Diplomatik rütbələrin verilməsi sahəsindəki yeniliklər
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq təşkilatın orqanında işləməyə və ya xidmətdən ayrılmaqla əlavə təhsil almağa göndərilmiş diplomatik xidmət əməkdaşlarına növbəti diplomatik rütbənin verilməsi onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) tutduqları son vəzifə üzrə bu Qanunun 15.13-cü maddəsində nəzərdə tutulan qaydada (Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilir) həyata keçirilir. Diplomatik xidmət orqanlarında diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya dövlət qulluğunun digər xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi və ya hərbi rütbə verilir. Dövlət qulluğunda və ya dövlət qulluğunun digər xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər diplomatik xidmətə qəbul edildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq diplomatik rütbə verilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən diplomatik rütbələr istisna olmaqla, daimi diplomatik xidmətə qəbul edilən və ya daha yüksək pillə diplomatik vəzifəyə təyin olunan və diplomatik rütbəsi tutduğu diplomatik vəzifə üzrə müəyyən edilmiş diplomatik rütbə həddindən aşağı olan diplomatik xidmət əməkdaşına təyin olunduğu diplomatik vəzifə üzrə ən aşağı diplomatik rütbə verilir.
Diplomatik xidmət əməkdaşına həvəsləndirmə qaydasında, tutduğu diplomatik vəzifəyə uyğun müəyyən edilmiş hədd daxilində vaxtından əvvəl növbəti diplomatik rütbə verilə bilər. Növbəti diplomatik rütbənin vaxtından əvvəl verilməsinə diplomatik xidmət əməkdaşının xidmət müddəti ərzində yalnız bir dəfə və malik olduğu diplomatik rütbədə bu qanunda müəyyən edilmiş müddətin azı yarısını xidmət etdikdən sonra yol verilir.
Diplomatik xidmət əməkdaşlarına diplomatik rütbələr müsbət xidməti fəaliyyəti, mövcud diplomatik rütbəsi və həmin rütbədə xidmət müddəti, tutduğu vəzifəyə növbəti diplomatik rütbənin uyğunluğu nəzərə alınmaqla ardıcıl verilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olan, tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılan, yaxud barəsində intizam tənbehi tətbiq edilmiş, həmçinin cinayət təqibi üzrə icraat başlanılmış və ya xidməti yoxlama, yaxud araşdırma aparılan diplomatik xidmət əməkdaşına müvafiq olaraq vəzifəyə təyin olunana, vəzifəsinə qaytarılana, intizam tənbehi qüvvədən düşənə (götürülənə), cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alana, xidməti yoxlama və ya araşdırma qurtaranadək diplomatik rütbə verilmir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olan, tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılan, həmçinin barəsində cinayət təqibi üzrə icraat başlanılmış və ya xidməti yoxlama, yaxud araşdırma aparılan diplomatik xidmət əməkdaşı müvafiq olaraq vəzifəyə təyin olunduqda, vəzifəsinə qaytarıldıqda, cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti yoxlama və ya araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti diplomatik rütbə alması üçün xidmət müddəti əvvəlki diplomatik rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır. Diplomatik xidmət əməkdaşının əmək kitabçasında onun hər bir diplomatik rütbəsi barədə qeyd aparılır.
Diplomatik xidmət əməkdaşının xidmət dövründə diplomatik rütbəsi intizam tənbehi tədbirinin tətbiqi qaydasında aşağı salına bilər. Diplomatik xidmət orqanlarında xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşı Azərbaycan Respublikasının və ya diplomatik xidmət orqanlarının nüfuzuna xələl gətirən əməllərinə görə diplomatik rütbədən məhrum edilə bilər. Diplomatik rütbənin aşağı salınması və ya diplomatik rütbədən məhrum edilmə həmin diplomatik rütbəni vermiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
Diplomatik rütbədən məhrum edilmə halı istisna olmaqla, diplomatik rütbə ömürlük verilir.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, diplomatik xidmət əməkdaşlarının diplomatik rütbələrdə olma müddətlərinə aşağıdakılar daxildir:
- müvafiq icra hakimiyyəti orqanında və onun yardımçı təşkilatlarında iş;
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında iş;
- keçmiş SSRİ-nin və müttəfiq respublikaların xarici işlər orqanlarında iş;
- beynəlxalq təşkilatlarda iş;
- müvafiq icra hakimiyyəti orqanının ali təhsil və elmi müəssisələrində elmi və pedaqoji fəaliyyət müddəti;
- müvafiq icra hakimiyyəti orqanının göndərişi əsasında həyata keçirilən əlavə təhsilin müddəti;[
- ali təhsil müəssisələrinə, aspiranturaya (doktoranturaya) müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilənlərin təhsil müddəti.
Diplomatik xidmət əməkdaşlarının rütbələri, işlərində mühüm nailiyyətlərin və ya xüsusi xidmətlərin olduğu hallarda, müəyyən edilmiş müddətin başa çatmasından əvvəl və ya növbədən kənar artırıla bilər.
Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər. Diplomatik xidmət əməkdaşının rütbədən məhrum edilməsi və ya onun rütbəsinin aşağı salınması, rütbənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Diplomatik xidmət əməkdaşının əvvəlki rütbəsinin bərpa olunmasına yalnız həmin əməkdaş qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti attestasiyadan keçdikdən sonra yol verilir.
AzVision.az
Teqlər: