Elmar Məmmədyarov hindistanlı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov hindistanlı həmkarı ilə görüşüb
  03 May 2013    Oxunub:1348
Xarici işlər naziri Elmar Məmmədyarov Hindistana səfəri çərçivəsində Hindistanın xarici işlər naziri Salman Xurşid ilə görüşüb.

Hindistan xarici işlər naziri azərbaycanlı həmkarını salamlamış və Hindistana rəsmi səfər etdiyi üçün təşəkkür etmişdir. Səfərin ikitərəfli münasibətlərin gələcək inkişafına töhfə verəcəyini qeyd edərək, Hindistanın Azərbaycanla hərtərəfli əməkdaşlığa önəm verdiyini nəzərə çatdırıb. Salman Xurşid bildirib ki, dinamik iqtisadi inkişafa nail olaraq, beynəlxalq arenada nüfuzunu artıran Azərbaycan Asiya üçün də əhəmiyyətli dövlətdir. O, Azərbaycanı Asiyanın Qərbə açılan qapısı kimi gördüklərini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səmimi qəbula görə təşəkkür etmiş və Azərbaycanın Hindistanla ticarət, enerji, informasiya texnologiyaları və hava nəqliyyatı sahələrində əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. İkitərəfli müqavilə-hüquq bazasını genişləndirməyə ehtiyac olduğunu bildirən nazir, bunun ikitərəfli əməkdaşlığa töhfə verəcəyini qeyd etmişdir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi barədə qarşı tərəfə məlumat verən Elmar Məmmədyarov, Ermənistanın öz işğalçı siyasətini davam etdirdiyini, BMT Təhlüksəzilik Şurasının müvafiq qətnamələrinin tələblərinə əməl etmədiyini və işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çıxarmadığını vurğulayıb.

Görüşdə, həmçinin, beynəlxalq gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparılmış və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşün sonunda Azərbaycan Respublikası və Hindistan Respublikası Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzalanıb.


Teqlər:  





Xəbər lenti