Qərb Ukraynanın bölünməsinə razıdır - TƏHLİL

Qərb Ukraynanın bölünməsinə razıdır - TƏHLİL
  10 Fevral 2015    Oxunub:5709
Keçən həftə Moskvada baş tutan və Ukraynadakı münaqişənin tənzimlənməsi üçün son ümid yeri kimi baxılan Putin-Olland-Merkel görüşünün nəticələri barədə heç bir açıqlama verilmədi. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Peskov liderlərin beş saatlıq görüşündən sonra yalnız onu bildirdi ki, danışıqlar “konstruktiv və məzmunlu” keçib. Xatırladaq ki, Putinlə görüşdən əvvəl Fransa və Almaniya liderləri Kiyevdə olmuş və Ukrayna prezidenti Poroşenko lə danışıqlar aparmışdılar.

Görüşlərin nəticələri barədə heç bir açıqlamanın verilməməsi danışıqların uğursuzluqla nəticələndiyindən xəbər vermir. Ən azı ona görə ki, münaqişə ilə bağlı “normand formatı”nda, yəni, Almaniya, Fransa, Rusiya və Ukrayna liderlərinin iştirakıyla həftə sonunda telefon danışıqlarının aparılması və Minskdə növbəti görüşün keçirilməsi planlaşdırılıb. Odur ki, danışıqların hələ ki davam edəcəyini əminliklə söyləmək olar.

Danışıqların məzmunu və nəticələri ilə bağlı müxtəlif ehtimallar irəli sürmək olar. Şübhəsiz ki, həm Ukrayna, həm də Avropa Donbas və Luqanskdakı Rusiyanın dəstəklədiyi separatçıların son vaxtlar irəliləməsindən narahatdırlar. Avropalıların əsas məqsədi separatçıların irəliləməsini dayandırmaq və münaqişənin hazırki vəziyyətdə qalaraq atəşkəsə nail olmaqdır. Başqa sözlə desək, Qərb müharibənin dayanması müqabilində Donbas və Luqansk əyalətlərinin Rusiyaya verilməsinə razıdır.

Hələ Kiyev görüşü ərəfəsində belə bir məlumat yayıldı ki, Kiyev bu əyalətlərə ən yüksək muxtariyyətin verilməsinə razıdır. Hətta bəzi məlumatlarda qeyd edilirdi ki, Avropa liderləri münaqişə zonasına beynəlxalq sülhməramlı kontingentin yerləşdirilməsini Putinə təklif edəcəklər. Sülhməramlıların yerləşdirilməsi o deməkdir ki, Rusiya ilə Avropanın nüfuz dairəsinin sərhəddi müəyyən ediləcək və xəyali sərhəd çəkiləcək. Təbii ki, Poroşenko bu planla razı deyil və ölkəsinin ərazi bütövlüyünün pozulması və sülhməramlıların yerləşdirilməsi ilə razılaşa bilməz.

Ukrayna rəhbəri keçən həftə verdiyi bəyanatda ölkəsinə hər hansı sülhməramlıların yerləşdirilməsinə etiraz etdiyini bildirib və əsas tələblərinin rus qoşunlarının Ukrayna ərazisindən çıxarılması olduğunu deyib. Poroşenkonun bu bəyanatı bir tərəfdən ölkə ictimai rəyinin bu məsələyə hazırlanması xarakteri daşıyırsa, digər tərəfdən Qərbə mesaj kimi də qiymətləndirilə bilər. Yəni “Biz söz verdiyimiz kimi siz tərəfə keçdik, indi isə siz söz verdiyiniz kimi rusları burdan qovun”. Ümumiyyətlə, danışıqların gizli aparılmasınin əsas məqsədi elə ictimai rəylə bağlıdır ki, Rusiya yaxud Ukraynanın qarşılıqlı kompromisləri üçün ölkədaxili ictimai rəy təsir göstərməsin.

Rusiyaya gəldikdə isə Qərb Putinin razılığını əldə etmək üçün uğurlu formul seçib. Putinlə danışıqlara Amerika ilə hər zaman fikirləri üst-üstə düşməyən imicini qazanmış Almaniya və Fransa liderləri yollanır. Avropalılar Kremldə belə bir fikir formalaşdırmağa çalışırlar ki, Almaniya və Fransanın Amerika ilə mövqeləri heç də eyni deyil və onlar öz maraqları və Avropa maraqları üçün danışıqlar aparır və məsələyə neytral mövqedən yanaşırlar. Almaniya kansleri Merkelin səfər öncəsi danışıqların əsas məqsədinin Avropa və öz ölkələrinin milli maraqları olduğunu bildirməsi buna xidmət edir. Ehtimal etmək olar ki, Putinlə danışıqlarda Avropa ilə Rusiyanın iqtisadi maraqları ön plana çəkiləcək və yaranmış vəziyyətdən Amerikanın deyil, onların əziyyət çəkdiyi bildiriləcək.

Rusiyaya təklif oluna bilər ki, Donbas və Luqanskla (həmçinin Krım) kifayətlənsin və Ukraynanın qalan hissəsinin Qərbin nəzarətinə keçməsiylə barışsın. Əvəzində isə, Rusiya qarşı tətbiq olunan sanksiyalar nisbətən yumşaldılsın, müəyyən dövrdən sonra isə tamamilə aradan qaldırılsın. İlkin mərhələdə Poroşenkonun da vaxt udmaq üçün buna razılıq verəcəyini gözləmək olar. Çünki, Kiyev üçün hazırki məqamda iqtisadiyyatını bərpa etmək üçün müəyyən vaxta ehtiyacı var.

Avropalılar hər nə qədər Amerika ilə həmfikir olmadıqlarını bildirsələr də, Putini Vaşinqtonla hədələməyi də unutmurlar. Amerika tərəfi rəsmi olaraq bəyan edib ki, Ukrayna ordusuna hərbi yardım göstərməyə hazırdır və hərbi yardımın göstərilməsi danışıqların nəticəsindən asılı olacaq. Merkel danışıqların yekunları ilə bağlı məlumat vermək üçün artıq Vaşinqtona yollanıb. Başqa sözlə desək, Putinə sülh planı ilə razılaşmaq təklif olunur, əks halda isə Ukrayna ərazisində Amerika ilə müharibə etməli olacağı bildirilir.

Tofiq Əsgərov
AzVision.az üçün




Teqlər:





Xəbər lenti