Şöhrət və... unudulmayan aktyor

Şöhrət və... unudulmayan aktyor
  29 Aprel 2013    Oxunub:2701
Xalq artsiti Kamal Xudaverdiyevin ölümü və ölməzliyinə
Əsəd Cahangir

Proloq

Tanınmış teatr və kino aktyoru, Xalq artisti Kamal Xudaverdiyevin vəfatından artıq beçinci dəfədir ki, bir neçə gün keçir. O beş il öncə - 2008-ci il aprelin 23-də haqqın rəhmətinə qovuşdu. Ürəklə yaşayan bütün adamlar kimi Kamal müəllimin də ölümü ürəyindən oldu.

Amma ürək də ürək idi! Düz altmış doqquz il döyündü! Və o çətinlikləri ki o ürəyin sahibi çəkmişdi, o sıxıntıları ki, o ürəyin sahibi görmüşdü, buna hər ürək altmış doqquz il dözməzdi.

Kamal Xudaverdiyev 1938-ci ildə - qanlı-qadalı repressiya dönəmində, işıqlı bir yaz günü – mayın 3-də, Bakıda doğuldu. Atasını erkən itirdi, evin tək uşağı oldu, ana ümidinə böyüdü. Nə qədər atasız böyüyən adamlar tanıyıramsa, əksərində bir sınıqlıq görmüşəm. Onlar böyüyür, ata, sonra baba olurlar. Aralarında şöhrət, sərvət qazananlar da olur. Amma ömürlərinin sonunacan atasızlıq kompleksinin daşıyıcıları - gözüqıpıq yetim uşaq olaraq qalırlar.

Kamal müəlim bu yöndən bir istisna idi. O nə ailə, nə həyat, nə də sənətdə ana uşağı deyildi. Əksinə, güzəran çətinlikləri, mənəvi sıxıntılar onda mərd, ləyaqətli bi insan xarakteri formalaşdırmışdı. Zahirən bir az sərt, bir az qaraqabaq, mahiyyətcə isə mehriban, mərd, sözübütöv, gözütox, ağlamağı, sızlamağı sevməyən, çox bilib az danışan bir insan xarakteri. Və bu xarakter həyatda ona çox maneələr yaradırdı. Bu da təbii idi - xarakter varsa, öz sahibinə mane də olmalıdır. Amma məhz elə həmin xarakter aktyora səhnədə, ekranda bir-birindən gözəl obrazlar yaratmağa kömək də elədi. Böyük tamaşaçı məhəbbəti qazanan onlarla obraza həyat nəfəsi verən bu istedadlı aktyorun şah əsəri əslində onun özü – Kamal Xudaverdiyev idi. Yaratdığı çoxsaylı obrazlar isə onun sadəcə zərrələriydi.

Kamal Xudaverdiyev istər səhnə, istərsə də kinoda yaratdıqlarından qat-qat böyük obrazlara həyat verə bilərdi. Amma neyləysən ki, taleyin səmt küləyi həmişə əsmir və insan layiq olduqlarına nail olmaq üçün üzücü sınaqlardan keçməli olur. Həyatda üzləşdiyi çətinliklər, sənətdə rastlaşdığı haqsızlıqlar onu təbii ki, çox incidir, amma sındıra bilmirdi. O bu xarakteri ömrünün sonunacan da qoruyub saxladı və Kamal müəllimin həyat və yaradıcılıq yoluna az-çox bələd olan hər kəs bilir ki, bu qədər çətinliklər içində bu xarakteri altmış doqquz il qoruyub saxlamağın ancaq bir adı var idi – qəhrəmanlıq.

