Ağdərədə 4 kütləvi və 2 fərdi məzarlıq aşkar edilib

   Ağdərədə 4 kütləvi və 2 fərdi məzarlıq aşkar edilib
  03 Oktyabr 2024    Oxunub:1177
“İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusundakı beynəlxalq konfransın iştirakçıları Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə birgə Ağdərə rayonunun Sırxavənd kəndində aşkarlanmış kütləvi məzarlığa baxış keçiriblər.
Kütləvi məzarlıqda Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid meyit qalıqları aşkar edilib. Qonaqlara məlumat verilib ki, bir ay ərzində burada 6 nöqtədə qazıntı işləri aparılıb və insan sümüklərinin qalıqları aşkarlanıb. Ərazidə digər insan qalıqlarının olması da ehtimal edilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) işçi qrupun üzvü Zaur İsmayılov jurnalistlərə açıqlamasında deyib: “Birinci Qarabağ müharibəsi dövründə Ağdərə rayonu ərazisində qızğın döyüşlər gedib. Həmin döyüşlərdə xeyli hərbçimiz həlak olub. Həlak olan hərbçilərin əksəriyyətinin cəsədlərini döyüş meydanından çıxarmaq mümkün olmayıb.

Onlar itkin kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Şahidlərin ifadələrinə əsasən, burada içərisində beş hərbçi və bir tibb bacısının olduğu hərbi yük avtomobili vurulub. Həmin yerdə də bu qalıqlar aşkarlanıb. Ehtimal olunur ki, qalıqlar həmin adamlara məxsusdur. Burada hərbi avtomobilin qalıqları da aşkarlanıb. Bu ərazidə ümumilikdə 4 kütləvi və 2 fərdi məzarlıq aşkar edilib”.

Qonaqlar, həmçinin ərazidən tapılan minaların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini izləyiblər. Qeyd edək ki, oktyabrın 2-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda növbəti beynəlxalq konfrans təşkil olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti