İlham Əliyev: “Təəssüflər olsun ki,...”

İlham Əliyev:  “Təəssüflər olsun ki,...”
  30 May 2013    Oxunub:922
“Beynəlxalq hüquq normaları bu münaqişənin həlli məsələsində işləmir”.
Bakıda, Heydər Əliyev Mərkəzində “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizi altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib.

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, forumun keçirilməsi 2008-ci ildə başlanmış Bakı prosesinin davamıdır: “Bakı coğrafi körpü rolunu oynamaqla yanaşı, mədəniyyətlərarası körpü rolunu da oynamaqdadır. Artıq Bakı prosesi inkişaf edir”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan əsrlər boyu burada yaşayan və müxtəlif dinlərə inanan bütün millətlər üçün vətən olub: “Azərbaycanın uğurlu inkişafında bu amilin rolu böyükdür. Biz istəyirik ki, xoşagəlməz halların qarşısı alınsın. Əfsuslar olsun ki, buna nail ola bilmirik. Dünyanın müxtəlif yerlərində dini və mili zəmində qarşıdurmalar baş verir”.

Azərbaycanın əsrlər boyu tolerantlıq nümunəsi olduğunu deyən prezident İlham Əliyev müstəqillik dövründə nəinki bu müsbət meyllərin qorunub saxlandığını, hətta genişləndirildiyini bildirib: «Xalqlararası, millətlərarası dialoq bu meylləri gücləndirir. Ölkələrin siyasi, iqtisadi maraqları var. Ölkələrarası münasibətləri gücləndirmək üçün xalqlararası münasibətlər də qurulmalıdır. Bu dünyada hər bir xalq, millət üçün yer var. Təki sülh olsun, əməkdaşlıq olsun. Bizim regional münasibətlərlə bağlı addımlarımız əməkdaşlığa yönəlib».

Azərbaycanın müsəlman aləminin bir parçası olduğunu deyən prezident eyni zamanda XIX əsrdən başlayaraq Azərbaycana Avropa təsirinin də özünü göstərdiyini vurğulayıb.

Dövlət başçısı Azərbaycanın İslam Əməkdaşlığı Təşkilatında mühüm rol oynadığını, bununla yanaşı, keçən il Avropanın ən mötəbər musiqi yarışmasının Bakıda keçirildiyini, 2015-ci ildə isə birinci Avropa Olimpiya Yarışlarının Bakıda keçiriləcəyini bildirib: «Son zamanlar multikulturalizmlə bağlı müxtəlif ziddiyyətli fikirlər səslənir, bədbin bəyanatlar verilir. Bəzi siyasi bəyanatlar, media qurumları sivilizasiyalararası dialoqa deyil, onun əleyhinə xidmət edir. Azərbaycanda multikulturalizm əsrlər boyu olub. Azərbaycan multikulturalizmin ünvanlarından biridir. Dünyanın istənilən yerində bu meyl güclənə bilər. Təki siyasi iradə olsun».

Prezident Ermənistanın yürütdüyü işğalçılıq siyasətindən danışıb. Bildirib ki, işğal altındakı Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələri tərəfindən bütün abidələr, binalar, bütün infrastruktur dağıdılıb: “Beynəlxalq hüquq normaları bu münaqişənin həlli məsələsində işləmir. Ermənistan BMT TŞ-nin qətnamələrinə məhəl qoymur, işğal davam edir və beynəlxalq hüquq normaları kobud şəkildə pozulur. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Oradakı bütün toponimlər, abidələr Azərbaycana məxsusdur”.

Tədbirdə çıxış edən BMT Sivilizasiyalararası Alyansının katibi Nasir Əbdüləziz əl-Nasir BMT baş katibi Pan Gi Munun salamlarını çatdırıb.

Tədbirdə UNESCO-nun baş direktoru İrina Bokova, İSESCO-nun baş direktoru Əbdüləziz Osman ət-Tüveycri çıxış ediblər.

Bu gün və sabah davam edəcək Forumun plenar sessiyalarında müxtəlif məsələlər müzakirə olunacaq. Tədbir çərçivəsində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının «İnkişaf etməkdə olan Liderlər» proqramının 1-ci Məzunlar Sammiti, Ümumdünya Forumunun 1-ci Nazirlər Görüşü, «Sülh Təsvir Edək» adlı UNESCO sərgisi də keçiriləcək. (apa)




Teqlər:  





Xəbər lenti