“Azərsu”nun layihəsi qalib gəldi

“Azərsu”nun layihəsi qalib gəldi
  20 May 2013    Oxunub:1636
AzərsuCİS layihəsi “Su resurslarının idarəedilməsi” nominasiyası üzrə ən yaxşı layihə elan edilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi “Yeraltı infrastrukturun idarə olunması -AzersuCİS” layihəsi daha bir beynəlxalq tədbirdə uğur qazanıb. AzVision.az xəbər verir ki, AzersuCİS layihəsi 13-16 may 2013-cü il tarixdə Niderland Krallığının Rotterdam şəhərində keçirilən Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunda “Su resurslarının idarəedilməsi” nominasiyası üzrə 1-ci yeri tutaraq ən yüksək mükafata (Geospatial World Application Excellence-2013) layiq görülüb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Forumda coğrafi informasiya sistemlərini tətbiq edən 80-dən çox ölkənin layihəsinin təqdimatı olub.

“Azərsu” ASC-nin İnformasiya və kommunikasiya texnologiyaları departamentinin rəisi Samir Qənili “Yeraltı infrastrukturun idarə olunması -AzərsuCİS” layihəsini təqdim edərək bildirib ki, bu layihə Azərbaycanda içməli su və çirkab suları, həmçinin yağış suları infrastrukturlarının coğrafi inventarlarını, şəbəkə analizləri ilə modelləşdirmə işlərini özündə birləşdirən coğrafi informasiya sistemidir.

Yaradılacaq sistemin köməyi ilə layihələndirmə işləri, su təchizatı və kanalizasiya sistemlərinin mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək, şəbəkələrdə baş verən qəzalar dərhal sistemdə qeydiyyata alınacaq. Eyni zamanda içməli su, çirkab suları, eləcə də yağış suları infrastrukturunu vahid mərkəzdən idarə etmək, tikinti və istismar sahələrində idarəetmə fəaliyyətini həyata keçirmək mümkün olacaq.

Layihələrin təqdimatı yekunlaşdıqdan sonra münsiflər heyəti tərəfindən qiymətləndirmə aparılıb. Qiymətləndirmə zamanı layihələrin dizaynı, əhatə etdiyi ərazi, tətbiq olunacaq yeniliklər, layihələrin faydası və digər meyarlar əsas götürülüb. Forum iştirakçıları və münsiflər heyəti tərəfindən böyük maraqla qarşılanan AzərsuCİS layihəsi “Su resurslarının idarəedilməsi” nominasiyası üzrə ən yaxşı layihə elan edilib və yüksək mükafata layiq görülüb.

“Yeraltı infrastrukturun idarə olunması -AzersuCİS” layihəsinə uyğun olaraq içməli su, çirkab su və yağış suları üzrə həm yeraltı, həm də yerüstü infrastrukturların elektron xəritələri yaradılacaq, hər bir bina üzrə nömrələnmə aparılacaq. Eyni zamanda yeraltı infrastrukturun idarə olunması üzrə işlərin daha operativ həyata keçirilməsinə imkan verəcək. Bununla da içməli suyun mənbədən istehlakçıya qədər, eləcə də yağış və çirkab suların axıdılmasının bütün mərhələlərinə dəqiqliklə nəzarət etmək mümkün olacaq.

Qeyd edəki, AzersuCİS layihəsi 13-14 noyabr 2012-ci il tarixlərində Niderland Krallığının Amsterdam şəhərində keçirilən Bentley Beynəlxalq Layihə Müsabiqəsində 270 layihə arasında “İçməli su, çirkab su və yağış sularının idarə olunmasında yeniliklər” nominasiyası üzrə birinci yeri tutub. 2012-ci ildə AzersuCİS “İlin mühəndislik layihəsi” adına layiq görülüb.


Teqlər:  





Xəbər lenti