XİN: Ermənistanla sazişin mətnində açıq qalan məsələlər ciddi şəkildə azalıb

      XİN:    Ermənistanla sazişin mətnində açıq qalan məsələlər ciddi şəkildə azalıb
  28 Dekabr 2024    Oxunub:351
İl ərzində Azərbaycan tərəfindən irəli sürülmüş normallaşma gündəliyi birbaşa ikitərəfli danışıqlar yolu ilə ardıcıl, məqsədyönlü şəkildə Azərbaycan Respublikasının milli maraqlarına uyğun şəkildə irəlilədilib.
Bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.
Qeyd edilib ki, 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında 17 fevralda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə həm ikitərəfli, həm də üçtərəfli formatda, 24 oktyabrda Kazanda BRICS-in 16-cı Sammiti çərçivəsində ikitərəfli görüşlər baş tutub. Ali səviyyədə keçirilən görüşlərdə verilmiş tapşırıqlara uyğun olaraq, Xarici İşlər Nazirlikləri səviyyəsində dövlətlərarası münasibətlərin əsasını təşkil edəcək ikitərəfli sazişin razılaşdırılması ilə bağlı təmaslar davam etdirilib.

İl ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 2024-cü ilin 28-29 fevral tarixlərində Berlində, 10-11 may tarixlərində Almatıda, 10 iyul tarixində isə NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda, 26 sentyabr tarixində BMT Baş Assambleyasının 79-cu İllik Sessiyasının yüksək səviyyəli müzakirələrində iştirak çərçivəsində Nyu-Yorkda və 18 oktyabr tarixində isə İstanbulda keçirilən “3+3” toplantısı çərçivəsində olmaqla, ümumilikdə beş görüş baş tutub.

Tərəflər arasında aparılan ikitərəfli danışıqlar nəticəsində sazişin mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilib. Nəticə etibarilə, sazişin mətnində açıq qalan məsələlər ciddi
şəkildə azalıb. İl ərzində sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində müsbət nəticələr əldə edilib. İki ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə məşğul olan komissiyaların əldə etdiyi razılığa əsasən, Azərbaycanın Ermənistanın işğalı altında olan Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycanın suveren nəzarətinə qaytarılması təmin edilməklə, dövlət sərhədinin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti