Deputat: “Qaranlıq məqamlara aydınlıq gətirilməlidir”
İki gün öncə Rusiyada vurulan sərnişin təyyarəsində həlak olanlara bir daha rəhmət, doğmalarına səbr, yaralananlara şəfa diləyirəm!
Prezidentimiz cənab İlham Əliyevin bu haqda xəbər alan kimi Sankt-Peterburqa səfərini dayandırıb geri dönməsi, araşdırma aparmaq üçün təcili olaraq dövlət komissiyası yaradılması, qəza enişi edilən Aktauya iki nazir və mütəxəsislərin yer aldığı heyətin göndərilməsi və tam dəqiqləşdirilmədən hər hansı rəsmi açıqlamanın verilməməsi, eyni zamanda da təyyarənin qəlpə izləri olan gövdəsinin kadrlarının yayılmasını təmin etməklə kimlərinsə iz azdırmaq cəhdlərinin heçə endirilməsi, Azərbaycan dövlətinin nə dərəcədə dəqiq, məsuliyyətli davrandığını, elə həm də böhran menecerliyinin necə yüksək səviyyədə olduğunu ortaya qoydu.
Çox təəssüf ki, təyyarə vurulan ölkə haqda bunu demək olmur. Dünən də yazmışdım, yenə vurğulayıram ki, dekabrın 25-dəki təyyarə qəzası Rusiya mediasının təqdim etməyə çalışdığı kimi deyil, Qroznı hava limanına enişə hazırlaşarkən “Pantsir-S”-lə vurulması səbəbindən baş verib. Əlbəttə, bu qəsdən edilməyib, amma istərdik ki, vurulan təyyarənin yaxınlıqdakı Mahaçqala, yaxud da Mineralnıye Vodı hava limanına enməsinə niyə izn verilməməsinə, nədən onun dənizin o biri tərəfinə, Qazaxıstanın Aktau şəhərinə göndərilməsinə aydınlıq gətirilsin.
Bir daha xatırlatmaq istəyirəm ki, 2020-ci ilin 9 noyabrında Rusiya helikopteri, həm də hərbi helikopteri Ermənistanınkı ilə səhv salınıb vurulanda Azərbaycan buna görə üzr istəmiş və təzminat ödəmişdi. 2015-ci ildə Rusiyanın Türkiyənin hava sərhəddini pozan hərbi təyyarəsi vurulanda da, sərhədpozma halının aniliyi və qəsdən olmadığı nəzərə alınaraq yenə üzr istənilmişdi. Qarşı tərəfdən də eyni addımların atılmasını gözləyirik və bunu həm də beynəlxalq normalar tələb edir.
Əsl insanpərvərlik sərgilədiklərinə, qardaşcasına hərəkətlərinə görə Qazaxıstan xalqına minnətdarlığımı çatdırıram. Qeryi-adekvat davranışları ilə diqqət çəkən bəzilərinin yardım təklifini rədd edən, təyyarənin vurulması faktınının təsdiqlənməsini və buna da uyğun addımlar atılmasını istəyən dövlətimizin özünü böyük sayanlardan nə qədər ucada durduğunu, eləcə də uçuş heyətinin yüksək peşəkarlığını və fədakarlığını vurğulamaya bilmirəm. Kaş ki, təyyarəmizi səhv salıb vuranlar da az da olsa onlara bənzəyərdilər. Belədə nə bu hadisə olardı, nə də təyyarə vurulduğu an xudbincəsinə hərəkət etməyib onun enişinə izn versəydilər, bu qədər çox insan həyatını itirərdi.
Pilotların ustalığını nəzərə alsaq, bəlkə də heç bir itki olmayacaqdı, yəni təyyarədəki 72 nəfərdən 32-nin sağ qalması məhz uçuş heyətinin xidmətidir. Bəs 40 nəfərin həyatını itirməsi kimin vicdanına yazlımalıdır? Təbii ki, hələ də susmaqda davam edənlərin, məsuliyyəti öz üzərlərindən atmağa çalışanların və bunda onlara dəstək çıxanların.
Düzdür, sosial mediada qərbdəki bəlli çevrələrə bağlı ünsürlərin bundan faydalanaraq yenə də dövlətimizi və özünün təyyarə parkının əksər ölkələrdəkindən daha yüksək səviyyədə olması ilə fərqlənən AZAL-ı necə hədəfə aldıqlarını da gördük. Ancaq onu da gördük ki, İkinci Qarabağ savaşı günlərində torpaqlarımızın azad olunmasını istəməyənlərin tapşırığı ilə fəaliyyət göstərən, başında lider yox, muzdlu blogerin durduğu AXCP ilə Müsavatı çıxmaqla bütün partiyalar bu qəzayla bağlı da birgə bəyanat yayaraq məhz Azərbaycana xidmət etdiklərini sərgilədilər. Ona görə də lideri, mütəxəssisləri və elə ancaq öz xalqına bağlı partiyaları ilə də çoxlarına örnək olan dövlətimlə qürur duyduğumu gizlətmirəm. Əminəm ki, çoxlarınız mənim bu fikirlərimi bölüşürsünüz.
AzVision.az
Teqlər: Alıyev təyyarə faktlar