İlham Əliyev: `ABŞ hər zaman Azərbaycanın yanında olub`

İlham Əliyev: `ABŞ hər zaman Azərbaycanın yanında olub`
  30 May 2013    Oxunub:1170
“Azərbaycan-ABŞ münasibətlərinin böyük tarixi var. Müstəqilliyimizin ilk günlərindən biz xüsusi əməkdaşlıq qurmuşuq. O da nəticədə strateji tərəfdaşlığa çevrilib”.
Bu sözləri Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunda prezident İlham Əliyev deyib.


Dövlət başçısı bildirib ki, siyasi təmaslarımız və dialoq çox yüksək səviyyədədir: “Biz enerji təhlükəsizliyi məsələsində yaxından əməkdaşlıq edirik, iqtisadi şaxələndirmə, siyasi islahatlar, regional əhəmiyyətli məsələləri də müzakirə edirik. Regional təhlükəsizlik və əməkdaşlıq mühüm məsələlərdir.
Təhlükəsizlik hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Çox şadam ki, biz artıq bu sahədə yeni mərhələyə qədəm qoyuruq. Biz qlobal təhlükəsizlik məsələlərində bir arada çalışırıq. Bizim hərbçilərimiz dünyanın müxtəlif yerlərində sülhməramlı əməliyyatlarda iştirak edirlər, Əfqanıstanda bir arada xidmət edirlər. Azərbaycan Əfqanıstana yönəlmiş yüklərin 40 faizinin nəqlini təmin edir və bizim marşrut ən sabit marşrut hesab oluna bilər.
Bizim NATO ilə əməkdaşlığımız da ikitərəfli münasibətlərimiz aspektindən qiymətləndirilməlidir və çox şadam ki, gündən-günə bu münasibətlər güclənir. Azərbaycan bu regionda etibarlı tərəfdaşdır. Biz bunu sadəcə bəyanatlarda deyil, real əməllərimizlə sübut edirik. Bu, bizim əməkdaşlığımız üçün müstəsna əhəmiyyət kəsb edir.
Regional təhlükəsizlik məsələləri hər zaman diqqət mərkəzində olacaq. Terrorizmlə mübarizə məsələsi mühüm bir mövzudur və Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində bu məsələyə xüsusi əhəmiyyət verir. Beynəlxalq terrorçuluqla mübarizə bu sahədə səylərin birləşdirilməsi istiqamətində öz töhfəsini verir və burada vətəndaşlarımızın sülh şəraitində yaşamasına xidmət edir”.

ABŞ-ın Qarabağ nizamlanmasında oynadığı rola toxunan prezident deyib ki, biz ABŞ-ın ən yüksək rəhbərliyi səviyyəsində status-kvonun qəbuledilməzliyi ilə bağlı bəyanatı alqışlayırıq: “Bu, tam olaraq bizim mövqeyimizlə üst-üstə düşür və günün tələbidir. Çünki Dağlıq Qarabağ münaqişəsi təkcə böyük zorakılığın və beynəlxalq hüququn tapdalanmasının təzahürü deyil, bu, eyni zamanda regional təhlükəsizliyə və sabitliyə ən böyük təhdiddir”.

Prezident bidirib ki, münasibətlərin digər bir mühüm sahəsi enerji təhlükəsizliyidir: “Bu sahədə biz ABŞ ilə 1994-cü ildən etibarən çox sıx əməkdaşlıq edirik. O zamanlar bizim müxtəlif layihələrdə ABŞ çox fəal iştirak etmişdir. Bildiyiniz kimi, Xəzər dənizi ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasında Azərbaycan ilk, mən deyərdim, pioner bir ölkə olub və 1993-2003-cü illər ərzində bütün proseslərdə ABŞ yaxından iştirak edib. Çünki ABŞ administrasiyası və ABŞ-ın müvafiq güclü dəstəyi olmasaydı, biz uğur qazana bilməzdik. Biz çox güclü dəstəyin şahidi olduq və ABŞ-Azərbaycan tərəfdaşlığı da bu mühüm strateji layihələrin icrasını təmin etdi”.

Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan-ABŞ münasibətləri bu gün də 1990-cı illərin ortalarında olduğu kimi, eyni dərəcədə əhəmiyyətlidir. “ABŞ hər zaman Azərbaycanın yanında olub. İslahatların həyata keçirilməsi, regional təhlükəsizliyin gücləndirilməsi məsələsində də bizim yaxın tərəfdaşımız olub. Bu Forum zənnimcə, onun ən bariz nümunəsidir”,- deyə Prezident əlavə edib.


Teqlər:  





Xəbər lenti