Yol qəzasında ölənlərin sayı açıqlandı

Yol qəzasında ölənlərin sayı açıqlandı
  30 May 2013    Oxunub:1141
Son 4 ay ərzində paytaxtda yeraltı və yerüstü keçiddən istifadə etmədiyinə görə 37256 nəfər cərimələnib.
Mayın 30-da Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşəbbüsü və təşkilatçılığı ilə “Yol hərəkət qaydalarını bilmək və onlara riayət etmək hər birimizin borcudur” mövzusunda tədbir keçirilib. Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhslükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov və universitetin tələbələri iştirak edib.

Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev çıxış edərək tədbirin əhəmiyyəti haqqında danışıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev çıxışında yol nəqliyyat hadisələri və hadisələr zamanı dünyasını dəyişən şəxslərin sayı barədə məlumat verib. Bu ilin son 4 ayında 904 yol qəzasının qeydə alındığını deyən K.Əliyev bu qəzalarda 339 nəfərin öldüyünü və 983 nəfərin yaralandığını qeyd edib. O, bildirdi ki, bu qəzalardan 358-i piyadaların vurulması ilə bağlıdır. K.Əliyev vurğulayıb ki, piyadaların virilması ilə bağlı qəzalarda isə 122 nəfər ölüb, 236 nəfər xəsarət alıb. Şöbə rəisi tələbələri yol hərəkəti qaydalarına riayət etməyə çağırıb. K.Əliyev tələbələrə yol hərəkəti iştirakçılarının hüquq və vəzifələrindən, qaydalardan da söhbət açıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, son 4 ay ərzində paytaxtda yeraltı və yerüstü keçiddən istifadə etmədiyinə görə 37256 nəfər cərimələnib. Vaqif Əsədov deyib ki, istər avtomobil sürücüləri, istərsə də piyadalar yollarda diqqətli olmalıdır. Tədbirdə Bakı şəhərində təhlükəszilik kameraları tərəfindən qeydə alınan yol nəqliyyat hadisələri də nümayiş olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti