Beynəlxalq Parlament Konfransının iştirakçıları Zəfər Parkını ziyarət edib

 Beynəlxalq Parlament Konfransının iştirakçıları Zəfər Parkını ziyarət edib
  06 Dekabr 2024    Oxunub:992
Dekabrın 6-da Milli Məclisdə keçiriləcək “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransının iştirakçıları Zəfər parkını ziyarət ediblər.
AzVision.az xəbər verir ki, qonaqlara Zəfər parkı barədə məlumat verilib. Qeyd olunub ki, Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır.



Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Qeyd olunub ki, Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb.



Bildirilib ki, Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.

Konfrans iştirakçıları parkdakı Zəfər abidəsinin önündə xatirə şəkli çəkdiriblər, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiramla anıblar.

Konfrans iştirakçılarını Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, eləcə də deputatlar Anar Məmmədov və Nigar Məmmədova müşayiət ediblər



AzVision.az




Teqlər:





Xəbər lenti