Taleyin sınaqları

Görkəmli rejissor Tofiq Kazımovun təklifi ilə Milli Teatrın truppasına daxil olan gənc Kamalın səhnəyə gəldiyi 60-cı illər Azərbaycan siyasi, mədəni və mənəvi həyatının intibahı – milli özünüdərk dövrü idi. Azərbaycan siyasi həyatı özünün gələcək böyük liderinin – Heydər Əliyevin zühurunu gözləyirdi. Musiqidə Ramiz Mirişli, Emin Sabitoğlu, Elza İbrahimova, Zeynəb Xanlarova, Müslüm Maqomayev, ədəbiyyatda Anar, Elçin, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Ramiz Rövşən və digərlərinin adları ilə təmsil olunan tamamilə yeni və çoşqun bir yüksəliş başlamışdı. Mikayıl Müşfiqin diliylə desək, hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham...Teatr sənəti sahəsində bu yeniliyi milli teatr sənətimizin reformatoru kimi tanınan Tofiq Kazımovun başçılığı ilə Həsənağa Turabov, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Fuad Poladov və digər gənclər təmsil edirdilər. Təbiidir ki, Kamal Xudaverdiyev də teatra bu ümummilli mədəni-mənəvi inkişaf dalğası üstündə gəlmiş və süpürgəçidən tutmuş krala qədər onlarla obrazı ilə bu inkişafa öz töhfəsini vermişdi.

Qəhrəman rolunu oynayacaq aktyora lazım olan hər şey varıydı onda – uca boy, hərarətli səmimiyyətdən doğan təbii temperament, ifadəli sifət çizgiləri, məlahətli danışıq manerası... Səhnə ulduzuna, milyonların sevimlisinə çevrilmək üçün daha nə lazım idi ki? Onu sevirdilər də... Bu telli-toqqalı bakılı balası qızların-qadınların kumiri idi, həm də sadəcə, tamaşaçıların yox, hətta dövrünün məşhur, adlı-sanlı aktrisalarının da. Ona rollar da verirdilər - “Orlean qızı”nda Raul, “Almaz”da İbad, “Kəndçi qızı”nda Aslan, “Qəribə oğlan”da Otar, “Yalan”da Fərman, “Hamlet”də Laert, “Maqbet”də Maqduf... Və o bu rolların öhdəsindən əla da gəlirdi. Sadəcə, bu rolların dramaturji tutumu aktyora öz böyük potensialını bütün gücüylə üzə çıxarmağa imkan vermirdi. Məsələn, “Maqbet” tamaşasından söz gedəndə Kamal Xudaverdiyevin Maqduf yox, Maqbet oynayan vaxtıydı. İstər rolun özünün dramaturji fakturası, istərsə də aktyorun istedadı və təxminən 20 illik sənət təcrübəsi belə düşünməyə əsas verirdi. Amma bütün ənənəvi teatrlarda olduğu kimi, Milli Teatrda da dəyişməz rol bölgüsü varıydı – kimlərsə həmişə başa rollar almalı, kimlərsə daimi olaraq anturajları oynamalıydı. Eyni vəziyyət kinoda da müşahidə olunurdu. 60-70 ci illərdə çəkildyi “Dağlarda döyüş”, “İstintaq davam edir”, “Nəsimi”, “Dədə Qorqud”, “Səmt küləyi”, “Ulduzlar sönmür” və digər filmlərdə yaratdığı Yusif, Bəybecan və s. epizodik, ən yaxşı halda ikinci dərəcəli obrazlar aktyorun bütün məharətinə baxmayaraq, onun istedadını tam şəkildə ortaya qoya bilmirdi. Və bunun səbəbi, əlbəttə ki, nə aktyorda, nə də rolda deyildi...

Uçuşa hazırlıq

Səksəninci illər gəlib çatdı. Kamal Xuydaverdiyev artıq tanınmış aktyor, əməkdar artist idi. Zaman isə öz sözünü deyirdi, qara saçlar ağarır, gənclik çöhrəsinə yaş hissolunmadan öz naxışlarını salırdı. Həyat şəraiti də o qədər ürəkaçan deyildi. O səhnədə kral saraylarını gəzib dolaşır, həyatda isə ən böyük dayağı, mənəvi dəstəyi olan qoca anası və ailəsi ilə birlikdə atadanqalma birotqalı mənzilində yaşayırdı. Arzular, arzular... bitib-tükənmək bilməyən arzular isə... O sözünü deməli, təsəvvüründə olan Kamalın obrazını özü gördüyü kimi hamıya göstərməliydi. Nəyin bahasına olursa-olsun! İradə, dözüm, özünütəsdiq etmək inadı qalib gəldi! Qarşısıalınmaz arzu və dönməz iradə qarşısında hətta tale də acizdir. Tale mələkləri güzəştə getdi, Fortuna öz gəmisini ona doğru yönəltməyə başladı. Tanınmış aktyor və rejissor Lütfi Məmmədbəyovun bir-birinin ardınca ekranlaşdırdığı və Kamal Xudaverdiyevə bir qayda olaraq qəhrəman rolları verdiyi teletamaşalar zirvəyə doğru uçuşda bir hazırlıq mərhələsi, tramplin rolu oynadı.

