Türkiyənin TRT kanalı Azərbaycan peykinə maraq göstərir

Türkiyənin TRT kanalı Azərbaycan peykinə maraq göstərir
  30 Aprel 2013    Oxunub:1330
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazir Əli Abbasov Türkiyənin TRT (Türkiye Radyo Televizyon Kurumu) teleradioşirkətinin baş direktoru İbrahim Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin radio-televiziya yayımları istiqaməti üzrə fəaliyyətindən, o cümlədən bu sahədə yeni rəqəmli texnologiyaların tətbiqi ilə bağlı görülən tədbirlərdən söz aşan nazir TRT-nin Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib.

Radio-TV yayım xidmətlərinin keyfiyyətinin yüksəldilməsində peyklərin roluna toxunan Əli Abbasov Azərbaycanın Azerspace-1- ilk telekommunikasiya peykinin əhatə zonasına Avropa, Mərkəzi Asiya və Afrika ölkələrinin daxil olduğunu, milli peykimizin səs, verilənlər, internet, TV və radio yayım xidmətləri göstərəcəyini, eyni zamanda TRT-nin də bu imkanlardan yararlana biləcəyini vurğulayıb.

Azərbaycanı ilk milli peykini orbitə çıxarması münasibətilə təbrik edərək, peykə malik olmağı hər bir ölkənin sosial-iqtisadi inkişafını sürətləndirən amil kimi dəyərləndirən İbrahim Şahin TRT-nin də Azerspace-1-in xidmətlərindən istifadəyə maraq göstərdiyini deyib.

Türkiyə teleradioşirkətinin 15 televiziya kanalı olduğunu deyən baş direktor ilkin mərhələdə quruma məxsus 3-4 telekanalın yayımının təşkilinin Azerspace-1 üzərinə keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb.

Görüşdə həmçinin genişzolaqlı internet xidmətlərinin yaratdığı geniş imkanlar, ciddi rəqabət mühitində radio-televiziya və internet televiziyaya maraq, eyni zamanda radio-TV yayım üzrə peşəkar kadr hazırlığı, bu sahədə təcrübə mübadiləsi, internet üzərindən aparılan təhsil və yeni fürsətlər ətrafında da müzakirələr aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti