşt mühitinin yaradılmasında mediasiya prosesinin əhəmiyyətini qeyd edib. O, bunun tərəflər arasında birbaşa dialoq və anlaşma əsasında razılığın əldə edilməsinə şərait yaratmaqla yanaşı, cəmiyyətdə sülhün və ədalətin bərqərar olmasında mühüm rol oynadığını vurğulayıb.

Ombudsman Aparatına ünvanlanmış müraciətlərdə mediasiya prosesindən fəal istifadə edildiyini bildirən müvəkkil bu prosesdə tərəflər arasında birbaşa dialoqun təmin edilməsinə və barışığın təşviqinə önəm verildiyini diqqətə çatdırıb. O, pozulmuş insan hüquqlarının bərpası istiqamətində hüquqi çərçivədə aparılan işlərlə yanaşı, dövlət orqanlarının mənəvi dəyərləri təbliğ edərək cəmiyyətdə yarana biləcək problemlərə qarşı daim əlaqəli xidmət göstərməsinin və qabaqlayıcı tədbirləri sistemli şəkildə həyata keçirməsinin əhəmiyyətindən danışıb.

S.Əliyeva Ombudsman təsisatı ilə Mediasiya Şurası arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, mediasiya prosesi ilə bağlı şikayətlərin araşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə işinin təşkili istiqamətində birgə səmərəli fəaliyyətin həyata keçirildiyini deyib.

Səbinə Əliyeva Türk Dünyası Mediatorlar Birliyinin (TDAB) Beynəlxalq Şurasının ilk iclası çərçivəsində, həmçinin “Qarabağ gecəsi” adlı tədbirdə çıxış edib.

Müvəkkil çıxışında Vətən müharibəsi zamanı əldə olunmuş Zəfərin Türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını, dünyada sülhün və əmin-amanlığın, regionda isə yeni əlaqələrin formalaşmasının vacibliyini bildirərək, hazırda keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıdışının təmin olunduğunu, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirildiyini vurğulayıb.

Səbinə Əliyeva Türkiyənin Baş ombudsmanının və İnsan Hüquqları və Bərabərlik Qurumunun sədrinin işğaldan azad edilmiş torpaqlarda aparılan faktaraşdırıcı missiyalarda fəal iştiraklarını, bu ölkənin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini məmnunluqla xatırladıb.

AzVision.az



Teqlər:





Xəbər lenti