Müəyyən qədər retro səciyyəsi daşıyan bu tamaşalar vaxtilə - 40-60-ci illərdə Milli Teatrda səhnələşdirilmiş və bir qayda olaraq anşlaqla keçmişdi. Özünün də gənclik illərində rol aldığı bu tamaşaları həyata qaytarmaqda rejissorun bir əsas qayəsi var idi – yeni nəsil tamaşaçıları bir neçə on il uzaqda qalmış teatr inciləri ilə tanış etmək, bərpa işi görmək. Amma Lütfü müəllim bilərəkdən, ya bilməyərəkdən bir işi də yerinə yetirdi – indiyə qədər daha çox ikinci dərəcəli rollar, hətta antuarjlarda görünən Kamal Xudaverdiyevin bas qəhrəman potensilaını üzə çıxardı.

O sadəcə istedadlı bir aktyordan milyonalrın tanıdığı və sevdiyi populyar aktyora çevrildi. Üstünə atılan böhtanlara mətanətlə sinə gərən Cəlal Qaşqay (“Alov”), yaxın adamlarının fitnə-fəsadı nəticəsində səhvə yol verən və ömrü boyu nakam sevgi ağrısı yaşayan İldırım Atayev (“Atayevlər ailəsində”)... Doğma balasını özü də istəmədən şöhrət hissinə qurban verən və ömrü boyu bunun ağlasığmaz əzablarını yaşayan atanın faciəvi aqibətini göstərən Doktor (“Şöhrət və unudulan adam”) obrazı isə təkcə aktyroun yaradıcılığı yox, ümumən, Azərbaycan aktyor sənətinin uğurlarından birinə çevrildi.

“Şöhrət və unudulan adam” öz baş qəhrəmanını yaradan aktyora unudulmazlıq statusu verdi. Günahsız və ya günahkar olmasından asılı olmayaraq, bu obrazları birləşdirən bir cəhət var idi – vicdan! Və bu obrazları Kamal Xudaverdiyev kimi yüksək mənəviyyat daşıyıcısı olan, həyatda ağrı-acılar yaşamış aktyora verməkdə təcrübəli rejissorun nə qədər dəqiq seçim etdiyi hər tamaşadan sonra bir daha aydın olurdu...

Zirvə

90-cı illər... Uçub dağılan sovet imperiyası...Qarabağ savaşı...illərlə təmirə bağlanan teatr... Nə cəmiyyət təmir olunub qurtarırdı, nə teatr. Nə də müharibə bitmək bilirdi. Üstəlik də keçid dövrünün gətirdiyi qaçılmaz güzəran çətinlikləri. Hərə başını götürüb bir yana qaçırdı. Zaman insanların sevgisini sınağa çəkirdi – vətən sevgisini, sənət eşqini. Kamal Xudaverdiyevin 90-cı illərdə ana teatrın baş qəhrəmanına çevrilməsi bu sınaqdan üzüağ çıxmasının əyani təsdiqi oldu. Və söhbət sadəcə olaraq, Kamal Xudaverdiyevin məhz bu illərdə Xalq artisti fəxri adına layiq görülməsindən getmir. Söhbət ondan gedir ki, qəhrəmanlar kritik məqamlarda, ağır vaxtlarda üzə çıxır.

Sənət eşqi, dözüm, mətanət, tale, sınaq... bunlar öz yerində, amma aktyorun 90-cı illərdəki yüksəlişi və teatrın forpostuna çıxmasında o vaxtlar teatra yeni gəlmiş Bəhram Osmanovun rejissor görümünün də əvəzsiz rolu oldu. Gənc rejissorla təcrübəli aktyorun əməkdaşlığı tutdu və bu, səhnəmizə Lir, Edip, Muxtarov və s. kimi bir-birindən maraqlı, möhtəşəm obrazlar qalereyası verdi.

