“Sən də kişisən? 6 maşının var, amma 1 uşaq böyüdürsən” – MÜSAHİBƏ

“Sən də kişisən? 6 maşının var, amma 1 uşaq böyüdürsən” – MÜSAHİBƏ
  23 May 2013    Oxunub:1430
Prezident “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliyi təsdiq edib.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadi Rəcəblinin AzVision.az-a müsahibəsi:

- Valideyn himayəsindən məhrum olan uşaqların təhsil haqlarından azad edilməsi məsələsi nə yerdədir?

- Uzun müddətdir ki, bu məsələ müzakirə olunurdu. Maliyyə tutumlu olduğu üçün buna heç kim getmirdi. Nəhayət Milli Məclisdə bu təsdiq olundu və cənab Prezidenti artıq bu qanuna imza atıb. Beləliklə, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olan uşaqların əgər ali təhsil müəssisəsinə daxil olarsa, təhsil haqları büdcə hesabına ödəniləcək. İlk dəfə olaraq bu, həm dövlət müəssisələrinə aid oldu, həm də özəl müəssisələrə. Əvvəl isə ancaq dövlət müssəsisəsində olurdu.

İkinci ən maraqlı məsələ odur ki, bu gün uşaq evlərində təxminən bizdə olan məlumata görə, 360 belə uşaq var. Amma bu qanun tətbiq olunandan sonra nə olacaq? Əgər uşağın atası rəhmətə gedib və anası ikinci qrup əlildirsə, o da qanunun əhatə dairəsinə düşür. Onların əksəriyyəti uşaq evində deyil, öz evlərindədir. Deməli, bu rəqəm 360 yox, 2000 olacaq. Daha sonra, əvvəllər uşaqlar pullu təhsili yazmırdılar, çünki pulu ödəyə bilmirdilər, amma indi pullu yazsalar da, pulsuz təhsil ala biləcəklər. Beləliklə, bizim bu qrupa düşənlərin sayı artacaq və əhatə edəcəyimiz uşaqların sayı 3000-ə yaxınlaşa bilər. Bu da əhalinin sosial cəhətdən az qorunan böyük bir hissəsini əhatə edəcək.

- Bəs bəzi saxtakarlıqların qarşısını almaq üçün hansı mexanizmlərdən istifadə olunacaq?

- Saxtakarlıq hər bir işdə ola bilər. Niyə bu səbəblərə görə uşaqları bundan məhrum edək? Ona görə də məsuliyyət hissi var. İnzibati Xətalar Məcəlləsi var. Amma bütün hallarda bu, çox yaxşı bir addım oldu. Prezidentimiz çox yaxşı bir addım atdı, az qorunan bir hissəni müdafiə etdi, sağ olsun. Bu qanundan 2013/2014-cü yeni tədris ilində şagirdlər istifadə edə biləcəklər. Bu, çox böyük bir məsələdir. Qanun imzalandığı vaxtdan qüvvəyə minəcək. Və bunun çox böyük effekti olacaq.

- Hadi müəllim, çoxuşaqlı ailələrə güzəşt məsələsi barədə də söhbət gedirdi. Bu məsələ hazırda nə yerdədir?

- Elə qanun layihəsi bizdə yoxdur. Belə bir ideya yoxdur. Amma bunu müzakirəyə ehtiyacı var. Gəlin baxaq görək, hansı ölkələrdə belə qanun layihəsinə ehtiyac var? O ölkələrdə ki, əhalinin artımı yoxdur. Məsələn, Rusiyada, Avropada və s. əhalinin artımı yoxdur. Ancaq bizdə əhali ildə 130 min artır. Başa düşməyən deyir ki, gəlin, çoxuşaqlı ailələrlə bağlı qanun qəbul edək. Kimdə olacaq axı çox uşaq? Qanun qəbul olunsa, ancaq kasıb adamlarda çox uşaq olacaq. Bir misal çəkim sizə. Lənkəranda bir kəndə getmişdim, orada populist çıxış elədim, dedim ki, Ordu üçün əsgər hazırlamalıyıq, uşaqlarımız çox olmalıdır. Bir nəfər qalxıb dedi ki, “ay Hadi müəllim, qonşumuzda bir Həsənqulu kişi var, özü də dəlidir, arvadı da. 14 uşağı var, bizə o cür uşaq lazım deyil”. O, düz deyir.

Biz əslində nə etməliyik? Azərbaycanda nikaha girənlərin 10%-nin usağı olmur. 90 min cütlük nikaha girirsə, 9 mininin usağı olmur.
İkincisi, uşaq ölümlərini azaltmağa çalışmalıyıq. 3 yaşına qədər uşaqların içərisində ölüm halları olur.

Üçüncüsü, pullu kişilərin niyə çox uşaqları olmur? 6 it saxlayırlar, nə üçün? Gəlin onlara irad tutaq, deyək ki, “sən də kişisən? 6 maşının var, amma 1 uşaq böyüdürsən”. Qoy, pulluların usağı çox olsun. Çünki, onlar yaxşı təhsil verə, sağlam uşaq böyüdə bilirlər.
Amma bütün hallarda uşaqların sosial müdafiəsi olmalıdır, onlara qayğı olmalıdır.

- Uşaqların cinsinin müəyyənləşdirilməsi məsələsi və abort hər zaman müzakirələrə səbəb olur…

- Bizdə abort qadağandır. Uşağın cinsi müəyyənləşəndən sonra onun abortu da qadağan edilir. Ancaq hansısa xəstəlik hallarında aborta icazə verilir. Onu kim abort edirsə, mütləq cəzalanmalıdır. Ancaq çox vaxt həkimlər uşağın ayını düzgün yazmırlar. Bu gün səhiyyə ilə bağlı orqanlar var, onlar bu məsələlərlə məşğul olmalıdırlar. Dünyanın bir çox ölkəsində ultrasəs müayinəsi də qadağandır. “Uzi”nin hesabına demoqrafik disbalans yaranır. Bir qadına 2 kişi düşür. Amma bizdə belə deyil. Təbii balans elədir 51 faiz oğlan, 49 faiz qız doğulur. 18 yaşında isə balans düzəlir və 70 yaşdan sonra qadın çox olur, kişi az. Bu da bir qanunauyğunluqdur. Bu balansı pozanda təbiət bizi cəzalandırır. Bizi biseksualizm, cins nikahları ilə cəzalandırır. Avropada niyə belə hallar baş verir? Çünki o balans pozulur, uşaqlar az doğulur. Qadınlar kişiləşir, kişilər qadın olur.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti