Matəmlə əlaqədar dekabrın 26-27-də səfirlikdə xatirə kitabı açılıb. Özbəkistanın Baş naziri Abdulla Aripov, Özbəkistan Parlamentinin hər iki palatasının sədrləri, nazirlər, parlament üzvləri dekabrın 27-də Daşkənddəki səfirliyimizdə olub. Baş nazir Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzası ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, başsağlığı kitabında ürək sözlərini yazıb. Bundan başqa, xarici ölkələrin Özbəkistandakı diplomatik korpuslarının rəhbərləri, ölkə vətəndaşları, diasporumuzun üzvləri faciə ilə bağlı səfirliyimizin önünə tər çiçəklər düzüb, başsağlığı kitabında ürək sözlərini qeyd ediblər.
Matəmlə bağlı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Daşkənd şəhərində yerləşən binasında da Azərbaycanın Dövlət Bayrağı endirilib.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
AzVision.az