Mən Kamal Xudaverdiyevin bu obrazları haqqında əvvəlki rollarından fərqli olaraq qəzetlərdən, kitablardan oxumamış və ya bu rolları ekrandan, efirdən izləməmişəm, onalrın birbaşa, canlı səhnə təcəssümünü görmüşəm. Özü də bu tamaşalara bir dəfə, iki dəfə yox, dönə-dönə baxmaq şərtilə. Əgər indi də “Kral Lir” və ya “Çar Edip” tamaşalarının afişalarını görsəydim, yəqin ki, yenə də eyni ardıcıllıqla Milli Teatrı ziyarət edərdim. Ona görə ki, bu tamaşalar antik və klassik faciə ehtişamı ilə süslənmişdi!

Ona görə ki, bu tamaşalara sənətini sevdiyim, orijinal düşüncəli bir rejissor quruluş vermişdi! Və, əlbəttə, ona görə ki, bu tamaşalarda baş rolun ifaçısının – Kamal Xudaverdiyevin oyununda heyrətamiz səmimiyyətdən doğan sarsıdıcı təsir gücü, inandırıcılıq keyfiyyəti var idi! O bu obrazlarla səhnəmizdə Hüseyn Ərəblinski, Abbasmirzə Şərifzadə, Ələsgər Ələkbərov sənətinə məxsus faciə əzəmətini canlandıran aktyor olduğunu sübut elədi. Və milli teatr tarximizə XX əsrin sonuncu tragiki kimi daxil oldu! Təkcə Lir və Edip obrazları kifayətdir ki, Kamal müəllimin adı Azərbaycan teatrı tarixinə qızıl hərflərlə yazılsın.

Qaranlıq, ümidsiz 90-cı illərdə səhnələşdirilən bu tamaşalardan tamaşaçı öz evinə bir ovuc ümid, bir zərrə işıqla qayıdırdı! Bu Şekspirin, Sofoklun əsrləri, minlləri yarıb keçən dühasının işığıydı. Bu, Bəhram Osmanovun düşüncəsindən, Kamal Xudaverdiyevin ürəyindən düşən işıq idi! Bu işığı tutub Kamal müəllimn yanına getdim, ondan müsahibə aldım. Müsahibə də bir bəhanə idi, həmişə efirdən eşitdiym, səhnədən gördüyüm aktyorla birbaşa ünsiyyət qurmaq, şəxsən tanış olmaq istəyirdim. Tanıdım və daha çox sevdim. Sadəliyinə, təvazökarlığına, səmimiyyətinə görə...

Epiloq

Görünür ki, söhbətimiz onu da qane etmişdi. Elə olmasaydı, üstündən illər keçəndən sonra təsadüfən küçədə rastlaşanda “Bir aydan sonra ad günümdür, vaxt elə gəl teatra, bir yaxşı söhbət edək” deməzdi. Həmişəkindən daha kədərli və daha ciddi görünürdü. Və mən bunu son vaxtlar onun səhhətində yaranan problemlərə yozdum. Üstündən iki-üz həftə keçməmiş teleekrandan görkəmli aktyoun dünyasını dəyişməsi xəbərini eşitdim. Və Kamal müəllimlə son söhbətimiz küçədə ayaqüstü elədiyimiz bir neçə dəqiqəlik görüş oldu.

Mən ruhun əbədiyyətinə və insanın ölməzliyinə inanıram. Bilirəm ki, əbədiyyət dünyasının sakinləri bizi bizdən daha yaxşı görür və tanıyırlar. Və əgər bu yazı Kamal müəllimin arzusunda olduğu, amma eləyə o söhbətimizin yerini verə bilsəydi, nə vardı ki!

Aprelin 23-dən Kamal Xudaverdiyevin vəfatından bir neçə gün keçir. Mayın 3-nə - Kamal Xudaverdiyevin doğumuna bir neçə gün qalır. Çünki əsil istedadlar və və əsil sənətkarlar səməndər quşu kimidirlər – öldükləri andanca yenidən doğulurlar.


Teqlər:  





Xəbər lenti